Mayın
7-də Təhsil Nazirliyinin təşkilatçılığı ilə "ADA"
Universitetində Azərbaycan-Vyetnam Dostluq Forumu
keçirilib.
Forumdan öncə iştirakçılar Fəxri xiyabanda ümummilli
lider Heydər Əliyevin məzarını ziyarət edib, abidəsi
önünə əklil qoyublar. Sonra qonaqlar akademik Zərifə
xanım Əliyevanın məzarı önünə gül dəstələri düzüb,
həmçinin Şəhidlər xiyabanını da ziyarət ediblər.
Forumda 1970-80-ci illərdə Azərbaycanın ali təhsil
müəssisələrindən məzun olmuş Vyetnam vətəndaşları, Milli
Məclisin üzvləri, Təhsil Nazirliyinin əməkdaşları, ali
təhsil müəssisələrinin rəhbərləri, hazırda Azərbaycanda
təhsil alan vyetnamlı tələbələr və digər şəxslər iştirak
ediblər.
Tədbirin açılış mərasimində çıxış edən təhsil naziri
Mikayıl Cabbarov forumun keçirilməsi təşəbbüsünün 18-19
may 2014-cü il tarixlərində Vyetnama ilk rəsmi səfəri
çərçivəsində Azərbaycan ali təhsil müəssisələrinin
vyetnamlı məzunları ilə görüşü zamanı Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən
irəli sürüldüyünü bildirib. Nazir iki ölkə arasında
tarixi əlaqələrin olduğunu, XX əsrin ikinci yarısında
Vyetnam Prezidenti Ho Şi Minin Azərbaycana və
Azərbaycanın ümummilli lideri Heydər Əliyevin Vyetnama
səfərlərinin bu əlaqələrin güclənməsində müstəsna rol
oynadığını vurğulayıb.
Təhsil naziri bu günə qədər Azərbaycanda iki mindən
artıq Vyetnam vətəndaşının təhsil aldığını və onların
Vyetnamda siyasi, iqtisadi, hərbi, elm və təhsil
sahələrində məsul vəzifələrə layiq görülməsinin
Azərbaycanın ali təhsil sisteminin yüksək keyfiyyətli
kadr yetişdirmək iqtidarında olduğunun bariz nümunəsi
olduğunu qeyd edib.
Vyetnam Parlamentinin Xarici Əlaqələr Komitəsinin sədr
müavini Ngo Due Manh forumun açılış mərasimində çıxış
edərək Vyetnamın çətin vaxtlarında Azərbaycanın onlara
dəstək göstərdiyini, yüzlərlə vyetnamlının Azərbaycanın
aparıcı ali təhsil müəssisələrində təhsil alaraq
Vyetnamın inkişaf etdirilməsinə böyük töhfə verdiyini
bildirib. O, Azərbaycan Respublikası Prezidentinin
2014-cü ildə Vyetnama ilk rəsmi səfərinin ölkələrimiz
arasında mövcud əlaqələrin daha da genişlənməsində
xüsusi rol oynadığını qeyd edib. N.Due Manh bütün
Vyetnam nümayəndə heyətinin uzun illər sonra ikinci
doğma diyarları olan Azərbaycana səfər etməkdən böyük
sevinc hissi keçirdiyini və Azərbaycan Respublikasının
Prezidentinə bu forumun keçirilməsi təşəbbüsünə görə
minnətdarlığını ifadə edib.
Forum siyasi, parlamentlərarası, enerji və təhsil
sahələrində Azərbaycanla Vyetnam arasında münasibətlərin
cari vəziyyəti və gələcək əməkdaşlıq perspektivlərinə
həsr olunan sessiyalarla öz işini davam etdirib.
Qeyd edək ki, Vyetnam nümayəndə heyəti Bakıya səfəri
çərçivəsində mayın 6-da məzun olduqları Bakı Dövlət
Universiteti və Azərbaycan Dövlət Neft Akademiyasını
ziyarət edib, keçmiş müəllimləri ilə görüşlər keçirib.
www.edu.gov.az |