Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

2 May 2015 - №15

 

Dahi ingilis şairinə həsr olunmuş "açıq dərs"

 

Böyütmək üçün seçinAprelin 22-də Bakıdakı 182 nömrəli tam orta məktəbdə  dahi ingilis şairi və dramaturqu Uilyam Şekspirin anadan olmasının 451 illiyi ilə bağlı müəllim Elnurə Qasımova  ingilis dili fənnindən VIII "a" sinfində "Şekspirin həyatı və yaradıcılığı" mövzusunda "açıq dərs" keçirib. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin və Binəqədi Rayon İcra Hakimiyyətinin nümayəndələrinin iştirakı ilə fərdi və qruplarla iş formasında keçirilən dərsdə məqsəd şagirdlərə Şekspirin həyatı və yaradıcılığı  haqqında məlumat vermək, dərsin mövzusu ilə bağlı olaraq şagirdlərdə oxu, yazı, dinləmək, danışmaq bacarıqlarını nümayiş etdirməkdən ibarətdir. Müəllim əvvəlcə şagirdləri üç qrupa, "Otello", "Hamlet" və "Kral Lir" adlı qruplara böldü.   Hər üç qrupun şagirdləri onlara ünvanlanan Şekspirin dövrü, həyatı, əsərləri haqqında sualları  məharətlə cavablandırdılar.  İkinci tapşırıq  tədqiqata aid idi.  Şekspirin məşhur "Romeo və Cülyetta" əsərindən bir parça göstərildi. Şagirdlərə bu əsər haqqında müxtəlif araşdırma sualları verilir, onların bilik və bacarıqları müəyyənləşdirilirdi. 

Sonra qruplara sərbəst,  müstəqil və düzgün qərar qəbul etmək üçün  Şekspirin əsərlərindəki qəhrəmanlar haqqında araşdırma sualları verildi. Qruplar öz işlərini təqdim etdikdən sonra cavablar yoxlanıldı. Qarşılıqlı yoxlamaya xüsusi diqqət yetirildi. Şagirdlər öz aralarında bir-birlərini qiymətləndirdikdən sonra müəllim qruplar arasında narazılıq yaranmasın deyə   münsiflərdən - dərsdə iştirak edən müxtəlif fənn müəllimlərindən şagirdlərə obyektiv  qiymət verməsini xahiş etdi.  Münsiflər heyəti  tərəfindən obyektiv qiymətləndirmə aparıldı. Sonra müəllim qiymətləndirmə cədvəlinə əsasən I, II, III yerləri tutmuş qrupları müəyyənləşdirdi.

Dərsin müzakirəsi oldu.  "Açıq dərs"də iştirak edən qonaqlar geniş fikir mübadiləsi apararaq müəllim və şagirdlər arasındakı münasibətlərə, şagirdlərin ingilis dilində səlis danışıqlarına,  müəllim yaradıcılığına, texniki avadanlıqlardan yerli-yerində istifadə olunması və digər məsələlərə dair fikirlərini söylədilər. 

R.ZİYADOV,
"Azərbaycan müəllimi"

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov