Bakı
şəhəri 53 nömrəli tam orta məktəbdə mütaliə
vərdişlərinin təkmilləşdirilməsi və şagirdlərdə mütaliə
mədəniyyətinin formalaşdırılmasına aid "Kitab mənim ən
yaxın dostumdur" adlı ədəbi-bədii tədbir keçirilib.
Tədbirdə Təhsil Nazirliyinin, Bakı Şəhəri üzrə Təhsil
İdarəsinin nümayəndələri, məktəb direktorları,
yazıçılar və digər qonaqlar iştirak ediblər.
Tədbir iştirakçıları öncə məktəbin həyətində təşkil
olunmuş şagirdlərin əl işlərindən ibarət sərgiyə
baxıb, müəllimlərin dərs keçdiyi fənn kabinetlərində
olublar.
Tədbiri giriş sözü ilə açan məktəbin direktoru
Firəngiz Həsənova qonaqları salamlayaraq tədbirin
əhəmiyyəti haqqında məlumat verib.
Təhsil Nazirliyinin şöbə müdiri Aydın Əhmədov ümumtəhsil
məktəb şagirdlərinin mütaliə vərdişlərinin
təkmilləşdirilməsi və onlarda mütaliə mədəniyyətinin
formalaşdırılması ilə bağlı fikirlərini bildirib. Belə
tədbirlərin digər ümumtəhsil məktəblərində
keçirilməsinin vacibliyindən söz açıb.
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik
Fondunun icraçı direktoru Oktay Səmədov, tanınmış
yazıçı Əli Əmirli və digər qonaqlar çıxış ediblər.
Sonra yuxarı sinif şagirdlərinin iştirakı ilə
C.Cabbarlının "Oqtay Eloğlu", C.Məmmədquluzadənin
"Anamın kitabı" əsərləri əsasında hazırlanmış
ədəbi-bədii kompozisiya nümayiş etdirilib. Məktəblilər
vətənə, təhsilə aid şeir söyləyib, mahnı oxuyublar.
Sonra tədbir "dəyirmi masa"da davam etdirilib.
Müzakirələrdə çıxış edən məktəb direktorları, yazıçı
və alimlər tədbirin tərbiyəvi əhəmiyyətindən
danışıb, onun təşkilindən razı qaldıqlarını
bildiriblər.
Sonda məktəbin direktoru Firəngiz Həsənova tədbirdə
iştirak edənlərə pedaqoji kollektiv adından
minnətdarlıq edib.
Şakir CƏFƏROV,
"Azərbaycan müəllimi" |