Xaçmaz
rayonunda məktəblilər arasında karate idman növü üzrə
zona yarışı keçirilib. "Bakı-2015" I Avropa Oyunlarının
proqramına daxil olan idman növlərinin məktəblilər
arasında təbliğinə həsr edilmiş kütləvi tədbirlər
çərçivəsində keçirilən yarışın açılış mərasimində Təhsil
Nazirliyinin, yerli icra orqanlarının və idman
ictimaiyyətinin nümayəndələri iştirak edib.
Xaçmaz Olimpiya İdman Kompleksində keçirilən zona
yarışına Xaçmaz, Quba, Qusar, Şabran, Xızı, Siyəzən,
Qobustan, Abşeron rayonlarının və Sumqayıt şəhərinin
komandaları qatılıblar. Yarışda 200 nəfərdən artıq
idmançı karatenin Şotokan növü üzrə 6 yaş qrupu, 12 çəki
dərəcəsində və Qocyu-ryu növü üzrə 7 yaş qrupu, 14 çəki
dərəcəsində mübarizə aparıblar.
Şotokan növü üzrə komanda hesabında 1-ci yeri Xaçmaz,
2-ci yeri Sumqayıt, 3-cü yeri Xızı, Qocyu-ryu növü üzrə
1-ci yeri Xaçmaz, 2-ci yeri Quba, 3-cü yeri Qusar
rayonunun komandaları tutublar. Qeyd edək ki, I Avropa
Oyunları ərəfəsində ölkəmizdə aparılan təşviqat
kampaniyası çərçivəsində təşkil olunan məktəblilərarası
zona yarışları aprelin 21-də başlayıb və mayın sonunadək
davam edəcək. Son 3 gün ərzində Şirvanda güləş, Astarada
atletika, Xaçmazda karate və Tovuzda voleybol üzrə zona
yarışları keçirilib. Hər zona yarışında ətrafdakı 10-dək
rayonun komandaları iştirak ediblər. Bütün bölgələri
əhatə edən yarışlarda 6 min nəfərdən çox şagirdin
iştirakı nəzərdə tutulub.
Qaliblərə Təhsil Nazirliyinin diplom və medalları təqdim
olunub. |