Azərbaycan
2005-ci ilin may ayında Bolonya Bəyannaməsini
imzalamaqla Avropa təhsil məkanına daxil oldu. Həmin
vaxtdan Avropa İttifaqının təhsil layihələrində iştirak
edən ölkəmizin ali məktəbləri bir sıra uğurlara imza
atıblar. Bu beynəlxalq layihələrdən biri də 2011-ci
ildən İtaliyanın Genoa Universitetinin koordinatorluğu
ilə həyata keçirilən "Tədris Proqramlarının
Keyfiyyətinin Təmin Edilməsi üzrə Sənədləşmə" (DoQuP)
TEMPUS layihəsidir. Almaniya, Azərbaycan, Belarus,
İtaliya, Qazaxıstan, Qırğızıstan və Tacikistanın 28 ali
məktəbinin iştirak etdiyi layihədə ölkəmizi Bakı Dövlət
Universiteti, Azərbaycan Tibb Universiteti, Xəzər
Universiteti, Qafqaz Universiteti və Odlar Yurdu
Universiteti təmsil edib.
Layihənin əsas məqsədi tərəfdaş ölkələrdə tədris
proqramlarının keyfiyyətinin təmin edilməsi üzrə Avropa
Standartları və Əsaslarına müvafiq online sənədləşmə
sisteminin müəyyən edilməsi və yerinə yetirilməsidir.
Qeyd etmək yerinə düşər ki, Bolonya prosesinin ən vacib
məqsədlərindən olan online sənədləşmə tədris
proqramlarının şəffaflığını təmin edir. Bundan əlavə,
tədris proqramları haqqında məlumatların online
yerləşdirilməsi onların milli və beynəlxalq səviyyədə
müqayisəliliyi üçün də əhəmiyyətlidir.
5 əsas standartdan ibarət olan (ehtiyac və məqsədlər,
tədris prosesi, resurslar, monitorinq və nəticələr,
keyfiyyət üçün idarəetmə sistemi) layihə çərçivəsində
Almatı, Bakı, Bişkek, Genoa, Bratislava, Düşənbə,
Alikante, Roma şəhərlərində mühüm əhəmiyyət kəsb edən
bir sıra konfrans, treninq və seminarlar təşkil edilib.
21-22 aprel 2015-ci il tarixlərində Bişkek şəhərində
keçirilən final konfransda isə tərəfdaş universitetlər
görülən işlər haqqında hesabat veriblər.
Final konfransında Bakı Pedaqoji Kadrların
İxtisasartırma və Yenidənhazırlanma İnstitutunun
rektoru, professor Asəf Zamanov beynəlxalq ekspert
olaraq iştirak edib. Tərəfdaş ölkələrdə tədris
proqramlarının keyfiyyətinin təmin edilməsi üzrə
standartların müəyyənləşdirilməsi, məlumatların
sənədləşməsinin metodologiya və üsullarının,
məsuliyyətlərin və imkanların müəyyən edilməsi, online
sənədləşmə üçün proqram təminatının layihələndirilməsi
və yerinə yetirilməsi layihənin əsas nəticələri kimi
qiymətləndirilib. Qərara alınmışdır ki, DoQuP
layihəsinin nəticələri tərəfdaş ölkələrdə tədris
proqramlarının keyfiyyətinin təmin edilməsi və
keyfiyyətli idarə edilməsinin davamlı inkişafının
başlanğıcı kimi qəbul edilə bilər.
Səfər çərçivəsində BPKİYİ-nin rektoru, professor Asəf
Zamanov və J.Balasaqın adına Qırğız Milli
Universitetinin rektoru, professor Ermek Usekeyev elm və
təhsil sahəsində əməkdaşlığa dair müqavilə imzalayıblar.
Müqavilədə ixtisasartırma və yenidənhazırlanma
proqramlarının mübadiləsi, tələbə və dinləyicilər üçün
treninqlərin təşkili, beynəlxalq layihələrdə
professor-müəllim heyətinin iştirakı, beynəlxalq
konfrans və simpoziumların təşkili, nəşr məhsullarının
mübadiləsi və digər məsələlər nəzərdə tutulub.
Sevinc QULİYEVA,
BPKİYİ-nin mətbuat katibi |