Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

2 May 2015 - №15

 

Respublika fənn olimpiadalarının qalibləri

 

Ötən həftə təhsil ictimaiyyəti üçün daha bir sevincli hadisə ilə yaddaqalan oldu. Aprelin 18-dən start götürən respublika fənn olimpiadalarının final mərhələsi  aprelin 20-də qaliblərin mükafatlandırılması ilə yekunlaşdı. Təhsil Nazirliyinin verdiyi məlumata əsasən, əvvəlki illərdən fərqli olaraq bu il fənn olimpiadalarının keçirilməsində bir sıra yeniliklər tətbiq olunmuşdu.  İlk dəfə olaraq 3 mərhələdə keçirilən  olimpiadanın I- rayon (şəhər) mərhələsində 8 fənn üzrə 22000 şagird  iştirak edib. 3700 şagirdin iştirakı ilə bu ildən təşkil edilən yarımfinal mərhələsi Bakı, Sumqayıt, Gəncə, Şirvan, Şəki, Mingəçevir, Lənkəran, Şamaxı, Ağdaş, Xaçmaz və Naxçıvanda yerləşən 11 mərkəzdə təşkil olunub. Fənn olimpiadalarının final mərhələsində Azərbaycanın 58 müxtəlif şəhər və rayon məktəblərindən 450 şagird qatılıb. Əvvəlki illərdən fərqli olaraq yoxlamada şəffaflığı və ədalətli qiymətləndirməni təmin etmək üçün olimpiada sualları açıq şəkildə deyil, ilkin mərhələdə test sınağı formasında tətbiq olunub. Bu il olimpiada fənləri sırasına coğrafiya da əlavə edilib. Yarış boyu olduqca gərgin və məsuliyyətli anlar yaşayan şagirdlər öz bilik və bacarıqlarını nümayiş etdiriblər. Onlar arasından yüksək biliyi, intellektual səviyyəsi ilə daha çox fərqlənən  240 nəfər  mükafatçılar sırasına daxil olub. Daha bir yenilik isə ilk dəfə olaraq iştirakçılar arasında  hər bir fənn üzrə "Birincilərin birincisi" nominasiyası üzrə də qaliblərin müəyyənləşdirilməsi və beynəlxalq fənn olimpiadalarında iştirak edəcək namizədlərin seçilməsi idi.

Aprelin 20-də "Kempinski Badamdar" otelində  təhsil naziri Mikayıl Cabbarovun, ali məktəb rektorlarının, millət vəkillərinin , nazirliyin struktur bölmə rəhbərlərinin,  təhsil ekspertlərinin,  məktəb direktorlarının,  qabaqcıl müəllimlərin, valideynlərin  və media nümayəndələrinin  iştirak etdikləri respublika fənn olimpiadalarının final mərhələsi qaliblərinin mükafatlandırılması mərasimində onlarca  yeniyetmə oğlan və qızın ömür səhifələrinə sevincli və qürurverici anlar yazıldı.

Aşağıda respublika fənn olimpiadalarının ən yüksək nəticəyə -I yerə layiq görülən qaliblərindən  bir qrupu haqqında məlumatı və onların təəssüratlarını təqdim edirik.


"Birincilərin birincisi" olduğuma görə çox sevinirəm" 

Şahverdiyev Sirac Mübarız oğlu

2000-ci il  noyabrın 1-də Cəbrayıl rayonu Böyük Mərcanlı kəndində anadan olub. 2007-ci ildə Cəbrayıl rayonu Vüqar Hüseynov adına Daşkəsən kənd tam orta məktəbinin I sinfinə gedib. Hazırda həmin məktəbin VIII sinfində təhsil alır. Bu il keçirilən  respublika fənn olimpiadalarında  IX  siniflərlə birlikdə iştirak edərək yüksək nəticə göstərib.  Tarix fənnindən I yerə, eyni zamanda "Birincilərin birincisi" adına  layiq görülən Sirac  bunları qeyd edir:

- Qızıl medal qazandığıma və "Birincilərin birincisi" olduğuma görə çox sevinirəm. Bu uğurumda təhsil aldığım məktəbimin əvəzsiz rolu var. Mən üstümdə əməyi keçən bütün müəllimlərimin, o cümlədən də tarix fənnini bizlərə tədris edən  Aynur Həşimovanın, yüksək təlim-tərbiyə almağımız üçün yaradılmış şəraitə görə Vüqar Hüseynov adına Daşkəsən kənd tam orta məktəbinin direktoru İlqar Rüstəmovun əməyini xüsusi vurğulamaq istəyirəm.

Biz yeniyetmələrə göstərilən diqqət və qayğıya görə  cənab Prezident İlham Əliyevə minnətdarlığımı bildirirəm. Təhsil aldığım orta məktəb Heydər Əliyev Fondu tərəfindən təmir edilərək biz şagirdlərin istifadəsinə verilmişdir. Buna görə Heydər Əliyev Fondunun  prezidenti, Milli Məclisin deputatı, Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya çox sağ ol deyirik.

Bizə göstərilən etimadı hər zaman doğrultmağa, Azərbaycanımıza layiq övlad olacağımıza çalışacağıq.

  


"Özümü şanslı şagirdlərdən biri hesab edirəm" 

Əliyev Tural İqlam oğlu

1997-ci il  yanvarın 24-də  Bakıda anadan olub. I-VI sinifləri  paytaxtdakı 165 nömrəli tam orta məktəbdə, VII-X sinifləri "Dədə Qorqud" Özəl Türk  Liseyində oxuyub. Hazırda  Bakı "İstək"  liseyinin XI sinif şagirdidir. Fizika fənninə böyük marağı  var, VII sinifdən bu fənni  daha ətraflı, dərindən və mükəmməl şəkildə öyrənməyə başlayıb.  Fənn olimpiadalarında  IX  sinifdən etibarən iştirak edir. IX  sinifdə respublika fənn olimpiadalarında  III,  X sinifdə I  yerlərə layiq görülüb.  Tural  xarici ölkələrdə keçirilən  bir neçə beynəlxalq olimpiadalarda da iştirak edib.  Belə ki, X sinifdə  oxuyarkən Qazaxıstanda keçirilən  məktəblilərin  X beynəlxalq  fizika-riyaziyyat və informatika olimpiadasında  gümüş, Sinqapurda təşkil olunan   fizika olimpiadasında isə  IV  yerə layiq görülüb. Bundan başqa Tural 86 ölkənin iştirak etdiyi və  ötən il 45-cisi keçirilən İPhO-da (beynəlxalq fizika olimpiadası) da bürünc medala layiq görülüb. Sevinc hissini paylaşan Tural bildirir:

- Belə bir olimpiadada iştirak etdiyimə görə özümü şanslı şagirdlərdən biri hesab edirəm. Çoxlu sayda şagirdin içərisindən seçilib tanınmaq hər bir kəsə müyəssər olmur. Bu işdə müəllimlərimin və valideynlərimin rolu danılmazdır. Məhz onların yaratdığı şərait, verdikləri  dəyərli məsləhətlər, eyni zamanda zəhmətim   sayəsində uğur əldə etdim. Mən bütün qalib şagirdləri əldə etdikləri nailiyyət münasibəti ilə təbrik edirəm.

 

 


Ən böyük arzusu yüksək nəticə göstərərək ali məktəbə daxil olmaqdır 

Hacılı Nərmin Fərman qızı 

1997-ci il avqustun 24-də Bakıda  anadan olub. 2004-cü ildə Bakıdakı 240 nömrəli tam orta məktəbin  I sinfinə gedib. Hazırda həmin məktəbin  XI sinfində təhsil alır. Dərs əlaçısı olan Nərmin hər zaman fəallığı ilə də seçilir. Bu yeniyetmə qız 2014-cü ildə "Azərbaycan Hüquq İslahatları Mərkəzi" İctimai Birliyi və "Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti"nin (GİZ) birgə həyata keçirdiyi "Hüquq və mən" layihəsi çərçivəsində təşkil olunan hüquqi təlimlərdə xüsusi fərqləndiyinə görə fəxri fərmanla təltif olunub.

Respublikamızda keçirilən fənn olimpiadalarında da öz bilik və bacarığını sınayan Nərmin 2011-ci ildə biologiya, 2014-cü ildə isə coğrafiya fənləri üzrə rayon turlarının qalibi olub.  Bu il isə onun üçün daha uğurlu  və yaddaqalan oldu. Belə ki, Nərmin  respublika fənn olimpiadalarında  coğrafiya üzrə I yer tutmaqla bərabər  "Birincilərin birincisi" adına da layiq görülüb.      

Nərmin fənn olimpiadalarının tam şəffaf və  obyektiv keçirildiyini xüsusi qeyd edərək,  biliyinə belə yüksək qiymət verdiklərinə, onu birincilərin birincisi seçdiklərinə görə əməyi keçən münsiflər heyətinə və bilik yarışını gözəl səviyyədə keçirən Təhsil Nazirliyinə təşəkkürünü bildirdi.

Qarşıda Nərmini daha bir sınaq gözləyir. II  ixtisas qrupu üzrə TQDK-nın keçirəcəyi qəbul imtahanına hazırlaşan yeniyetmənin ən böyük arzusu yüksək nəticə göstərərək  seçdiyi ali məktəbə qəbul olunmaqdır.  

 


"Sözün düzün desəm, birinci olmağı gözləmirdim" 

Əliyev Cavad Əbdülhəsən oğlu  

2000-ci il sentyabrın 20-də  Bakı şəhərində anadan olub. İbtidai təhsilini Bakıdakı 145 nömrəli  tam orta məktəbdə alıb. Daha sonra V sinifdə Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyinə qəbul olunub. Hazırda  IX sinifdə oxuyur.

- İlk dəfə idi ki, belə bir mötəbər olimpiadada iştirak edirdim. Coğrafiya ən çox sevdiyim fəndir. Belə bir olimpiadanın keçirildiyini biləndə orada iştirak etmək qərarına gəldim. Sözün düzün desəm, 1-ci olmağı gözləmirdim və nəticələr elan olanda, adımı birincilər siyahısında eşidəndə çox sevindim. Buna gorə, ilk növbədə, məni dəstəkləyən valideynlərimə, təhsil aldığım liseyin müəllimlərinə minnətdaram. Olimpiada sualları həqiqətən də çətin idi və cavab verərkən bir qədər düşünməli olurdum.

Bu olimpiada mənə bir sıra məqamlara xüsusi diqqət yetirməyi öyrətdi.  Gələcək illərimdə də belə olimpiadalarda iştirak etməyi çox istəyirəm.

 

 

 

  


"Mənə olan bu yüksək etimadı doğrultmağa çalışacağam" 

Qaralova Nərgiz Bəhram qızı

1999-cu il martın 3-də Bakıda  anadan olub. 2005-ci ildə  112  nömrəli  tam orta məktəbin  I sinfinə daxil olub. Hazırda  X sinifdə təhsil alır. Bu il keçirilən  respublika fənn  olimpiadalarında  Azərbaycan dili  üzrə  yüksək nəticə göstərərək I  yerə layiq görülüb.  Nərgiz Qaralova  builki respublika fənn olimpiadalarının yüksək səviyyədə keçirildiyini söyləyir:

- Fənn olimpiadalarının bütün mərhələləri obyektiv və aşkarlıq şəraitində təşkil  olunmuşdu. Təşkilati  işlər də çox yaxşı idi. Bizim üçün yaradılan  şəraitə görə   Təhsil Nazirliyinin  nümayəndələrinə təşəkkür edirəm.

Əldə etdiyim uğur mənim üzərimə daha bir məsuliyyət qoydu. Mənə olan bu yüksək etimadı doğrultmağa çalışacağam.

 

 

 

 


"Həqiqətən də olimpiada yüksək səviyyədə təşkil olunmuşdu" 

Səmədov İlham Hacıbala oğlu 

1997-ci il dekabrın 17-də  Neftçala rayonunun Kürkənd kəndində anadan olub. Hazırda Nizami Gəncəvi adına Neftçala şəhər  3 nömrəli  tam orta məktəbin XI  sinif şagirdidir. Dərs əlaçısı olmaqla bərabər müxtəlif  bilik yarışlarında iştirak edərək uğurlar qazanıb.  Respublika fənn olimpiadalarının final turunda coğrafiya üzrə I yeri tutaraq  qızıl medala layiq görülüb.

İlham Beynəlxalq Təhsil Mərkəzinin  "Araz" kurslarının 2012-ci ilin aprelində keçirdiyi bilik yarışlarında  zona birincisi, 2012-ci ilin noyabr və 2013-cü ilin mart aylarında  respublika birincisi olub.  Hər zaman fəallığı ilə seçilən yeniyetmə 2014-cü ilin avqustunda  "Ölkəmizi tanıyaq" layihəsi çərçivəsində Gəncə-Şəmkir şəhərlərində keçirilən tədbirdə fəal iştirak etdiyinə görə Mədəniyyət və Turizm Nazirliyinin xüsusi sertifikatına layiq görülüb.

İlham keçirilmiş bilik yarışının və qazandığı uğurun  onun həyatında unudulmaz iz qoyduğunu söyləyir:

- Həqiqətən də olimpiada yüksək səviyyədə təşkil olunmuşdu. Biz şagirdlərə  tam obyektiv və şəffaf  bir mühitdə öz biliyimizi nümayiş etdirmək  üçün  geniş imkan yaradılmışdı. Bilik və bacarığımızı nümayiş etdirməklə bərabər oteldə qaldığımız müddətdə asudə vaxtımızı da səmərəli və mənalı  keçirdik. Bir şagird kimi belə bir yüksək nəticə əldə etməyimlə qürur və sevinc hissi duyuram. Nə yaxşı ki, belə bir nüfuzlu olimpiadada iştirak etmək mənə də nəsib oldu.

 


"Sevinirəm ki, müəllimlərimin çəkdiyi zəhmət hədər getmədi" 

Muradov Fərid Cavanşir oğlu 

1998-ci il avqustun 19-da  Ağdam rayonunda anadan olub. 2004-cü ildə Bakı şəhərindəki 17 nömrəli məktəbin birinci sinfinə gedib. 2011-ci ildən Avropa Azərbaycan Məktəbində  təhsil alır. XI sinif şagirdidir.

Avropa  Azərbaycan  Məktəbində oxuduğu illərdə bir sıra uğurlara imza atıan yeniyetmə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun keçirdiyi qrant müsabiqəsinin qalibi olub. Rusiyada riyaziyyat üzrə beynəlxalq distant olimpiadasında II yer tutub.  2013-cü ildə məktəblilərarası keçirilən İnformatika Layihə Olimpiadasında iştirak edib.  2014-cü ildə "Məqalələr silsiləsi" adlı ilk kitabı işıq üzü görüb.

2014-cü ildə respublika fənn olimpiadalarında  tarix üzrə  IV yeri tutub. Bu il isə respublika fənn olimpiadalarında tarix fənni üzrə I yerə layiq görüldü. Fərid fikirlərini bizimlə bölüşür:

- Keçən il yığdığım təcrübə builki olimpiadada köməyimə çatdı. Əmin idim ki, olimpiadada qalib olacağam. Məqsədimə nail olmaq üçün biliklərimi daha da artırmağa başladım, tarixlə bağlı çoxlu  kitablar oxuyurdum və məktəbdə keçirilən materialları tez-tez təkrarlayırdım. Onu da qeyd edim ki,  olimpiadaya hazırlıqla bağlı məktəbimizdə xüsusi proqram hazırlanmışdı. Həmin proqrama uyğun olaraq şagirdlərin fənn olimpiadasında iştirak edəcəyi fənlər üzrə intensiv hazırlıqlar aparılırdı.

Oxuduğum təhsil ocağında mənə tarix fənnini tədris edən Namiq Məmmədovun olimpiadada uğur qazanmağımda müstəsna rolu vardır. Sevinirəm ki, müəllimlərimin çəkdiyi zəhmət hədər getmədi.

Builki olimpiada öz möhtəşəmliyi ilə daha yaddaqalan oldu. Mükafatlandırma mərasimində təhsil nazirinin olimpiada qaliblərinə səmimi münasibəti, orada iştirak edən millət vəkillərinin, tanınmış alimlərin, digər nüfuzlu insanların ünvanımıza  xoş sözlər söyləməsi  bizi daha da ruhlandırdı. Bizə etimad göstərən bütün şəxslərə öz minnətdarlığımı bildirirəm. Fikrimcə, fənn olimpiadalarında əldə etdiyimiz təcrübə gələcək fəaliyyətimizdə mühüm rol oynayacaq.


"Oxuduğum liseyə başucalığı gətirdiyim üçün fərəh duyuram" 

Ağayev İsmət Fabil oğlu

1998-ci il yanvarın 8-də  Quba rayonunun  Çağacıq kəndində anadan olub.  Quba  "İstək" liseyinin XI sinif şagirdidir. 11 il ərzində savadlı, hazırlıqlı, nümunəvi bir şagird kimi tanınıb. Dərs əlaçısıdır. Ən çox sevdiyi fənn riyaziyyatdır. VII sinifdən respublikamızda təşkil olunan olimpiadalara, IX sinifdən isə  bir sıra xarici ölkələrdə keçirilən beynəlxalq  bilik yarışlarına qatılan və müvafiq yerlərə layiq görülən İsmətin  bu sahədə kifayət qədər təcrübəsi var. O, VIII sinifdə fənn olimpiadalarının respublika turunda I, IX sinifdə II, X sinifdə III yerləri tutub. Bu il isə İsmət üçün daha uğurlu olub. Belə ki, istedadlı yeniyetmə yüksək bilik nümayiş etdirərək həm riyaziyyat fənni üzrə I yerə, həm də "Birincilərin birincisi" adına layiq görülüb. İkiqat sevinc hissi yaşayan İsmət deyir:

- Sevincimin hədd-hüdudu yoxdur. Çəkdiyim zəhmətin bəhrəsini gördüm. Çoxlu sayda şagird  içərisindən I yerə layiq görülməyimlə bərabər  "Birincilərin birincisi" adını qazanmaq mənim üçün qürurvericidir. Təmsil etdiyim rayona, oxuduğum liseyə başucalığı gətirdiyim üçün fərəh duyuram.

Olimpiadanın keçirildiyi 3 gün ərzində qaldığımız  "Kempinski Badamdar" otelində bizim rahat işləməyimiz, eyni zamanda asudə vaxtımızın səmərəli təşkili üçün hər cür şərait yaradılmışdı.

 Qəzetinizin mənə verdiyi imkandan istifadə edərək bütün şagirdlər adından olimpiadanın belə gözəl və möhtəşəm təşkili  üçün təhsil naziri Mikayıl Cabbarova minnətdarlığımı bildirirəm. Qarşıda məni daha bir sınaq  gözləyir. Yunanıstanın paytaxtı  Afinada keçiriləcək olimpiadada iştirak edəcəyəm. İnanıram ki, mənə olan ümidləri doğruldaraq Vətənimə qələbə ilə dönəcəyəm.


"Hər bir şagirdə mənim qazandığım uğuru arzu edirəm" 

Əfəndiyev Eldar İlqar oğlu 

2000-ci il mayın 14-də Sumqayıt şəhərində ziyalı ailəsində anadan olub. Sumqayıt şəhər Təbiət elmləri təmayüllü gimnaziyanın IX  sinfində təhsil alır. Eldar VII sinifdə oxuyarkən riyaziyyat fənni üzrə şəhər ikincisi, VIII sinifdə isə biologiya fənni üzrə şəhər birincisi olub. İlk böyük  uğuruna  isə bu il imza atıb.  Belə ki, respublika  fənn olimpiadalarında biologiyadan həm  I yerə, həm də olimpiadanın  xüsusi nominasiyası olan  "Birincilərin birincisi"nə layiq görülüb.  Yeniyetmə əldə  etdiyi  nailiyyət  barədə belə deyir:

- İlk növbədə, valideynlərimə,  yaxınlarıma, təhsil aldığım gimnaziyanın müəllim kollektivinə  bu sevinci yaşatdığım üçün sevinir və qürur hissi keçirirəm. Təbii ki, əldə etdiyim nailiyyət, eyni zamanda doğma təhsil ocağımın uğurudur.  Bu bilik yarışına məni hazırlayan biologiya müəllimi Sevil  Ağayevaya, sinif rəhbərimiz biologiya müəllimi Aygün Əhmədovaya minnətdarlığımı  bildirirəm. Hər bir şagirdə mənim qazandığım uğuru arzu edirəm. Belə olimpiadalar biz yeniyetmələrə  öz istedadımızı  və  yüksək biliyimizi  nümayiş etdirməyə gözəl şans yaradır. 

 

Hazırladılar: Samirə KƏRİMOVA, Sifai SƏFƏROVA,

"Azərbaycan müəllimi"

 

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov