Azərbaycan Dövlət Neft Akademiyasında terror zamanı
həyatını itirən Şəfa Məmmədovanın anası Xuraman xanımla
söhbət
Rüfanə GÜNƏŞ,
"Azərbaycan müəllimi"
r.qurbanova@muallim.edu.az
Həmin
terror hadisəsindən 6 il ötür, hər il o qurbanlar
anılır, anaların, doğmaların qaysaq bağlayan yarası
qanayır, göz yaşları sel olur. Yenə o ildönümlərindən
birini qarşılayırıq. Nə qədər çətin olsa da həyatını
itirənlərdən birinin doğması ilə söhbətləşmək
istəyirəm. 18 günün gəlini olan Şəfanın anası Xuraman
xanımla əlaqə saxlayıram. Deyir, qızım, mən heç vaxt bu
məsələdə danışa bilmirəm. Jurnalistliyimə salıb israr
edirəm. Nəhayət, səhəri gün zəng edir və bir saat
sonra onun iş yerindəyəm. Qarşımda ağsaçlı, gözlərində
kədər olan bir ana dayanıb. Görüşə razılıq verdiyi üçün
təşəkkür edirəm. Yanında əyləşirəm, bir kitab
uzadır mənə, üstündə ağ gəlinlikdə bir qız durub,
mənə baxır. Şəfadır. Xuraman xanım deyir ki, qızım, mən
indiyə qədər bu haqda heç kimə danışmamışam. Amma səni
əliboş qaytarmaq istəmirəm. Mənimlə danışa-danışa
kitabı vərəqləyir.
"Vəfatından
sonra birinci doğum gününü uşaq evində keçirdik"
- Doğum evində uşağın qoluna bağlayırlar ha, bax, ona
qədər saxlamışdım. Doğum kağızından tutmuş, institut,
aspirantura sənədlərinədək hamısı burda var. Onun
vəfatından sonra birinci doğum gününü 2 saylı uşaq
evində keçirmişik. 100 nəfər uşaqla bir yerdə. Apreldə
öldürüldü. İyulun 5-də onun doğum günü idi. Hər şeyi
hazırladıq getdik uşaq evinə.
Hadisədən 6 il keçir, amma özümü heç toplaya bilmirəm.
Xuraman xanımın göz yaşları dayanmaq bilmir. Bir az
sakitləşən kimi söhbətimizə yenə davam edirik.
- Naxçıvanda "Şərq qapısı" qəzetində işlədiyim
zamanlarda şəhidlər çox olurdu. Yaslara gedəndə,
anaların fəryadını eşidəndə deyirdim, Allah, buna necə
dözmək olar? Bir də ən çox qəzetlərdə birinci səhifədə "bu
gecə atəşkəs pozulub" xəbərini oxuyanda tez xəbərin
sonluğuna baxırdım. "İtki yoxdur" cümləsini görəndə
dərin nəfəs alırdım ki, hansısa ana gözüyaşlı qalmadı,
hansısa evə qara xəbər getməyəcək.
Birdən-birə həmin gündən danışmağa başlayır.
"Əllərinin xınası da getməmişdi"
-
Səhər evdə oturmuşduq, onun toyuna görə aprelin birindən
məzuniyyətdə idim. Aprelin 12-si toyu olmuşdu.
Fikirləşdim ki, evlərindədir. Çörək yeyim, zəng edərəm.
Stolun üstünü yığışdıranda gördüm baldızı zəng edib ki,
xəbərin var, ADNA-da belə hadisə olub, Şəfaya zəng
edirəm, zəng çatmır. Qardaşı ilə mən qaçdıq akademiyaya.
Onda artıq yolu bağlamışdılar. Ondan sonra təcili
yardımlar bir-bir keçirdi. Biri də keçəndə qabaqda
oturan tibb bacısının surəti yadımda qaldı. O yasdan
sonra mən 40 gün özümdə olmamışam. Hər gün təcili yardım
gəlib iynə vurub yatırdırdı məni. Bir gün təcili yardım
yenə də gəldi. Qardaşı Şəfanın şəklini böyüdüb qoymuşdu.
Tibb bacısı şəklinə baxdı dedi ki, bu qızı biz apardıq.
Təkcə yadımda qalan bu olub. Bir də dedi ki, əllərinin
xınası da getməmişdi.
Bir dənə ona heyfslənirəm ki, evini tanımadım, indi də
bilmirəm ki, o hansı evə gəlin gedib. Hadisədən bir neçə
gün əvvəl zəng etdi ki, ana, şənbə günü sizi qonaq
çağırırıq. Deyəsən, 4-cü gün bu hadisə oldu. Bizdə belə
adət var, nişanlı qızlara, təzə gəlinlərə ilaxır
çərşənbədə xonça aparırlar. Onun ölümündən sonrakı ili
oğluma dedim ki, evin sən tanıyırsan, apar məni, heç
olmasa pəncərədən baxım, görüm işıq yanır? Dedi, ana,
otur yerində, deyərlər dəlidir (yenə göz yaşlarına
boğulur). İndi də qoymurlar gedim baxım ömrünün son
günlərində harada yaşayıb.
- Sonuncu dəfə nə vaxt danışmışdınız?
- Həyat yoldaşının dayısı onları Ağcabədiyə qonaq
çağırmışdı. Gecə gəlib bizdə qalıb səhər Ağcabədiyə yola
düşdülər. Ondan sonra bilmirəm...
Xına
günündən sonra elə bil uşağa əyan olmuşdu. Evdə hər şeyə
o baxırdı. Şkafı da qaydaya salmağa çıxmışdı. Hər şeyin
yerini bir-bir mənə deyirdi. Dedim ki, ay Şəfa, lazım
olanda ya gələrsən, ya da ki, telefonla soruşaram. Dedi,
mama, o qədər həsrətimi çəkəcəksən ki. O sözü indi də
qulağımdadır.
"Hamı deyirdi ki, bunun kimi qız nəsildə yoxdur"
- Xasiyyəti necə idi?
- Hamı deyirdi ki, bunun kimi qız yoxdur nəsildə.
Kitabın üstündə gəlinlikdə olan şəklini göstərir. Saat
dörd idi, iki saat sonra oğlan evi gələcəkdi. Paltarın
bir hissəsi bir az açıq qalmışdı. Məni qaçırtdı, getdim
nə qədər sancaq aldım, paltarı düzəltdi. Dedi ki, mama
açıq olmasın, utanıram, mən böyüklərin qarşısına
çıxacağam.
Ondan sonra bir qardaşı da var idi. Qardaşı anadan
olanda Şəfanı bağçadan çıxartdıq. O uşağa bu baxırdı.
Oğlanlarıma deyirdim ki, iki qardaşsınız, Şəfanı heç
vaxt yaddan çıxarmayın, mən olmasam da arayın-axtarın.
Haradan biləydim ki, Şəfa gedəcək, qalmayacaq.
Allaha
çox bağlı idi, namaz qılıb, oruc tuturdu. Hər imsaka
qalxanda deyirdi ki, mama, sən 5 dəqiqə də yat, hər şeyi
mən hazır edəcəyəm.
Orta məktəbi, musiqi məktəbinin fortepiano sinfini
fərqlənmə ilə, bakalavr, magistraturanı qırmızı diplomla
bitirmişdi.
Uşağım gözə gəldi. Toyuna bir-iki gün qalırdı. Bir
həftəlik icazə almışdı. Deyirdi, mama, professorlar elmi
işlərini tərcümə etmək üçün mənə gətirirlər. Rus dilində
təhsil almışdı deyə yaxşı tərcümə edə bilirdi. İşlərin
yarısını yazmışam, yarısını da toydan sonra yazaram.
"Elmi
rəhbəri həmişə onun biliyinə güvənirdi"
Şəfanın elmi rəhbəri Əli müəllim həmişə onun biliyinə
güvənirdi. Hətta magistrlərın işlərini oxumaq, rəy
bildirmək üçün Şəfaya verirdi. Ölüm xəbəri gələndə
müəllim dərsdə imiş, elə uşaqların içində oturub ağlayıb
ki, mənim sağ qolum kəsildi. Magistrlərdən biri hamilə
imiş. Onun müdafiə vaxtına iki gün qalırdı. Müəllim zəng
elədi dedi ki, Şəfa, sən o qıza işini tamamlamağa kömək
elə. Səhəri gün xınası olacaqdı, durdu getdi qıza kömək
eləməyə. Dedi ki, mama, o qızın işi hər şeydən vacibdir.
Getdi onun sənəd işlərini hazır etdi.
- Həyat yoldaşı ilə necə tanış olmuşdu?
- Yoldaşımın əmisi qızının vasitəsi ilə. Şəfadan sonra
iki il evlənmədi. Axırda özüm anasına dedim ki, oğlunu
evləndir. İndi evlənib. Onunla belə hər ad günü,
bayramlarda, ölüm günündə gedib görürük ki, artıq onlar
məzar başındadırlar. O iki ildə də işdən çıxandan sonra
gəlib bizdə qalırdı. Anası dedi ki, bu uşaq necə
bağlanıbmış Şəfaya.
Gətirmişik əşyaların, evin zirzəmisinə qoymuşuq. 6 ildir
tozlanıb.
- Yəqin ki, kitabları çox olar?
- Eh... O qədər. Hətta yazdığı elmi işin yarısı da
qalır. Deyirdi ki, bu mövzunu 1958-ci ildə kimsə müdafiə
edib, bir də indi mən edəcəyəm.
Özü kitab yazmışdı. Deyirdi ki, dərsliklərin çoxu rus
dilindədir, uşaqlara çətin olur. Qəflətən vəfat edən
kafedra müdirləri var idi, onun da, kitab üçün
kompüterdə sxem hazırlayan qızın da adını kitaba əlavə
etmişdi ki, əlinin zəhməti var. Heç qismət olmadı kitabı
görmək. Gətirib bizə verdilər, mən də apardım verdim
universitetə ki, paylayın uşaqlara. Öz maaşı ilə çap
etdirmişdi.
Bir anaya bundan artıq əziyyət verməyə haqqım yoxdur,
deyə düşünürəm. Kitabı da götürüb, sağollaşıb çıxıram.
Kitabda onun barədə olan xatirələrin bir neçəsini
sizinlə də bölüşmək istəyirəm.
"Sərçəyə
dəymə, anası gələr dişləyər"
Atası Afət Məmmədov Şəfanın uşaqlığını belə xatırlayır:
Hər səhər Şəfanı və böyük qardaşı Anarı Naxçıvan
şəhərində yerləşən rus bağçasına aparırdım. Körpə olduğu
üçün onu qucağıma almışdım. Bir gün eşitdim ki, üzü
arxaya olan Şəfa kiməsə deyir ki, sərçəyə dəymə, anası
gələr dişləyər. Elə bildim ki, öz-özünə danışır. Məcbur
qalıb arxaya çevrildim. Gördüm ki, iki kiçikyaşlı oğlan
hələ qanadlanmağa macal tapmamış balaca sərçəni o
tərəf-bu tərəfə atır. Elə o vaxtdan hiss etdim ki, onda
təbiətə, canlılara maraq daha çoxdur.
"Biz
üç qardaşıq"
Böyük qardaşı Anar Məmmədov deyir ki, Şəfanı ya
mətbəxdə, ya da masa arxasında dərs hazırlayarkən tapmaq
olardı. Namusu, qeyrəti ilə həmişə başımızı uca edib.
"Ailədə neçə uşaqsınız" sualına cavabım həmişə belə
olub: biz üç qardaşıq.
"Mənə toy xonçasından olan bir neçə konfet verdi"
Şəfanın kiçik qardaşı Aran Məmmədov deyir ki, o,
bacısına layiq olmağa çalışıb: Onun mənim yolumda
çəkdiyi əziyyətlərinin, az bir hissəsinin də olsa,
əvəzini qaytarım. Ancaq arzum ürəyimdə qaldı.
Axırıncı dəfə onunla ADNA-da, hadisədən bir gün öncə,
elə iş yerində görüşdük. Hələ baxmağa imkan tapmadığımız
toylarının kasetini almağa getmişdim. Beş dəqiqə
ayaqüstü söhbət etdik, zarafatla "mənsiz darıxmırsan
ki?" söylədi, evdəkiləri soruşdu. Həmin gün çox şən,
gülərüz idi. Otaqdan çıxanda mənə toy xonçasından olan
bir neçə konfet verdi, bərk-bərk qucaqlayıb öpdü. Həmişə
məni oxşayıb, əzizlədiyi sözlərini bir daha təkrarladı:
"sağ ol cici bala, özündən muğayat ol, mamaya kömək elə,
qoyma mənsiz darıxsın".
"Aldığım qara xəbər mənim də dünyamı qaraltdı"
Tələbə yoldaşı Elnarə inanmırmış ki, ölən onların
sevimlisi Şəfadır: Neft Akademiyasındakı hadisə barədə
xəbəri Moskvada eşitdim, həlak olanlar arasında Şəfanın
adını oxuyanda inanmadım. Çox narahat olduğumu görən
həyat yoldaşım dedi ki, o qədər Şəfa var ki... Amma
Bakıda yaşayan qrup yoldaşlarımdan aldığım qara xəbər
mənim də dünyamı qaraltdı.
Həmişə şirin zarafatları, mehriban xarakteri ilə diqqət
çəkən Şəfa xərəkdə sakit halda yatmışdı.
Bir gün dedi ki, qardaşımı evləndirmək istəyirik. Yarı
zarafat, yarı gerçək hamı dedi ki, bizdən yaxşı gəlin
olar, seç birimizi qurtarsın getsin. Gülə-gülə dedi ki,
hamınız xoşbəxt olmağa layiq qızlarsınız. Qisməti Tanrı
yazır. Görək də...
"Şəfa mənim ən istəkli yetirməm idi"
Şəfanın elmi rəhbəri, professor Əli Əliyev: Bizi vaxtsız
tərk edən Şəfa Məmmədova mənim ən istəkli yetirməm idi.
Hərdən ona "sən mənim sağ əlimsən" deyərdim. Hadisəni
auditoriyada, dərs zamanı eşitdim. Şəfanın adını həlak
olanların arasında eşidəndə qəhər məni boğdu. İçin-için
ağladım...
ADNA qurbanlarının əziz xatirəsini daima anacaq və
qəlbimizdə əbədi yaşadacağıq. |