Azərbaycan Tibb Universitetinin mütəxəssisləri "Sağlam
təhsil sinifləri"ndə monitorinq keçiriblər
Tibbi
monitorinqin birinci yarımilliyinin nəticələri "Sağlam
təhsil sinifləri"ndə oxuyan şagirdlərin intellektual və
fiziki cəhətdən daha yaxşı inkişaf etdiyini üzə
çıxartdı.
2015-ci ilin birinci yarımilliyinin nəticələri
araşdırılarkən fiziki inkişafın qiymətləndirilməsi
zamanı aşağıdakı nəticələr alınmışdır:
"Sağlam təhsil sinifləri"ndə normal fiziki inkişaflı
şagirdlərin sayı oktyabr ayında 80,8% təşkil etdiyi
halda, yanvar müayinəsi zamanı bu göstərici 86,1% olub.
Normal fiziki inkişaflı oğlanlar oktyabrla müqayisədə
yanvar ayında daha çox müşahidə edilib. Bu göstərici
oktyabrda 80,5, yanvarda isə 86,5 faiz təşkil edib.
Yəni, "Sağlam təhsil sinifləri"ndə hərəki fəallığın
artması şagirdlərin fiziki inkişafına müsbət təsir
göstərərək fiziki inkişaf çatışmazlıqlarının azalmasına
səbəb olub. Ənənəvi tədris üzrə təhsilalanlarda isə,
əksinə, normal fiziki inkişaflı şagirdlərin sayı 0,3
faiz azalmışdır. Bu azalma əsasən qızların hesabına
qeyd edilir. Həmin göstərici oktyabr ayında 80,8,
yanvarda isə 79,6 faiz olub.
Azərbaycan Tibb Universitetinin hesabatına əsasən,
ölkəmizin 6 ümumi təhsil məktəbində yaradılan "Sağlam
təhsil sinifləri"ndə aparılan araşdırmalar əsasında
ilkin olaraq belə nəticəyə gəlmək olar ki, bu siniflərdə
yaradılan sağlam tədris şəraiti - uşaqların fizioloji
xüsusiyyətlərinə uyğun olan mebel və digər avadanlığın
istifadəsi, sinifdə şagird sayının optimallaşdırılması,
hərəki fəallıq, gigiyenik normativlərə uyğun işıqlanma
təhsilalanların fiziki və psixi inkişafına müsbət təsir
göstərərək, əvvəlcədən bu istiqamətdə yaranmış bir sıra
sağlamlıq problemlərinin azalmasına zəmin yaradır. "Sağlam
təhsil sinifləri"ndə tədrisin təşkili şagirdlərin iş
qabiliyyətinin yüksək səviyyədə saxlanılması üçün
əlverişli olub, onların intellektual və fiziki cəhətdən
daha yaxşı inkişaf etməsinə və emosional vəziyyətlərinin
yaxşılaşmasına şərait yaradır.
"Qısa bir zamanda övladımda baş verən
yaxşılaşmanı gördüm"
Valideynlər də bu layihədən razılıq edirlər
Nazilə BAXŞIYEVA,
Bakıdakı 114 nömrəli tam orta məktəbin valideyni
- Qızım İlqarə Abdullayeva "Sağlam təhsil sinfi"ndə
təhsil alır. Burada uşaqların təhsili ilə yanaşı onların
sağlamlıqlarına da xüsusi diqqətin ayrılması bir
valideyn kimi məni sevindirir. Məhz şagirdlərin
sağlamlıqlarına göstərilən diqqətin nəticəsidir ki,
qızımın təhsil aldığı müddətdə səhhəti ilə bağlı
problemi tez bir zamanda aşkar edildi. Hazırda övladımda
olan skolioz xəstəliyinin müalicəsini aparıram. Onu da
qeyd edim ki, İlqarənin gözündə də zəiflik var idi ki,
bu da həkim müalicəsi olmadan, sadəcə sinifdə tavanda
olan göz trenajoru vasitəsilə keçirilən məşqlər
nəticəsində tamamilə yaxşılaşıb. Mən bir ana kimi çox
qısa bir zamanda övladımda bununla bağlı baş verən
yaxşılaşmanı gördüm. Layihənin təşkilatçılarına öz
minnətdarlığımı bildirirəm və onun davam etməsini
arzulayıram.
Mərziyyə ABDİNOVA,
Bakıdakı 214 nömrəli tam orta məktəbin valideyni
- Mən oturaq həyat tərzinin sağlamlıq üçün nə qədər
ziyanlı olduğunu yaxşı bilirəm. İnternetdə bu məsələləri
diqqətlə araşdırmışam. Təhsil Nazirliyinin həyata
keçirdiyi "Sağlam təhsil- sağlam millət" layihəsi
haqqında da müəyyən məlumatım var idi. Təhsil
Nazirliyinin sifarişi ilə Azərbaycan dilinə tərcümə
olunmuş "Oturaq həyat tərzi-sivilizasiyanın xəstəliyi"
adlı elmi-kütləvi filmə də baxmışam. Ona görə istədim ki,
birinci sinfə gedən oğlum "Sağlam təhsil sinfi"ndə
oxusun. Təhsilalanların sağlamlığına yönələn bu layihədə
iştirak etmək, düşünürəm ki, uşağımın sağlamlığı
baxımından əhəmiyyətlidir. İlkin təəssüratlarım
qənaətbəxşdir. Seçimimdə səhv etmədiyimi düşünürəm.
Mehdi BABAZADƏ,
Bakıdakı 214 nömrəli tam orta məktəbin I sinif şagirdi
- Müəllimimiz deyir ki, bizim sağlam böyüməyimiz üçün
çoxlu hərəkət etməliyik. Burada həm dərs oxuyur, həm də
idman edirik. Bir yerdə uzun müddət oturmaq adamı yorur.
Yaxşı ki, bizim sinifdə belə deyil. İstəyəndə otururuq,
istəyəndə ayaq üstə dayanırıq. Tənəffüsdə sinfimizdə
quraşdırılan turnikdən dartınmaq mənim üçün xoşdur.
Moskvalı mütəxəssislər monitorinq
aparıblar
5-15 aprel tarixlərində Milli Təhsil Texnologiyaları
Mərkəzinin
dəvəti ilə Moskva Ekoloji Təhlükəsizlik Mərkəzinin baş
direktoru Yuri Anikin və həmin mərkəzin icraçı
direktoru Alla Kosova "Sağlam təhsil - sağlam millət"
layihəsi çərçivəsində Bakı şəhəri məktəblərində
yaradılmış "Sağlam təhsil sinif"ləri ilə tanış olub və
monitorinq aparıblar. Moskvalı mütəxəssislər 5 məktəbdə
şagirdlərin fiziki, psixoloji və intellektual
vəziyyətini öyrənmək üçün özləri ilə gətirdikləri xüsusi
aparat vasitəsi ilə onları müayinə ediblər. Aparılmış
monitorinqlərdə "Sağlam təhsil sinif"lərində təhsil alan
birinci sinif şagirdlərinin nəticələrini sağlam təhsil
texnologiyaları tətbiq edilməyən siniflərin nəticələri
ilə müqayisəli təhlil etmək üçün qeyri-pilot birinci
siniflərdə də oxşar müayinələr edilib. Monitorinqin
əsas məqsədi təhsilalanların sağlamlığını qoruyan
innovativ texnologiyaların effektivliyinin yoxlanılması
olub. Həmin müayinələrdən 200-ə yaxın şagird keçib.
Samirə KƏRİMOVA,
"Azərbaycan müəllimi"
Uşaqlar niyə yalan danışır?
Aysel MAHMUDLU, psixoloq
İnsanlar
qorxu və narahatlıq hiss edəndə özünü müdafiə etmək üçün
yalana əl atırlar. Ancaq səbəb nə olursa olsun, yalan
danışmaq doğru davranış forması deyil, çünki yalan
danışarkən insan həm özünü, həm də qarşısındakını
aldadır. Yalanın yaranma səbəbləri isə müxtəlif yaş
dövrlərində müxtəlif amillərdən qaynaqlanır.
Bəs uşaqlar niyə yalan danışır? Ümumiyyətlə, valideynlər
bəzən uşaqların nələrisə şişirtməsi ilə yalan
danışmaqlarını qarışdırırlar. Uşaqların nələrisə
şişirdərək danışması yalan danışmaq deyil, əslində bu
onların çox vaxt yaradıcı təxəyyüllərinin inkişafı ilə
bağlıdır. Buna görə də valideynlər öncə uşaqlarının
yaşına, dərketmə və başa düşmələrinə xüsusi diqqət
yetirməlidirlər.
Uşaqların yalan danışmalarına səbəb əsasən
aşağıdakılardır:
*
Ailədə və ətrafda tez-tez yalan danışılmasına şahid
olmaq - bəzən valideynlər istəmədən uşaqların yanında
yalan danışırlar. Uşaqlar valideynlərini model
seçdikləri üçün qeyri-ixtiyari olaraq onların hər bir
davranış və hərəkətlərini özlərində eyniləşdirirlər.
Həmçinin valideynlərinin danışdıqları yalanları da...
*
Cəzadan yaxa qurtarmaq, qorxu və həyəcan keçirdikləri
vaxtlarda - bu zaman uşaqlarda müdafiə mexanizmi işə
düşdüyü üçün onlar yalan danışaraq cəzadan yaxa
qurtaracaqlarını düşünürlər.
*
Diqqət çəkmək üçün deyilən yalanlar - uşaqlar ata-anadan
və digər ailə üzvlərindən istədikləri qayğı və sevgini
görmədikdə diqqət çəkmək üçün söhbət zamanı yalan
danışırlar.
*
Ata-ananın və ya yaxın dostlarının sevgi və qayğılarını
paylaşmamaq üçün də deyilən yalanlar - uşaqlar bəzən çox
istədikləri insanların sevgisini paylaşmamaq üçün yalan
danışırlar.
*
Həddindən çox mükafatlandırma və rəğbətləndirmə - belə
ki, evdə ailə tərəfindən həmişə müxtəlif səbəblərdən
mükafatlandırılan uşaq bağça, məktəb kimi yerlərdə
mükafatlandırılmadıqda qeyri-ixtiyari olaraq eyni
münasibəti görmək üçün yalan danışmağa başlayır və s.
*
Qeyd olunanlar yalanın həm yaranma səbəbi, həm də
yalanın aradan qaldırılma yollarıdır. Buna görə də
uşaqlarımızı tərbiyə edərkən bunlara xüsusi diqqət
yetirməliyik. |