Bakıdakı
E.Tağızadə adına 164 nömrəli tam orta məktəbdə 2 "b" və
2 "e" siniflərinin təşkilatçılığı ilə vətənpərvərlik
mövzusunda "Azərbaycanı tanıyaq və tanıdaq" adlı tədbir
keçirilib. Tədbiri giriş sözü ilə açan ibtidai sinif
müəllimi Sevinc Məcidova şagirdlərin vətənpərvərlik
ruhunda tərbiyə olunmasında məktəbin, müəllimlərin
böyük rolu olduğunu qeyd edərək söyləyib ki, təhsil
ocağında vaxtaşırı keçirilən sinifdənxaric,
məktəbdənkənar tədbirlər öz töhfəsini verməkdədir.
Sonra aparıcı Murad dostu Nurayı çağırıb məktəbə
kapitan Əlizadənin teleqram göndərdiyini bildirib və
Azərbaycana gələn xarici uşaqların qarşılanmasının məhz
onlara həvalə olunduğunu söyləyib. Onlar dostları ilə
birlikdə səhnədə hazırlanan şərti limana yollanıblar
və kapitan Əlizadəni qarşılayıblar. Sonra məktəblilər
ilə birlikdə gələn qonaqlara Azərbaycanı tanıtma
mərhələsinə keçid alıblar.
Səhnəyə çıxan Leyla və Nuray elimizin adətinə uyğun
olaraq gətirdikləri şərbəti qonaqlara verib rəqs
ediblər.
Daha sonra ikincilər qonaqlara yurdumuzun cənub
zonasında bitən çay bitkisi, onun xeyri və
əhəmiyyətindən söhbət açıblar. Alpər, Zeyd, Fərid,
Məryəm, Fidan və Leyla "çay" rəqsini ifa ediblər.
Aparıcılar qonaqlara ölkəmizdə gedən quruculuq
işlərindən, neft sektorunda qazanılan misilsiz
xarüqələrdən, ümummilli liderimizin əsasını qoyduğu
işlərin bu gün Prezidentimiz İlham Əliyev tərəfindən
uğurla davam etdirildiyindən bəhs ediblər. Sonra balaca
rəqqaslar "Neft" rəqsi ilə çıxış ediblər.Yaddaqalan bir
hal da o olub ki, balaca rəqqaslar qara-qızılımız olan
nefti üzlərinə çəkməklə Heydər Əliyevin o tarixi
hərəkətini yaddaşlarda təzələyiblər. Ekranda isə həmin
kadrların göstərilməsi tədbir iştirakçılarında xoş
ovqat yaradıb.
Səhnələr dəyişdikcə, mövzular da yenilənib.
Aparıcılar Zeyd və Nuray ölkəmizin təbii sərvətlərindən
- buz bulaqlarından, mineral sularından söhbət açıblar.
Qızlar "Badamlı" rəqsini təqdim edərək zala eniblər və
qonaqlara badamlı paylayıblar. Nəhayət, tədbirin ən
təsiredici məqamı yetişib. Aparıcılar Uğur və Ləman nə
qədər acı olsa da qonaqlara Qarabağ dərdindən danışaraq
düşmən tapdağı altında inildəyən torpaqlara hökmən
dönəcəklərini vurğulayıblar. Qarabağın həmişə bizim
olduğunu və həmişə də bizim olacağını söyləyiblər. Onlar
dostları ilə birlikdə hazırladıqları "Hədəf" adlı
kompozisiyanı təqdim ediblər.
Növbəti "Təbib dağlar" tamaşası ilə Qarabağda
dünyalarını dəyişən nənə və babaların ruhuna məhəbbət və
ehtiramlarını çatdırıblar.
Nağaraçı oğlanlar haqq səslərini dünyaya çatdırmaq,
"yatmışları" oyatmaq istəyiblər. Öz məharətilə və
qonaqları iyun ayında Azərbaycanda keçiriləcək I Avropa
Oyunlarına dəvət ediblər.
Tədbir qimnast qızların I Avropa Oyunlarını simvolizə
edən kompozisiyası ilə sona yetib.
Tədbirin sonunda məktəbin direktoru Kəmalə Qədirova
hamının diqqət kəsildiyi belə bir tədbiri
hazırladıqlarına görə sinif müəlliminə təşəkkürünü
bildirib.
Qeyd edək ki, ikincilərin vətənpərvərlik mövzusuna həsr
etdikləri bu maraqlı kompozisiyanı seyr edən Təhsil
Şurasının sədri, pedaqoji elmlər doktoru, professor
Əjdər Ağayev də tədbir haqqında xoş sözlər söyləyib.
İkincilərə və ibtidai sinif müəllimi Sevinc Məcidovaya
təşəkkürünü bildirib.
Sifai SƏFƏROVA,
"Azərbaycan müəllimi" |