Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

2 May 2015 - №15

 

AzScienceNet-in imkanları və inkişaf perspektivləri

 

Böyütmək üçün seçinAzScienceNet elm-kompüter şəbəkəsi (EKŞ) AMEA-nın elmi müəssisə və təşkilatlarına yüksək səviyyəli internet xidmətləri göstərməklə Azərbaycan elminin dünya elminə inteqrasiyasını təmin edir.   Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 2012-ci il tarixli fərmanı ilə təsdiq edilmiş "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyası, 4 may 2009-cu il tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiya" və 2 aprel 2014-cü il tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiya"da elmin informasiya təminatının gücləndirilməsi, elmi fəaliyyət sahəsində İKT-nin tətbiqi və elektron elmin formalaşdırılması kimi mühüm vəzifələr müəyyən edilmişdir. "Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiya"nın icrası məqsədi ilə 2014-2017-ci illəri əhatə edən tədbirlər planında da AzScienceNet elm-kompüter şəbəkəsinin inkişaf etdirilməsi məsələsi öz əksini tapmışdır.

 AzScienceNet elm-kompüter şəbəkəsidir

Böyütmək üçün seçin AzScienceNet şəbəkəsi öz əsasını ötən əsrin 80-ci illərində yaradılmış  Azərbaycan Respublikasında təşkilat və müəssisələrin hesablama mərkəzlərini birləşdirən Verilənlərin ötürmə şəbəkəsindən götürüb.  O vaxt qovşaqlararası məlumatın ötürülmə sürəti - 600 bit/san. olmuşdur. 1991-ci ildə Azərbaycan Respublikasında Beynəlxalq "Sovam Teleport" şəbəkəsinə qoşulmaqla Beynəlxalq Elektron Poçt xidmətinin Azərbaycan qovşağı yaradılmışdır. Bu qovşaq vasitəsilə Azərbaycanda ilk dəfə olaraq AMEA-nın institut və təşkilatlarının əməkdaşlarına "Sovam Teleport", "EARN", "BITNET", "RELCOM", "IASNET" və s. kimi beynəlxalq kompüter şəbəkələrinin xidmətlərindən istifadə imkanı verilmişdir (məlumatın ötürülmə sürəti- 1200 bit/san. olmuşdur).

1993-cü ildə AMEA-nın əsas binasında Türkiyə hökuməti və British Petroleum (BP) şirkətinin maliyyə dəstəyi ilə respublikada ilk dəfə olaraq TCP/IP texnologiyaları əsasında AzScienceNet şəbəkəsinin I Azərbaycan qovşağı yaradılmışdır. Bu zaman İnternetə çıxış sürəti 9600 bit/san (TURKSAT peyki vasitəsilə) olmuşdur. Sonra Rusiya Elmlər Akademiyası tərəfindən verilən 14400 bit/san sürət də həmin sürətə əlavə edilmişdir (məlumatın ötürülmə sürəti - 24 Kbit/san. olmuşdur). 1995-ci ildə II Azərbaycan qovşağı yaradılıb. AMEA-nın əsas binası və Rəyasət Heyətinin binasında yerləşən qovşaqlar arasında birbaşa ayrılmış telefon xətti ilə əlaqə yaradılması nəticəsində respublikada ən geniş infrastruktura malik olan AzScienceNet EKŞ fəaliyyətə başlamışdır (İnternetə çıxış sürəti 256 Kbit/san).

Böyütmək üçün seçinŞəbəkə infrastrukturunun 95 faizi Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi ilə fiber-optik kabel əsasında qurulmuş, şəbəkənin texniki imkanlarının artırılmasından sonra İnternetə qoşulma sürəti 270 Mbit/san-ə çatdırılmışdır. İndiyədək 4000-ə yaxın fərdi kompüter AzScienceNet şəbəkəsinə qoşulmuşdur. Eyni zamanda AzScienceNet şəbəkəsinin texniki imkanları genişləndirilir. Hazırda onun hesablama gücü 14 Tflops, xarici yaddaşın  həcmi isə 200 Tbaytdır. 

 AzScienceNet şəbəkəsinin göstərdiyi internet xidmətləri

 AzScienceNet şəbəkəsi AMEA-nın əməkdaşlarına Wi-Fi, Eduroam, Cloud Computing, Hosting, e-poçt, distant təhsil, onlayn televiziya yayımı və s. xidmətlər göstərir. AzScienceNet şəbəkəsində yerləşdirilmiş Azərbaycan Milli Eduroam serveri respublika üzrə milli operator funksiyasını yerinə yetirir və 2011-ci il noyabrın 11-də TERENA təşkilatının nəzdində fəaliyyət göstərən "European Eduroam Confederation" təşkilatında qeydiyyatdan keçmişdir.

AMEA-nın institut və təşkilatları, ölkənin ali təhsil müəssisələri, digər elmi qurumlar və fərdi istifadəçilər AzScienceNet elm-kompüter şəbəkəsinin təqdim etdiyi "Cloud Computing" xidmətindən yararlanmaq imkanına malikdir.

Distant Tədris Mərkəzi 

AzScienceNet EKŞ AMEA İnformasiya Texnologiyaları İnstitutunda fəaliyyət göstərən Distant Tədris Mərkəzinin şəbəkə platforması və infrastrukturu kimi çıxış edir. Distant Tədris Mərkəzində AzScienceNet üzərindən Naxçıvan Muxtar Respublikasında yaşayan doktorant və dissertantlar üçün distant dərslər keçirilir. AMEA-nın Gəncə Bölməsində institutun Distant Tədris Mərkəzi yaradılmışdır. Gələcəkdə Mingəçevir, Şəki və Lənkəran bölgələrində də institutun Distant Tədris Mərkəzinin yaradılması nəzərdə tutulur.

 Elmi tədqiqat imkanları 

AzScienceNet şəbəkəsində formalaşan informasiya bazası geniş elmi-tədqiqat imkanlarına malikdir.  Beynəlxalq qiymətləndirmələrə əsasən, hazırda kompüter elmləri sahəsində 4 ən aktiv istiqamət üzrə elmi-tədqiqat işləri aparılır. Bunlar sosial şəbəkələr, machine learning (maşın təlimi), data mining (verilənlərin analizi), deep learningdir (dərin təlim).

Şəbəkə fərdin, yaxud hər hansı bir təşkilatın informasiya mədəniyyətinin qiymətləndirilməsi, beynəlxalq əlaqələri və maraq dairəsinin müəyyən edilməsi, istifadəçilərin sosial şəbəkələrinin aşkarlanması, loq-faylların intellektual analizi kimi bir çox imkanlar açır. Loq-faylları analiz etməklə fərdlərin və təşkilatların sosial şəbəkələrinin aşkarlanması, istehlak və istehsal etdiyi informasiyanın qiymətləndirilməsi,  internet şəbəkəsində əlaqə qurduğu ölkələr və ya şəxslər, gün və ay ərzində istifadə etdiyi kontentin qiymətləndirilməsi mümkündür.

"Data mining" texnologiyaları əsasında istifadəçinin gün və ay ərzində axtardığı informasiya ilə profili arasında uyğunluğu aşkarlamaq, vaxtını elmi fəaliyyətə, yaxud digər işlərə sərf etdiyini müəyyənləşdirmək olar.

AzScienceNet şəbəkəsinin geniş imkanları sayəsində mütəxəssis və alimlər tərəfindən işlənilən metod və alqoritmlərin adekvatlığının yoxlanılması, təcrübədən keçirilməsi və əsaslı tədqiqatlar aparılması da mümkündür.

 Şəbəkənin elektron elmin formalaşmasında rolu 

E-elmin məqsədi İKT-nin tətbiqi ilə AMEA institut və təşkilatlarının, eləcə də respublikanın digər elmi qurumlarının fəaliyyətinin yenidən qurulması, vahid milli elmi onlayn infrastrukturun və informasiya fəzasının formalaşdırılmasıdır. Bu məqsədlə e-elmin kommunikasiya-şəbəkə və hesablama infrastrukturunun formalaşdırılması, elmin informasiya təminatının yaradılması, elmi fəaliyyətdə İKT-nin tətbiqi, normativ-hüquqi bazanın təkmilləşdirilməsi, kadr hazırlığı və s. istiqamətlərdə işlər aparılmalıdır.

 "E-elm" termininin yaranma tarixi ilk şəbəkə texnologiyalarının yaranması ilə sıx bağlıdır.   Hazırda e-elmin inkişafında informasiya cəmiyyəti (İC) məsələləri üzrə Dünya Sammitində qəbul olunmuş sənədlər və UNESCO-nun bu sahədə fəaliyyəti mühüm əhəmiyyət kəsb edir.

Qeyd olunan sammitin Fəaliyyət Planının C7 fəaliyyət istiqamətində İKT-nin bütün sferalarda tətbiqi nəzərdə tutulur və bu, e-elm də daxil olmaqla, e-hökumət, e-biznes, e-təhsil, e-səhiyyə, e-məşğulluq, e-ətraf mühit, e-kənd təsərrüfatı kimi səkkiz müxtəlif sahəni əhatə edir: C7-də irəli sürülən müddəalar və Azərbaycan Respublikasında informasiya cəmiyyəti (İC) quruculuğu sahəsində qəbul olunmuş Dövlət Proqramları AMEA-nın müvafiq qurumları qarşısında konkret vəzifələr qoymuşdur.

Respublikada "Elektron Azərbaycan"-nın tərkib hissəsi kimi həyata keçirilən e-elm layihəsi AzScienceNet şəbəkəsi əsasında formalaşır. AMEA-da e-elm sahəsində həyata keçirilən işlərin nəticələrini, elmi müəssisə və təşkilatlarda İKT ilə təminatın vəziyyətini analiz etmək, qiymətləndirmək, rəqəmsal fərqləri aşkarlamaq, növbəti dövr üçün e-elmin fəaliyyət prioritetlərini müəyyənləşdirmək məqsədilə AMEA Rəyasət Heyətinin 4 mart 2015-ci il tarixli "AMEA-nın elmi müəssisə və təşkilatlarında elektron elmin monitorinqi" adlı sərəncamı əsasında AMEA-nın 43 institut və təşkilatında monitorinq aparılmışdır.

E-elmin əsas istiqamətlərindən biri də böyük hesablama və yaddaş resursları tələb edən mürəkkəb elmi məsələlərin həllində qrid və hesablama buludları texnologiyalarının tətbiqidir. AMEA İnformasiya Texnologiyaları İnstitutunda qrid və hesablama buludları texnologiyalarının tətbiqi AzScienceNet əsasında reallaşdırılır. E-elm çərçivəsində mürəkkəb məsələlərin həllini həyata keçirmək məqsədi ilə "Cloud Computing" texnologiyalarından istifadə etməklə ödənişsiz AzScienceCloud xidməti istifadəyə verilib.

AMEA-nın Verilənlərin Emalı Mərkəzinin resurslarının səmərəli istifadə edilməsi məqsədi ilə həlli nəzərdə tutulan strateji əhəmiyyətli tətbiqi məsələlərin müəyyən olunması və onların reallaşdırılması istiqamətində işlər aparılır.

AzScienceNet milli elm və təhsil şəbəkəsi statusunda beynəlxalq şəbəkələrlə inteqrasiya olunub və bu sahədə ardıcıl işlər aparılır.  Hazırda vacib məsələlərdən biri ölkədaxili şəbəkələrlə əlaqələrin yaradılması e-elmin respublikanın elmi qurumlarını tam əhatə etməsidir.

AzScienceNet şəbəkəsi və AzEduNet, o cümlədən digər elmi qurumların şəbəkələrinin inteqrasiya olunması, AzScienceNet şəbəkəsinin beynəlxalq elm və təhsil şəbəkələri ilə inteqrasiya prosesinin daim davam etdirilməsi, respublikanın elmi qurumlarının elmi-təşkilati və idarəetmə fəaliyyətlərinin tam informasiyalaşdırılması, elmi təşkilatlar arasında elektron sənəd dövriyyəsinin təşkil olunması, e-elmin yeni istiqaməti kimi vətəndaş elminin inkişaf etdirilməsi e-elmin inkişaf perspektivləri kimi qarşıda durur. 

Şəbəkədə "Eduroam" xidməti  

"Eduroam" ilk dəfə 2002-ci ildə Radius server əsaslı IEEE802.1x texnologiyası ilə, elm və tədqiqat şəbəkələri arasında şəbəkədən istifadə imkanlarını rominq etmək üçün qurulmuşdur. Bu xidmət ilk dəfə Hollandiya, Almaniya, Finlandiya, Portuqaliya, Xorvatiya və Birləşmiş Krallığın institutlarını əhatə etmişdir.

"Eduroam" iyerarxik şəkildə birləşmiş dünya miqyaslı RADIUS serverlər tərəfindən IEEE 802.1x standartları əsasında istifadəçilərin tanınmasını təmin edən şəbəkə infrastrukturuna malikdir. Bu şəbəkənin RADIUS server və IEEE 802.1x standartlarının qarşılıqlı tətbiqi ilə qurulması elm mərkəzləri arasındakı şəbəkələrin təhlükəsiz və rahat təşkilində əsas rol oynayır.

"Eduroam" üzvü təşkilatların istifadəçiləri şəbəkəyə bağlanmaq üçün istifadə olunan istifadəçi adı və şifrə ilə eduroam üzvü olan digər təşkilatda şəbəkəyə bağlana və internet xidmətindən istifadə edə bilər. Bu da istifadəçilərin ölkədaxili və xaric ölkələrin elm və təhsil müəssisələrində internet xidmətlərindən asanlıqla istifadə imkanı yaradır.

 Elm-kompüter şəbəkəsində "Cloud Computing" xidməti  

"Cloud Computing" istifadəçilərə data mərkəzlərin resurslarından istifadə edərək öz məsələlərini həll etməyə və məlumatlarını saxlamağa imkan verən sistemdir. İlk cloud xidməti 2006-cı ildə Amazon tərəfindən təqdim olunmuşdur. Bu xidmət "Amazon Elastic Compute Cloud" adlanır.

"Cloud" hesablama sisteminə qədər kompüter sistemləri "meynfreym" erası, personal kompüter erası, mobil era və "cloud" erası kimi müxtəlif inkişaf mərhələlərindən keçib.

Məhz "cloud" erasında istifadəçi istərsə, hətta bütöv bir data mərkəzin resurslarından istifadə edə bilər. Aparılan tədqiqatlar göstərir ki, ənənəvi sistemlərdə resursların yalnız 70 faizə qədəri səmərəli istifadə olunur. Yaxud, dünyanın müxtəlif yerlərində yerləşən data mərkəzlərdə gecə və ya gündüz olmasından asılı olaraq hesablama yükü kəskin fərqlənir. "Cloud" texnologiyası yükün optimallaşdırılaraq dünyanın müxtəlif yerlərində yerləşən data mərkəzlərə göndərilməsini, dolayısıyla effektiv istifadəni təmin edir. İl ərzində yalnız bir neçə dəfə ağır məsələlərin həlli tələb olunarsa, sırf bu məsələnin həlli üçün avadanlıq almaqdansa "Cloud" xidmətlərdən istifadə etmək daha sərfəlidir. "Cloud" resursları, bizə lazım olan miqdarda və vaxtda təqdim edərək, həm bizi idarəetmə xərclərindən, əlavə avadanlıq alınmasından azad edir, avadanlığın xarabolma riskindən sığortalayır, həm də mobillik imkanı verir. İstifadə etdiyimiz resurslara dünyanın istənilən bölgəsində əlavə sazlamalara ehtiyac qalmadan qoşulmaq olur.

Genişzolaqlı şəbəkəyə çıxış, resursların birləşdirilməsi, çeviklik, elastiklik və ölçülən xidmət kimi xüsusiyyətlər "Cloud Computing"i "Grid Computing" və digər hesablama modellərindən fərqləndirən cəhətlərdir.

Hazırda 20-ə yaxın müxtəlif adda "Cloud" servisi vardır. Bunlardan əsas 3-ü daha çox istifadə olunur:

İnfrastruktur xidməti. Hesablama resursları və yaddaş sistemini icarəyə götürməyə imkan verir. Qısaca desək, bu xidmətdə məsələlərin həlli üçün kompüter infrastrukturu yaradılır. Mövcud olan bu xidmətə "Amazon S3", "Amazon Elastic Computer Cloud" (EC2), "IBM Blue Cloud"u misal göstərmək olar.

Platforma xidməti. İstifadəçilərin virtual serverlərdə yerləşən əməliyyat sistemlərindən və xüsusiləşdirilmiş proqram əlavələrindən (Apache, My SQL,.NET, Visual Studio və s.) istifadə etməsinə imkan yaradır. Bu servisə misal olaraq "IBM IT Factory", "Google App Engine", "Force.com" xidmətlərini göstərə bilərik.

Proqram təminatı xidməti. İstifadəçi ona lazım olan proqramları öz kompüterinə yükləmədən şəbəkə kanallarının köməyi ilə buludlara müraciət edir. Proqramlar bu xidmətin verdiyi provayderin serverində işləyir və istifadəçiyə hesablamaların nəticəsini göndərir. Beləliklə, istifadəçi proqram təminatını almır, lazım gələndə ondan məsələnin həllində istifadə edir və istifadəyə uyğun pul ödəyir. Proqram təminatı xidmətinə misal olaraq "Google Apps", "Google Docs", "Microsoft Software Services" göstərmək olar.

AzScienceNet Data mərkəzində "Cloud Computing" sistemi "Openstack" açıq kodlu proqram təminatından istifadə edərək qurulub. "OpenStack" açıq mənbəli proqram kodlaşdırıcılarının, içtirakçı təşkilatların və bu cloud əməliyyat sistemini quraşdıran və istifadə edən istifadəçilərin icmasıdır. Bu əməliyyat sistemi hesablama, yaddaş, şəbəkə virtuallaşma texnologiyaları kimi resursları götürərək onları data mərkəz səviyyəsində idarə edir.  

Elm-kompüter şəbəkəsində monitorinq və təhlükəsizlik sistemi 

AzScienceNet elm-kompüter şəbəkəsində (EKŞ) monitorinq və təhlükəsizlik sistemi fəaliyyət göstərir. Bu sistem vasitəsilə insidentlər haqqında məlumatların toplanması, analizi və təsnif edilməsi mühüm praktiki əhəmiyyət daşıyır.

AzScienceNet informasiya təhlükəsizliyinin monitorinqi sistemi şəbəkənin fəaliyyətinin təmin edilməsinə, AMEA əməkdaşlarının İnternet resurslarından istifadəsinin monitorinqi və təhlükəsizliyinin təmin edilməsinə yönəlmiş proqram-aparat kompleksidir.

AzScienceNet EKŞ Azərbaycan Milli Elmlər Akademiyasının institut və təşkilatlarını elmi-tədqiqat, elmi-praktiki və tədris məsələlərinin həyata keçirilməsi üçün zəruri olan müasir şəbəkə xidmətləri ilə təmin edir.

AzScienceNet EKŞ-nın yaradılması Azərbaycan elmi-tədqiqat və təhsil mühitini Avropa elmi-tədqiqat və təhsil məkanına inteqrasiya edərək ölkəmizdə dünya standartlarına uyğun texnologiya və xidmətlərin istifadə edilməsinə, tədqiqatçılarımızın bu mühitdə daha səmərəli fəaliyyət göstərməsinə imkan verir.

EKŞ-ın sürətli inkişaf tempinin müxtəlif təhdidlər və nasazlıqlar nəticəsində zəifləməməsi üçün qabaqlayıcı tədbirlər görülməsi vacibdir. Bu tədbirlər AzScienceNet EKŞ-nın iş prosesinin sürətinə təsir göstərmədən şəbəkədə baş verəcək təhdidlərin və nasazlıqların qarşısını almalı və ya operativ həll etməlidir. Bu səbəbdən şəbəkə təhlükəsizliyinin monitorinqi (ŞTM) sistemi EKŞ-nin informasiya təhlükəsizliyi infrastrukturunda əvəzolunmaz komponentə çevrilir.

ŞTM kompüter şəbəkəsini təhdid edən müxtəlif müdaxilələri aşkar etmək və reaksiya vermək üçün əlamətlərin və xəbərdarlıqların analizidir. Vericilərin köməyi ilə kompüter şəbəkəsindən sui-istifadə edən və təhdidlər yaradan informasiya toplusu bir neçə tipə bölünür:  təhlükəli məlumatlar, statistik məlumatlar, sessiya məlumatları və tam  məzmun məlumatlar. Məlumatlar aşkarlandıqdan sonra ən vacib məsələ düzgün interpretasiyadır. Burada ekspertlərin hazırlıq səviyyəsi şübhəsiz müstəsna əhəmiyyətə malikdir. Bu mərhələdə səhv EKŞ-nın təhlükəsizliyinə nəzarətin itirilməsinə gətirib çıxara bilər.

 AzScienceNet EKŞ-nın təhlükəsizliyinin qorunması və monitorinq aparılması üçün ŞTM şəbəkə infrastrukturu və onun bütün elementləri ilə inteqrasiya olunmalıdır. Yerləşdirilmiş aparat və proqram təminatı sisteminin, yenilənən bazası olduğu üçün təhlükələri aşkarlamaq imkanları genişlənir və onlarla mübarizə şəbəkənin müxtəlif səviyyələrində aparıla bilir. ŞTM arxitekturu bütün elementləri ilə birlikdə yüksək nəzarətli infrastruktur formalaşdırır. Bu mexanizm daim dəyişən və inkişaf edən təhlükələrə qarşı şəbəkənin proaktiv mühafizəsinin bilavasitə güclənməsinə kömək edir və eyni zamanda şəbəkənin etibarlılığını artırır.

AzScienceNet informasiya təhlükəsizliyinin monitorinqi sistemi AMEA-nın Rəyasət Heyəti və bütün təşkilatlarına məxsus olan informasiya resursları, informasiya sistemləri və şəbəkələri, tətbiqi proqramlarından hər hansı formada istifadə edən bütün AMEA əməkdaşlarına şamil edilir. 

Beynəlxalq şəbəkələrə inteqrasiya 

Elm və Təhsil Şəbəkələrinin təqdim etdiyi imkanlar sayəsində alimlər öz tədqiqatlarında böyük həcmli verilənlərdən birgə istifadə edir, böyükmiqyaslı elmi layihələr aparır, qabaqcıl şəbəkə texnologiyaları və xidmətləri yaradırlar.

AzScienceNet şəbəkəsinin beynəlxalq əlaqələri 1990-cı illərdən başlamışdır. "Sovam Teleport"-a qoşulan şəbəkədə ilk e-poçt yaradılmış və 1200 bit/san sürətli internet xidməti təmin edilmişdir. Daha sonra Türkiyə, Rusiya və Avropa ilə əlaqələr qurulmuşdur. 1994-cü ildən AMEA Trans-Avropa Elmi Tədqiqat və Təhsil Şəbəkələri Assosiasiyasına qoşulmuş, 2003-cü ildə "Virtual İpək Yolu" layihəsində iştirak etmişdir. 2014-cü ildə isə yeni yaranmış GEANT Assosiasiyasına üzv seçilmişdir. Bu çərçivədə 40-dan çox ölkə ilə əməkdaşlıq edir. GEANT Assosiasiyasının  əsas məqsədi elm və təhsil üçün yüksək keyfiyyətli beynəlxalq İKT infrastrukturunun yaradılması, milli elektron elm və təhsil mühitləri əsasında vahid, qlobal fəzanın formalaşması, elmi məqsədlər üçün istifadə olunan milli və beynəlxalq elektron infrastrukturların təkmilləşdirilməsi məsələlərinin birgə təşkilidir.

GEANT Assosiasiyası AzScienceNet ilə  daha böyük layihələrdə də əməkdaşlıq etmək niyyətindədir. Bununla bağlı AzScienceNet-in Azərbaycanı GEANT Assosiasiyasında və onun layihələrində təmsil etməsi qərarlaşdırılmışdır.

GEANT Assosiasiyasının əsas və ən böyük layihəsi GEANT Layihəsi və bu layihə çərçivəsində yaradılmış GEANT şəbəkəsidir. Bu layihə çərçivəsində IPv6, autentikasiya, təhlükəsizlik, "eduroam" və "cloud" kimi xidmətlər təklif olunur.

GEANT 3+ layihəsi 31 mart 2015-ci il tarixində yekunlaşmışdır. Növbəti mərhələ (G4) üçün Avropa Komissiyası ilə müzakirələr aparılır. Yeni layihədə AzScienceNet iştirak edəcəkdir. Bu layihə HORIZON 2020 proqramı çərçivəsində maliyyələşdiriləcək və 2015-ci ildən etibarən 7 il müddətinə davam edəcəkdir. Layihənin hədəfi "...hər bir avropalı alimi "rəqəmsal alimə" çevirmək, elmi-tədqiqatlarda yaradıcılığı və səmərəliliyi artırmaq, inkişaf etmiş və az inkişaf etmiş regionlar arasındakı fərqi aradan qaldırmaq..." kimi xülasə edilir.

AzScienceNet şəbəkəsinin iştirak etdiyi daha bir layihədə isə Avropanın Şərq tərəfdaşlığı çərçivəsində əməkdaşlıq etdiyi ölkələri birləşdirən E@PConnect elm şəbəkəsinin yaradılması nəzərdə tututlur.

2015-ci il ərzində başlaması planlaşdırılan layihənin koordinatoru GEANT Assosiasiyasıdır. Layihədə regional şəbəkənin yaradılması və GEANT-a qoşulması nəzərdə tutulmuşdur.

E@PConnect  layihəsi müvəffəq olduğu təqdirdə, şərq tərəfdaşlığı regionunda fəaliyyət göstərən 2 milyondan çox alim, gənc tədqiqatçı, müəllim və tələbələrə Avropa Birliyi ilə daha sıx əməkdaşlıq etmək imkanı yaranacaqdır.   

Yazı AMEA İnformasiya Texnologiyaları İnstitutunda keçirilən respublika elmi-praktik seminarın  materialları əsasında hazırlanıb

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov