Ümummilli
lider
Heydər
Əliyevin
anadan
olmasının
92-ci
ildönümü
münasibətilə
təşkil
olunmuş
inşa
yazı
müsabiqəsinin
qalibləri
mükafatlandırıldı
Mayın
5-də "Gülüstan" sarayında ümummilli lider Heydər
Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə
təşkil olunmuş inşa yazı müsabiqəsi qaliblərinin
mükafatlandırılması mərasimi keçirilib.
Mərasim iştirakçıları əvvəlcə Fəxri xiyabanda ümummilli
lider Heydər Əliyevin məzarını ziyarət edib, abidəsi
önünə əklil və tər çiçəklər qoyublar. Sonra iştirakçılar
akademik Zərifə xanım Əliyevanın məzarı önünə gül
dəstələri düzüblər.
Artıq 9-cu ildir ümumtəhsil məktəblərinin VIII-XI sinif
və ilk peşə-ixtisas təhsili müəssisələrinin şagirdləri,
orta ixtisas təhsili məktəblərinin tələbələri arasında
təşkil olunan inşa yazı müsabiqəsi Təhsil Nazirliyi,
Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Heydər Əliyev
Fondu, Yeni Azərbaycan Partiyası, Azərbaycan Təhsil
İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi
tərəfindən keçirilir.
Qaliblərin mükafatlandırılması mərasimində baş nazirin
müavini, Yeni Azərbaycan Partiyasının sədr müavini Əli
Əhmədov, baş nazirin müavini Elçin Əfəndiyev, təhsil
naziri Mikayıl Cabbarov, rabitə və yüksək texnologiyalar
nazirinin müavini Elmir Vəlizadə, Heydər Əliyev Fondunun
nümayəndəsi İlqar Mustafayev, Azərbaycan Təhsil İşçiləri
Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri
Səttar Mehbalıyev, millət vəkilləri, təhsil
müəssisələrinin rəhbərləri, tanınmış ziyalılar,
müəllimlər və şagirdlər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan təhsil naziri Mikayıl
Cabbarov müsabiqənin şagird və tələbələrin ümummilli
liderimizlə bağlı fikir və duyğularının qələmə
alınmasında, onların yazı qabiliyyətinin formalaşmasında
mühüm rol oynadığını qeyd edib. Nazir ölkəmizin bütün
bölgələrini əhatə edən müsabiqənin ümummilli liderimizin
fəaliyyətinin müxtəlif sahələrini əhatə etdiyini
vurğulayıb.
Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının sədr
müavini Əli Əhmədov müsabiqənin əhəmiyyətini vurğulayıb.
Ümummilli lider Heydər Əliyevin zəngin irsinin,
ideyalarının gənc nəsil tərəfindən öyrənilməsinin
vacibliyini vurğulayan baş nazirin müavini belə
tədbirlərin şagirdlərin dövlətçilik təfəkkürünün və
baxışlarının formalaşmasına müsbət təsir göstərdiyini
söyləyib. Ə.Əhmədov müsabiqə iştirakçılarının sayının
ilbəil artmasını müsbət hal kimi dəyərləndirib.
Sonra çıxış edən Azərbaycan Təhsil İşçiləri Azad
Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Səttar
Mehbalıyev, rabitə və yüksək texnologiyalar nazirinin
müavini Elmir Vəlizadə, Heydər Əliyev Fondunun
nümayəndəsi İlqar Mustafayev müsabiqə iştirakçılarını
təbrik ediblər.
Respublika mərhələsinin iştirakçıları arasından 16 nəfər
I, 19 nəfər II, 22 nəfər III yerə layiq görülüb. IV
(həvəsləndirici) yer tutan 35 nəfər diplomla təltif
olunub. I-IV yerlərə layiq görülmüş 92 nəfərin inşa
yazısı "Heydər Əliyev məktəblilərin gözü ilə" kitabında
dərc edilib.
Müsabiqə qaliblərinə diplomlar, mükafat və müxtəlif
qiymətli hədiyyələr təqdim olunub.
Qeyd edək ki, ölkəmizin bütün coğrafiyasını əhatə edən
müsabiqənin rayon (şəhər) mərhələsində 15 mindən artıq
şagird iştirak edib.
|