Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

9 May 2015 - №16

 

Onlar bizi I Avropa Oyunlarında təmsil edəcək

 

Təhsil Nazirliyi nəzdində fəaliyyət göstərən idman məktəblərindən I Avropa Oyunlarında iştirak edəcək idmançılar 

LALƏ YAŞAR QIZI HÜSEYNOVA 

1995-ci il aprelin 3-də Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının idman oyunları fakültəsində bakalavr səviyyəsi üzrə III kurs tələbəsidir. Akrobatika gimnastikası ilə məşğul olur. Təhsil Nazirliyi "Təhsil" Respublika İdman Mərkəzinin İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Gimnastika Məktəbinin yetirməsidir. Məktəbdə məşqçi İradə Qurbanovanın rəhbərliyi altında idmanın bu növünün sirlərinə yiyələnir. Respublika və beynəlxalq  səviyyəli müxtəlif yarışlarda iştirak edir. Akrobatika gimnastikası üzrə respublika çempionudur. Belarusun paytaxtı Minsk şəhərində keçirilən beynəlxalq turnirdə III yeri tutub.

I Avropa Oyunlarında İOEUG Gimnastika Məktəbini təmsil edərək akrobatika gimnastikası üzrə mübarizə aparacaq.


DÜRSƏDƏF MUXTAR QIZI KƏRİMOVA 

1985-ci il avqustun 22-də Bakı şəhərində anadan olub. Bakıdakı 115 nömrəli tam orta məktəbi 2000-ci ildə başa vurub. 2007-ci ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasını bitirib. 2013-cü ildə həmin akademiyanın magistraturasına qəbul olunub. Hazırda təhsilini davam etdirir.

İdmanın cüdo növü ilə məşğul olur. Bu növ üzrə keçirilən müxtəlif beynəlxalq yarışların qalibidir. Belə ki, 2008-ci ildə İtaliyada təşkil olunmuş "Super A" beynəlxalq turnirində I yeri tutub. 2012-ci ildə Bakı şəhərində keçirilən ümummilli lider Heydər Əliyev adına "Qran Pri" beynəlxalq turnirində I yerə layiq görülüb.

Məşqçisi Ələkbər Əliavsarovdur. Dürsədəf Kərimova 2014-cü il noyabrın 1-dən Bakı şəhər 11 nömrəli Uşaq-Gənclər  İdman Məktəbində məşqçi-müəllim işləyir.

I Avropa Oyunlarında sambo idman növündə çıxış edəcək.


AYNUR RAUF QIZI HÜSEYNOVA 

1994-cü il yanvarın 27-də Bakı şəhərində anadan olub. Bakı Sosial Pedaqoji Kollecinin bədən tərbiyəsi şöbəsində təhsil alır. III kurs tələbəsidir. İdmanın akrobatika gimnastikası ilə məşğul olur. Təhsil Nazirliyinin İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Gimnastika Məktəbində məşqçi  İradə Qurbanovanın rəhbərliyi altında idmanın bu növü üzrə ustalığını artırır. Bir sıra respublika və beynəlxalq  turnirlərin iştirakçısıdır. Akrobatika gimnastikası üzrə respublika çempionatında qadın  qrupunda I yerə layiq görülüb. Minskdə keçirilən beynəlxalq turnirdə III yeri tutub. Avropa çempionatında qadın cütlüyü yarışlarında V olub.

 I Avropa Oyunlarında yetirməsi olduğu gimnastika məktəbini təmsil edəcək.


TOFİQ İLQAR OĞLU MƏMMƏDOV 

1990-cı il yanvarın 20-də anadan olub. 2006-cı ildə Bakı şəhər 84 nömrəli tam orta məktəbi bitirib.

Atletikanın yadro itələmə növü ilə məşğul olur. 2006-cı ildən "Təhsil" Respublika İdman Mərkəzinin 1 nömrəli Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbində  məşqçi Soltan Babayevin rəhbərliyi altında ustalığını artırır.  Atletikanın yadro itələmə növü üzrə 5-qat Azərbaycan çempionudur. Beynəlxalq  yarışlarda ən yaxşı nəticəsi 2013-cü ildə Slovakiyada keçirilən atletika üzrə Avropa kubokunda olub. Həmin yarışları VI yerdə başa vurub. 2012-2014-cü illərdə Qafqaz kubokunun qalibi olub.

I Avropa Oyunlarında yetirməsi olduğu 1 nömrəli RİOEUGİM-i təmsil etməklə yadro itələmə növündə yarışacaq.


RASİM SOLTAN OĞLU BABAYEV 

1990-cı il noyabrın 19-da Bakı şəhərində anadan olub. 2011-ci ildə Bakı şəhər 84 nömrəli tam orta məktəbi bitirib.

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının II kurs tələbəsidir.

2008-ci ildən "Təhsil" Respublika İdman Mərkəzinin  1 nömrəli Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbində məşqçi Albert Menyayevin rəhbərliyi altında atletikanın yadro itələmə növü ilə məşğul olur. Lövhə atmaq üzrə Azərbaycan çempionudur. Yeniyetmələr arasında yadro itələmə üzrə Azərbaycan rekordunun sahibidir. Beynəlxalq yarışlarda ilk dəfə ən yaxşı nəticəni 2011-ci ildə Türkiyənin Trabzon şəhərində keçirilən yeniyetmələrin Olimpiya Festivalında göstərib (XI yer). 2014-cü ildə komandalar arasında Avropa çempionatında VI yerə çıxıb. 2015-ci ildə Tunisdə keçirilən "Qran-pri" yarışının qalibi olub.

I Avropa Oyunlarında da qüvvəsini məşğul olduğu yadro  itələmə idman növündə sınayacaq.


FƏRHAD POLAD OĞLU İSMAYILOV

1974-cü il dekabrın 1-də Bakı şəhərində anadan olub. 1991-ci ildə Bakıdakı 87 nömrəli tam orta məktəbi bitirib.

1995-ci ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasını bitirib.

1994-cü ildə stolüstü tennis üzrə idman ustası normativini yerinə yetirib.

1997-ci ildə ilk dəfə Azərbaycan yığma komandasının tərkibində İngiltərədə stolüstü tennis üzrə dünya çempionatında iştirak edib. İranda, Türkiyədə, Rusiyada keçirilən beynəlxalq  turnirlərdə mükafatçılar siyahısında olub.

Dəfələrlə Azərbaycan çempionu olub və Azərbaycan kuboku yarışlarında qalib gələrək I yerə çıxıb. Dünya və Avropa çempionatlarında iştirak edib.

Hazırda "Təhsil" Respublika  İdman Mərkəzinin 1 nömrəli Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbində məşqçi-müəllim işləyir və Azərbaycan yığma komandasının gənclər üzrə məşqçi-müəllimidir

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov