Aprelin 25-də Bakıdakı 201 nömrəli tam orta məktəbdə
faşizm üzərində qələbənin 70 illik yubileyinə həsr
olunmuş "Sülhə gəlin ey insanlar" adlı sərgi və
ədəbi-bədii tədbir keçirildi. Tədbirdə məktəbin
müəllim-şagird kollektivi ilə yanaşı, Nizami Rayon İcra
Hakimiyyətinin başçısı Tahir Budaqov, millət vəkili
Rasim Musabəyov, müharibə veteranları, məktəb
direktorları və digər şəxslər iştirak edirdilər. Öncə
iştirakçılar 1941-1945-ci illəri əhatə edən fotosərgi,
məktəbin nəzdindəki palitra rəsm studiyasının müharibə
ilə bağlı çəkdiyi 70-dən çox rəsm işləri
və
azərbaycanlı Sovet İttifaqı qəhrəmanlarından ibarət
stendlə tanış oldular.
Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Süsən
Salmanova faşim üzərində qələbə haqqında danışdı.
Bildirdi ki, Hitler Bakını tezliklə ələ keçirərək
müharibənin gedişində onun neftindən istifadə etməyi
qarşısına əsas məqsəd qoymuşdu. Bunun üçün xüsusi plan
hazırladan Hitler artıq Qafqaza yaxınlaşmışdı. Lakin
buna baxmayaraq, rəşadətli xalqımız sovet xalqları ilə
birlikdə iyrənc faşizmə qarşı səfərbər olaraq silaha
sarıldı. Onların qəhrəmanlığı və şücaəti sayəsində alman
faşistləri geri çəkilməyə məcbur oldular. O, müharibənin
dəhşətlərindən danışaraq bildirdi ki, bu müharibə bəşər
tarixinin ən qanlı savaşı kimi daim insanların
xatirəsində qalacaq. Belə müharibələrin bəşəriyyətə ağır
zərbə vurduğunu və onun fəsadlarının əsrlərlə davam
etdiyini bildirdi. Azərbaycanlıların bu müharibədə
göstərdikləri hünərdən xüsusilə söz açan S.Salmanova
veteranlara və onların ailə üzvlərinə olan diqqət və
qayğıdan danışdı. Xalqımızın qələbəni qeyd etməsi ilə
yanaşı, qəlbində Qarabağ nisgili olduğunu və bu qələbə
tədbirinin Qarabağda keçirilməsini arzuladı.
Tədbirdə çıxış edən veteranlar məşəqqətli illərdən,
müharibə zamanı baş verən hadisələrdən danışdılar.
Məktəbin şagirdlərinin ifasında şeirlər söyləndi,
mahnılar səsləndirildi. "Heç kim unudulmur, heç nə
yaddan çıxmır", "Yaddan çıxmaz Qarabağ" adlı
kompozisiyalar iştirakçılar tərəfindən alqışlarla
qarşılandı.
Niyazi RƏHİMOV,
"Azərbaycan müəllimi" |