Aprelin
27-də ümumi təhsil müəssisələrinin müəllimləri arasında
ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci
ildönümünə həsr olunmuş şahmat yarışının final mərhələsi
keçirilib.
Təhsil Nazirliyi və Azərbaycan Təhsil İşçiləri Azad
Həmkarlar İttifaqı Respublika Komitəsinin birgə
keçirdiyi şahmat yarışının finalında rayon, şəhər
mərhələlərinin qalibi olan 70-ə yaxın müəllim iştirak
edib. Olimpiya sistemi üzrə təşkil olunan final
yarışının nəticələrinə əsasən, Lerik rayonu Çayrud kənd
tam orta məktəbinin müəllimi İmran Kəlbiyev birinci,
Naxçıvan Muxtar Respublikası Sədərək rayonu Sədərək kənd
1 nömrəli tam orta məktəbin müəllimi Sultan Rzayev
ikinci, Cəlilabad şəhər 4 nömrəli tam orta məktəbin
müəllimi Anar Bağışov üçüncü yerin sahibi olublar.
Qaliblər və fəal iştirakçılar diplomla təltif olunub və
onlara pul mükafatları verilib.
Qeyd edək ki, bu yarış şahmatı geniş təbliğ etmək və
yaymaq, asudə vaxtı səmərəli keçirmək və ümummilli lider
Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünü geniş
qeyd etmək məqsədilə ümumi təhsil məktəblərinin
müəllimləri arasında şahmat yarışının keçirilməsi
haqqında Təhsil Nazirliyi və Azərbaycan Təhsil İşçiləri
Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin birgə
qərarına əsasən təşkil olunub. Yarışın birinci
mərhələsi martın 10-dək ümumi təhsil məktəblərində,
ikinci mərhələsi isə aprelin 10-dək şəhər və rayonlar
üzrə keçirilib. |