*
Təhsil millətin gələcəyidir.
* Mən dünyada müəllimdən yüksək ad tanımıram.
* Bizim hər birimiz elmi dərəcəmizdən, biliyimizdən,
təhsil səviyyəmizdən asılı olmayaraq, bütün
nailiyyətlərimizə görə məktəbə, müəllimə borcluyuq.
* Mən Azərbaycanın sadə vətəndaşıyam. Bu addan yüksək ad
yoxdur. Ancaq bundan da yüksək ad müəllimlikdir.
* Həyatını müəllimliyə həsr edən insanlar, həqiqətən,
fədakar, xalqına, millətinə sədaqətli və eyni zamanda
qəhrəmanlıq göstərən insanlardır.
* Azərbaycan müəllimləri ən yüksək mənəviyyata,
vətəndaşlıq hisslərinə malik olan insanlardır.
* Müəllimlik sənəti şərəfli bir sənətdir.
* Bizdə təhsil çox inkişaf edibdir. Azərbaycanda, demək
olar ki, təhsil almayan adam yoxdur.
* Məktəbin, müəllimlərin ən əsas vəzifəsi bizim
cəmiyyətimizə, xalqımıza, ölkəmizə dəyərli vətəndaşlar
hazırlamaqdır.
* Özünü müəllimliyə həsr etmiş insan ən şərəfli
insandır.
* Biz hamımız həyatımızda əldə etdiyimiz nailiyyətlərə,
bütün varlığımıza görə müəllimə borcluyuq.
* Mən müəllimlərimi həmişə böyük hörmət və ehtiramla
xatırlamışam. Bunu bu gün bir daha bildirmək istəyirəm.
Arzu edirəm ki, müəllim elə müəllim olsun ki, bax, mənim
hafizəmdə orta məktəbdən indiyədək yaşayan duyğular hər
bir gəncin hafizəsində qalsın.
* Azərbaycan müəllimlərinin cəmiyyətimizin həyatında
oynadığı rol müstəsna əhəmiyyətə malikdir. Müəllimlik
xalqımızın ən çox hörmət etdiyi, ən çox əziz tutduğu bir
peşədir.
* Bu gün ölkəmizin qarşısında duran problemlərin
həllində müəllimlərin fəal iştirakı xüsusi əhəmiyyət
kəsb edir. Azərbaycan müəlliminin bir məqsədi, bir amalı
olmalıdır: Azərbaycanımızı çiçəklənən, inkişaf edən,
firavan, qüdrətli bir dövlətə çevirməyə qadir,
müstəqillik ideyalarına sadiq, özünü Vətənin azadlığı
naminə fəda etməyə hər an hazır olan, yeni təfəkkür
tərzini qavrayaraq, müasir tələblərə cavab verən sağlam
əqidəli, milli ruhlu nəsil yetişdirmək!
* Elm, təhsil, mədəniyyət sahəsində əldə etdiyimiz
nailiyyətlər, Azərbaycan xalqının bugünkü yüksək təhsil,
elm, mədəniyyət səviyyəsi, şüur səviyyəsi - bunların
hamısı ilk növbədə müəllimlərin, məktəbin səyi ilə olub,
onların xidmətlərinin nəticəsidir.
* Təhsil hər bir dövlətin, ölkənin, cəmiyyətin
həyatının, fəaliyyətinin mühüm bir sahəsidir. Cəmiyyət
təhsilsiz inkişaf edə bilməz.
* Biz müstəqil dövlət olaraq özümüzün təhsil sistemimizi
istədiyimiz kimi qururuq. İndiyə qədər yaranmış təməlin
üzərində Azərbaycan təhsili, məktəbi bundan sonra daha
da təkmilləşəcəkdir.
* Təhsilimizin məqsədi gənc nəslə, uşaqlara təhsil verib
onları gələcəyə hazırlamaqdır. Hər bir insan gərək, eyni
zamanda vətəndaş olsun. Mütləq vətəndaş olsun. Dövlətinə
sadiq, millətinə sadiq, ənənələrinə sadiq, xalqına sadiq
vətəndaş olsun.
* Məktəb, maarif, təhsil işi ilə həmişə sıx bağlı
olmuşam... Hesab edirəm ki, cəmiyyət haradan
olursa-olsun, nədən olursa-olsun kəsib təhsilə
xərcləməli, gənc nəslin təhsilinə, müəllimə kömək
etməlidir. Bu mənim prinsipial mövqeyimdir.
* Milli ideologiyamızı hər yerdə tətbiq etmək üçün
məktəblərdə Azərbaycan xalqının tarixinin tədrisinə çox
ciddi fikir vermək lazımdır... Gənclərimiz öz tarixini,
öz tarixi keçmişini gərək yaxşı bilsinlər. Çünki
mənəviyyatımız, gənclərin bugünkü və gələcək mənəviyyatı
bununla bağlıdır.
* Azərbaycanın öz müstəqilliyini bərpa etməsi, digər
sahələrdə olduğu kimi, təhsil sistemi qarşısında da
böyük vəzifələr qoymuşdur. Müstəqillik dövrünün
tələblərinə cavab verən yeni təhsil sisteminin
yaradılması üçün köklü islahatların həyata keçirilməsi
zəruri və təxirəsalınmazdır.
* Xalqımızı, gəncləri vətənpərvərlik, Vətənə sədaqət
ruhunda tərbiyə etmək üçün orta məktəblərdə çox iş
görülməlidir. Müstəqil dövlətdə yaşayan hər bir vətəndaş
birinci növbədə bu dövlətin müstəqilliyinin,
suverenliyinin təmin olunmasını öz həyatının əsas
vəzifəsi və məqsədi bilməlidir.
* Bizim gənclər, təhsil alan nəslimiz gərək məktəblərdə
ilk addımlarından vətənpərvərlik əhvali-ruhiyyəsi ilə
tərbiyə olunsun. Bütün dərslər, xüsusən humanitar fənlər
gərək gənclərimizə Vətənə sədaqət, vətənpərvərlik ruhu
aşılasın, tərbiyə etsin və bunlar hər bir gəncin
qəlbində sarsılmaz bir qalaya çevrilsin.
* Biz bu günümüz, müstəqil Azərbaycanın gələcəyi
haqqında düşünərək, gənc nəslin tərbiyəsinə ciddi fikir
versək, ən əvvəl ali təhsil almağa qadir, yəni buna öz
biliyi, zəkası, fitri istedadı ilə layiq olan gənclərin
ali məktəblərə qəbul olunmasını təmin etsək, onda
gələcəyimiz üçün böyük işlər görmüş olarıq.
* Həyat böyük bir prosesdir. Bu prosesdə uğurla
iştirak etmək üçün insan müasir tələblərə uyğun olan
təhsilə malik olmalıdır. Təhsil də daim
təkmilləşdirilməlidir. Bütün bunlar Azərbaycanın təhsil
işçilərinin üzərinə düşən vəzifələrdir. |