Təhsil
Nazirliyinin təsisçisi olduğu "Sənətkar" elmi-pedaqoji,
metodik jurnalın builki birinci nömrəsi çapdan çıxıb.
Nömrə "Mütəxəssis sözü" rubrikası ilə açılır. Daimi
rubrika altında bu nömrədə Təhsil Nazirliyi İlk
peşə-ixtisas təhsili sektorunun müdiri Namiq Məmmədovun
"Peşə təhsilinin müasir problemləri", dosent Şahrza
Ağayevin "Şagirdlərin əməyə hazırlığında peşəyə marağın
tərbiyə olunması", AMİ-nin əlavə təhsil üzrə dekanı,
dosent Əsəbəli Quliyevin "Peşə təhsili müəssisələrinin
marketinq xidməti" məqalələri dərc olunub.
Jurnal "Milli mənəvi dəyərlərimiz", "Ekologiya",
"Müəllimə kömək" bölümlərinin hər birində bu nömrədə
oxucularına iki yazı təqdim edib. Bunlar "Azərbaycan
xalçaları" jurnalının baş redaktoru, əməkdar incəsənət
xadimi, professor Vidadi Muradovun "Milli
dəyərlərimizin keşiyində", "Sənətkar" jurnalının
əməkdaşları Rəna Rüstəmova və Pərvanə İbrahimovanın "Unudulmaqda
olan ulu sənət nümunəsi", Aysel Rəsulzadənin "Ekoloji
siyasətin təkmilləşdirilməsinə xidmət edən sərgi", AMEA
Radiasiya Problemləri İnstitutunun dissertantı Sadiq
Həsənovun "Avtomobil nəqliyyatı tərəfindən atmosferin
çirkləndirilməsi", TPİ-nin dissertantı Elxan Cəfərovun
"İqtisadiyyatın inkişafında frezer peşəsinə ehtiyac var",
4 nömrəli Bakı Peşə Liseyinin ixtisas fənn müəllimi
Zahirə Paşayevanın "Ağıllı lövhə"lərdən liseyimizdə necə
istifadə olunur" sərlövhəli yazılarıdır.
Nömrədə peşəyönümü işinə, qabaqcıl təcrübəyə həsr
olunmuş yazılara da yer ayrılıb və şagirdlərlə aparılan
peşəyönümü işində məktəblə ailənin birgə fəaliyyətinə,
Ukraynada peşə təhsili sisteminə aid yazılar verilib.
TPİ-nin Peşə-ixtisas təhsili şöbəsinin böyük elmi işçisi
Mətləb Aslanovun kadr hazırlığı və əmək bazarının
monitorinq və qiymətləndirilməsinə, 5 nömrəli Bakı Peşə
Liseyinin psixoloqu Məleykə İsmayılovanın
yeniyetmə-valideyn-məktəb münasibətlərinə təsir göstərən
amillərin psixoloji təhlilinə, 17 nömrəli Bakı Peşə
Liseyinin kitabxanaçısı Xanım Mehdixanlının cəmiyyətin
ən qorxulu bəlası olan narkomaniyaya həsr olunmuş
məqalələri ilə də oxucular bu nömrədə tanış ola
biləcəklər.
Y.ƏLİYEV,
"Azərbaycan müəllimi" |