Aprelin
15-də Bakıdakı Milli Qəhrəman Tahir Bağırov adına 59
nömrəli tam orta məktəbdə xalq şairi Zəlimxan Yaqubla
görüş keçirilib. Dövlət himni ifa olunduqdan sonra
aparıcılar məktəbin IX sinif şagirdləri Səbinə Hacıyeva
və Qadir İmanov tədbiri açaraq şairin həyat və
yaradıcılığından danışıblar. Onlar şairi 65 illik
yubileyi münasibəti ilə təbrik edib, vaxt ayırıb
şagirdlərlə görüşə gəldiyinə görə ona təşəkkürlərini
bildiriblər. Sonra şairə həsr olunmuş fraqmentlər
ekranda işıqlanıb.
Məktəbin direktoru Maisə Hacıyeva Zəlimxan Yaqubu
salamlayaraq bildirib ki, bütün varlığı xalq
poeziyasıyla, saz hikmətiylə yoğrulan bir şəxsiyyəti
belə yaxından görmək, tanımaq, dinləmək bir ayrı
sevincdir. Sağlığında heykəlləşən, Azərbaycan
ədəbiyyatında öz sözünü deyən, yaratdığı əsərləri ilə
sevilən Zəlimxan Yaqub əslində hər zaman xalqın içində
olub. Onun aydan arı, sudan duru poeziyası da xalq
ruhunun ləli-cövhəridir. Direktor şairə ən gözəl nemət
olan cansağlığı arzulayaraq görüşə gəldiyi,13-cildlik
əsərini məktəbə hədiyyə etdiyi üçün təşəkkür edib.
Aşıq Cahangir, aşıq Şəhriyar şairin şeirlərinə
bəstələnən saz havalarını ifa ediblər. "Qarabağ
Həqiqətlərini Beynəlxalq Aləmə Tanıtma" ictimai
birliyinin təsisçisi və sədri Əlövsət Qasımov, Bakıdakı
147 nömrəli texniki-humanitar liseyin direktoru Həlimə
Mehdiyeva və başqaları çıxışlarında şairi təbrik edib,
bu tədbirdən məmnunluqlarını bildiriblər.
Tədbirin sonunda xalq şairi Zəlimxan Yaqub təşəbbüsə və
təşkilatçılığa görə məktəbin direktoru Maisə Hacıyevaya,
tədbiri təşkil edən müəllim və şagird kollektivinə,
qonaqlara təşəkkür edib və bu tədbirdən çox razı
qaldığını bildirib, şeirlərini söyləyib. Sonda xatirə
şəkli çəkdirilib.
Rəşad RAMAZANOĞLU,
"Azərbaycan müəllimi" |