Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

2 May 2015 - №15

 

12 illik təhsilə keçid bizə nə vəd edir?

 

Niyazi RƏHİMOV,
"Azərbaycan müəllimi"

Son illər ölkəmizdə təhsil sahəsində, xüsusən də ümumi təhsilin məzmununda aparılan islahatlar 12 illik ümumi təhsilə keçidi aktuallaşdırıb. Nəticədə bu məsələ  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2013-cü il 24 oktyabr tarixli sərəncamı ilə təsdiq olunmuş "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nda öz əksini tapıb. Dövlət Strategiyasında 12 illik ümumi təhsilə keçidin zəruriliyi əsaslandırılaraq qeyd olunub ki, qloballaşan dünyamızda təhsilin və elmin sürətli şəkildə inkişafı, bununla bağlı mövzuların, informasiyanın çoxluğu bu məsələnin vacibliyini ön plana çıxarır.  Nəzərə çatdıraq ki, dünyanın təhsil sahəsində inkişaf etmiş ölkələrində  də təhsil müddətinin tədricən artırılması istiqamətində addımlar çoxdan atılmağa başlanıb. İndi artıq bir çox ölkələrdə 12 illik ümumi təhsil mövcuddur. Bəzi ölkələrdə isə hətta 13-14 illik ümumi təhsil tətbiq olunur. Ölkəmizdə də yeniliyin tətbiqi üçün artıq qərar verilib. Bəs 12 illik umumi təhsilə keçid bizə nə vəd edir? 12 illik təhsildə ümumi təhsilin pillələri necə olmalıdır? Hazırda təhsil ictimaiyyətini maraqlandıran və geniş müzakirə olunan bu məsələlərə aydınlıq gətirmək üçün mütəxəssislərin fikirlərini öyrəndik. 

 


Əjdər AĞAYEV,
Qafqaz Universitetinin kafedra müdiri,
pedaqoji elmlər doktoru, professor, əməkdar müəllim
 

Dünyanın inkişaf etmiş ölkələrində ümumi təhsilin müddəti və pillələrinin müxtəlif olduğu bəllidir. Lakin ölkələrarası əlaqələr inkişaf etdikcə digər sahələrdə olduğu kimi, təhsil sahəsində də qarşılıqlı münasibətlər artır və bir-birinin təcrübəsindən istifadə genişlənir. Düşünürəm ki, Azərbaycanda ümumi təhsilin 12 illik müddətdə başa çatdırılması ideyası da inkişaf etmiş ölkələrin təcrübəsinə inteqrasiya məqsədi daşıyır.

Qeyd etməliyəm ki, bu ideya ilə əlaqədar ölkəmizdə müxtəlif fikirlər mövcuddur. Valideynlərin bir qrupu ilə söhbətdən bəlli olur ki, onlar 12 illik təhsilə keçilməsini istəmirlər. Ziyalıların bir qrupu ilə söhbətdən aydınlaşır ki, əvvəlcə respublikanın hər yerində mövcud ümumtəhsil məktəblərində təlim-tədris işlərini müasirləşdirmək, keyfiyyət göstəricilərini artırmaq, dərs deyən müəllimlərin ixtisasartırmadan bütünlüklə keçməsini təmin etmək lazımdır. Onlar bildirirlər ki, hazırda lisey və gimnaziyaları çıxmaq şərtilə, digər adi ümumtəhsil məktəblərində tədris səviyyəsi aşağıdır. Müəllimlərin əksəriyyəti bacarsa da, bacarmasa da məktəbdəki səthi məşğələsindən sonra evində ödənişli repetitorluqla məşğul olur. Yuxarı sinif şagirdlərinin məktəblərə davamiyyətləri normal deyil. Ona görə də 12 ildə tam orta təhsilə mükəmməl yiyələnmək üçün ümumtəhsil məktəblərindəki mövcud qüsurlar aradan qaldırılmalı, 12 illik yeni sistemə keçilməlidir.

Düşünürəm ki, 12 illik tam orta təhsil sistemini bərqərar etmək üçün ciddi sistem-struktur işi aparılmalıdır. Bunun üçün sivil ölkələrin təcrübəsindən istifadə etmək fayda verər. Eyni zamanda milli-mənəvi xüsusiyyətlər, fizioloji-intellektual imkanlarımız da unudulmamalıdır.

Mənə belə gəlir ki, Azərbaycanda tam orta təhsilin 4+5+3 sistemini tətbiq etmək olar. Əgər biz Türkiyədə olduğu kimi 4+4+4, yaxud Ərəb Əmirliklərindəki 6+3+3 və digər buna bənzər sistemlərə uyğunlaşmaq istəsək, mövcud təhsil sistemi təcrübəmizdən çox uzaqlaşmış olarıq. Ona görə də biz 4+5+3 sistemi ilə 12 illik tam orta təhsili tətbiq edərək, tədris planı, proqram və dərslikləri ona uyğun hazırlamalıyıq. Düşünürəm ki, 12-ci ilin tədris planının məqsədəuyğun müəyyənləşdirilməsi çox vacibdir. Təhsi işçilərindən bəziləri elə düşünürlər ki, guya 12-ci tədris ili repetitorluq məktəbini əvəz edəcək və evlərdə repetitorluq fəaliyyəti zəifləyəcək. Mənə görə bu, düzgün yanaşma deyil. 12-ci ildə müəyyən peşəyönümü imkanlarını artırmaq olar. Lakin tədris planı üzrə dövlət standartları bütün fənlər üzrə yerinə yetirilməlidir. "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nda göstərilir ki, təhsilin məzmunu (tədris planı, standartlar və dərsliklər) uşaqların yaşına və təcrübəsinə, anlaq imkanlarına uyğun olaraq yenidən işlənməlidir. Burada siniflər üzrə proqramların yüngülləşdirilməsi və inteqrasiyadan istifadə etməklə fənlərin tədrisini sona qədər davamlı, məntiqi əlaqəli, varislik və müasirlik nəzərə alınmaqla tətbiq etmək olar. Hər halda bu barədə həvəskarlar deyil, mütəxəssislər, bu işlərlə məşğul olan alimlər ciddi düşünməli, 12 illik tam orta təhsilin sistem-strukturu və mahiyyətini, məzmununu əks etdirən layihə meydana qoymalıdırlar. İctimai fikrin nəzərə alınması da faydalı ola bilər...

Ümumtəhsilin 12 illik tam orta təhsil səviyyəsində nəzərdə tutulması və tətbiqinin faydalı olacağı fikrindəyəm.


Ənvər ABBASOV,
Təhsil Problemləri İnstitutunun direktor müavini, dosen

Azərbaycanda təhsil standartlarının prioritet istiqamətlərindən birini 12 illik təhsilə keçid təşkil edir. Məlum olduğu kimi, bu məsələ "Azərbaycan-2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasında müasir təhsil sisteminin formalaşdırılmasının komponentlərindən biri kimi qeyd olunmuş, daha sonra "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nda mühüm strateji məsələ kimi nəzərdə tutulmuşdur. Bu məsələnin hazırkı zamanda zəruri ümumi təhsil problemi kimi meydana çıxması heç də təsadüfən yaranmamışdır. Azərbaycanda sosial inkişafın müasir səviyyəsi Avropa, bütövlükdə dünya təhsilinə inteqrasiya özünün bir sıra məzmun və struktur tələbləri səviyyəsində bu ehtiyacı doğurmuşdur. Ölkələr arasında təhsil əlaqələrinin daha mobil və uğurlu qurulması zərurəti belə bir tələbatı meydana çıxarmışdır. Bundan əlavə, məktəbin humanist tələblər əsasında inkişaf etməsində şagirdin təlim maraqlarının nəzərə alınması, onların gündəlik dərs saatlarının, o cümlədən dərs yükünün yüngülləşdirilməsi istiqamətində normallaşdırılması da ümumi təhsilin müddətinin uzadılaraq 12 illik olmasına rəvac vermişdir.

Ümumi təhsilin 12 illik olması ilk növbədə yeni strukturun formalaşmasını tələb edir. Bunun üçün onun yeni optimal modelinin müəyyənləşdirilməsi zəruri hesab olunur. Hökumətin təhsil siyasətində icbari təhsilin on, təmayüllər üzrə təhsilin isə ikiillik müddəti müəyyənləşdirilmişdir. Bununla yanaşı, ibtidai və ümumi orta təhsil səviyyələrini əhatə edən icbari təhsilin yeni modelinin konkretləşdirilməsi hazırda öz həllini gözləyir.

İlkin araşdırmalar belə qənaətə gəlməyə imkan verir ki, ümumi təhsilin hər hansı modelinin qəbul olunmasında ciddi araşdırmalar aparmaqla  dünyanın mövcud təcrübəsini öyrənmək, bununla da  yalnız vəziyyəti müəyyənləşdirmək mümkündür.  Lakin Azərbaycan üçün yeni ümumi təhsil modelinin müəyyən olunmasında xarici təcrübənin öyrənilməsi ilə yanaşı, yerli şərait, potensial imkanlara, ümumi təhsil sahəsində əldə olunmuş çoxillik təcrübələrə də istinad edilməlidir. Əslində ümumi təhsilin strukturunun müəyyənləşdirilməsi onun fəaliyyət imkanlarının müəyyən olunması deməkdir. Təhsilşünaslar ümumi təhsilin strukturunun müəyyənləşdirilməsində didaktikaya aid araşdırmalara daha çox yer ayırmaqla onun nəzəri-pedaqoji əsasda müəyyənləşdirilməsinə önəm verirlər. Şübhəsiz, Azərbaycanda da ümumi təhsilin səviyyələr baxımından struktur komponentlərinin müəyyən olunmasında elmi-pedaqoji tədqiqatların aparılmasına, hər hansı qənaətlərə gəlinməsinə və müəyyənliyin yaradılmasına ehtiyac vardır. Ona görə də bu istiqamətlərdə də tədbirlərin görülməsi bir zərurət kimi aydın hiss edilir.

Ümumi təhsilin yeni strukturu yeni mahiyyət və məzmun daşıdıqda daha faydalı olmaqla effektiv təsir bağışlayır. Bu mənada respublikamızda ümumi təhsilin 12 illik strukturunda mahiyyət etibarı ilə yeni məzmunun ehtiva olunması nəzərdə tutulur. Ümumiləşmiş şəkildə bu məzmun şagird şəxsiyyətində formalaşacaq zəruri bilik və bacarıqlar əsasında səriştələrdən ibarət dəyərləri, başqa sözlə, mədəniyyətləri əhatə edir. Bu isə o deməkdir ki, ümumi təhsil məktəbi özünün fəaliyyətini humanitar məqsədlərə yönəltməklə yeni bir missiya daşıyır. Eyni zamanda ümumi təhsil şəxsiyyətyönlü fəaliyyətində şagirdin hərtərəfli inkişafını təmin etməklə onun şəxsiyyət kimi formalaşmasını önə çəkir. Məntiqi, tənqidi və yaradıcı təfəkkürün formalaşmasında yeni imkan yaradır. Təcrübələr də onu göstərir ki, şagird idrakının, eləcə də təfəkkürünün inkişaf etdirilməsi yalnız düşüncə, təfəkkür məktəbində mümkündür.

Bu gün Azərbaycanda 12 illik təhsil sahəsində həyata keçirilən ilkin tədbirlər, atılan perspektiv addımlar düşüncə məktəbindən xəbər verir. İntellektual potensialın inkişafına doğru istiqamətlənmiş fəaliyyətlərin start götürdüyünu diktə edir.

12 illik ümumi təhsilin üfüqlərində şagirdə daha çox sərbəstlik veriləcəyi, onun bacarıq və qabiliyyətlərinin inkişafına, düşüncə mədəniyyətinin formalaşmasına, kreativ bir şəxsiyyət kimi yetişəcəyinə  imkan yaradılacağı aydın görünür.

12 illik ümumi təhsilin daha çox inteqrativ xarakter daşıması da mühüm keyfiyyətlərdən biridir. Bunun təmin olunması üçün birinci növbədə məktəbin məzmununu inteqrativ müstəvidə təhlil etmək lazım gələcəkdir. Bu zaman həm təcrübədə mövcud olan vəziyyət meydana çıxarılacaq, həm də fənlərarası və fəndaxili inteqrasiya əsasında gözlənilən əlaqələrin müəyyən olunması rəsmi inteqrasiyanın yaranmasına təminat verəcəkdir.  Eyni zamanda müəllimin təlim prosesindəki interaktiv fəaliyyəti istiqamətləndiriləcəkdir.


Vidadi BAĞIROV,
təhsil eksperti

Əslində ümumtəhsil məktəbində təhsil səviyyələrinin neçə illik olması tapmaca xarakterli olmamalıdır. Yəni dünyada bu qədər müddətdir, bizdə də belə olsun yanaşması  həmişə faydalı olmaya da bilər. Təbii ki, dünya təcrübəsindən yararlanmadan, ondan istifadə etmədən, dünyaya inteqrasiya olunmadan uğur qazanmaq, inkişaf etmək mümkün olmadığı  kimi, dünyada olanları yerli şərait nəzərə alınmadan, uyğunlaşdırmadan, olduğu kimi tətbiq olunması da həmişə yaxşı nəticələrə gətirib çıxarmaya da bilər.  Respublikamız müstəqillik qazandıqdan sonra təhsillə bağlı atılan addımlara nəzər saldıqda görürük ki, nə qədər faydalı işlər görülmüş, dünyanın qabaqcıl ölkələrinin təcrübəsindən bəhrələnilmiş, təhsilimizin səviyyəsi xeyli yüksəlmişdir. Digər tərəfdən də illərin təcrübəsi göstərir ki, tətbiq olunan yeniliklər yerli şəraitə uyğunlaşdırılaraq tətbiq olunarsa, həm vaxt baxımından, həm də keyfiyyət baxımından daha uğurlu nəticələrə nail olunar.

12 illik  ümumi təhsildə pillələrin neçə ildən ibarət olması ilə bağlı dünya təcrübəsində müxtəlif variantlar var. Bu variantlar artıq təcrübədən çıxıb. Buna baxmayaraq bizim ölkəmizdə hansı variantın üzərində durulması  barədə elmi araşdırmalar aparılaraq uğurlu bir qərar verməyə ciddi ehtiyac  duyulur. Düşünürəm ki, hazırda bu həm rəsmi qurumları, həm də mütəxəssisləri düşündürür. Bir neçə ildir ki, ölkəmizdə dünya təcrübəsinə əsaslanan yeni kurikulum tətbiq edilir və bu haqda müəyyən ilkin təsəvvürlər də yaranıb. Hətta ibtidai təhsil pilləsindən artıq ikinci buraxılış olacaq.  Deməli,  bu pillə ilə bağlı  fikirlərin söylənilməsinə daha real zəmin də vardır. Müəllimlərin də, mütəxəssislərin də, valideynlərin də fikirlərini ümumiləşdirsək görərik ki, cəmiyyətin xeyli hissəsi ibtidai siniflərdə yeni kurikulumun tətbiqindən o qədər də razılıqla danışmırlar və səbəb kimi də əsasən ibtidai təhsil kurikulumunun çətin və mücərrəd olması, uşaqların yükünün artdığını göstərirlər. Bu gün məktəbdə oxumağa başlayan uşaqların qamət əyriliyinin, fikir yayğınlığının, əsəbiliyinin və digər fəsadlarının olmasında ibtidai təhsil səviyyəsinin 4 il olmasının və müəllim tərəfindən müəyyən materialların fiziki olaraq həddən çox yüklənməsinin rolu az deyildir. Bu baxımdan yanaşdıqda bizim şəraitimizdə (müəllimlərin, valideynlərin, ümumən cəmiyyətin hazırlığı baxımından ) ibtidai təhsil səviyyəsinin vaxtının  5 il olması başa düşülən, məntiqi və ümumi işin xeyrinə olardı. Hər kəsə bəllidir ki, ibtidai təhsil səviyyəsində  keyfiyyətli təhsil verilməsi uşaqların məktəbdə sonrakı səviyyələrdə uğur qazanmalarının əsasıdır. Bütün hallarda bu müddətin bir il artırılması bünövrənin möhkəmlənməsində həm keyfiyyət baxımından öz müsbət təsirini göstərəcək, həm də  uşaqlarımızın həddən çox yüklənməsinin müəyyən mənada qarşısını alacaq, onların sağlamlıqlarına ciddi fayda verəcəkdir.   

Bəs tam orta təhsil səviyyəsi neçə il olmalıdır?

Uzun illərin təcrübəsi də, repetitorların da, ali məktəblərə hazırlıq kurslarının da təcrübəsindən demək olar ki, hazırkı vəziyyətdə iki il uşaqların ali məktəblərə istiqamətlənməsi, konkret olaraq sahə ilə bağlı bilik və bacarıqların əldə edilməsində kifayət edir. Həm də repetitorluğun ciddi şəkildə ortada olduğu bir  şəraitdə tam orta təhsil səviyyəsində illərin uzadılması valideynlərin büdcəsinə də təsir edə bilər ki, bu da cəmiyyətdə heç də birmənalı razılıqla qarşılanmaz, narahatlıqlara da səbəb ola bilər. Bu məntiqlə yanaşdıqda tam orta təhsil səviyyəsinin  2 il olması məqsədəmüvafiqdir.

Ümumi orta təhsil səviyyəsi şagirdlərin bilik və bacarıq əldə etməsində, həmçinin bir şəxsiyyət kimi formalaşmasında, cəmiyyətə tamhüquqlu bir vətəndaş  kimi qoşula bilməsində çox vacib bir mərhələdir. Bu baxımdan bu mərhələnin elə indiki kimi 5 il qalması məntiqi və real olardı. Bütün bunları nəzərə alaraq 12 illik ümumtəhsil məktəbinin təhsil səviyyələrinin aşağıdakı kimi olmasını məqsədəmüvafiq hesab edirəm:

- İbtidai təhsil səviyyəsi - 5 il

- orta təhsil səviyyəsi - 5 il

- tam orta təhsil səviyyəsi  - 2 il

Burada vacib bir məqam da diqqətdə  saxlanılmalı, mümkün qədər yaxın müddətdə ciddi addımlar atılmalıdır. Bu, orta təhsil səviyyəsini  bitirən və təhsillərini ali və orta ixtisas məktəblərində davam etdirməyən uşaqlarla bağlıdır. Bu uşaqların yaşı  16 ətrafında olur ki, bu yaşda onların yaşlarına və sağlamlıqlarına uyğun iş tapmaq ehtimalı çox aşağıdır. Belə olan təqdirdə bu  uşaqların peşə liseylərinə cəlb olunması  ən aktual məsələlərdəndir. Bu yolla onlar sadə peşə sahibləri kimi formalaşarlar ki, gələcəkdə əmək bazarında peşəkarlıqlarına görə iş tapa bilərlər. Deməli, uğurlu nəticə əldə etmək üçün həm iri şəhərlərdə, həm də bölgələrdə peşə liseyləri  şəbəkəsinin yaradılması çox vacibdir.

Əlbəttə ki, bu bir subyektiv fikirdir. Bəlkə də bu variant bir keçid müddəti üçün olar, sonra dəyişdirilər, yaxud da ki, mərhələlərlə həyata keçirilə bilər. Ola bilər ki,  əvvəlcə pilot layihələr kimi reallaşdırılsın və s. İstərdik ki, sözügedən məsələ ilə bağlı daha çox fikirlər öyrənilsin, təkliflər araşdırılsın. Yeri gəlimişkən, "Azərbaycan müəllimi" qəzetinin bütün aktual məsələlərdə olduğu kimi bu məsələyə də diqqətlə yanaşması, müzakirə müstəvisinə çıxarması təqdirəlayiqdir.


Buludxan XƏLİLOV,
filologiya üzrə elmlər doktoru, professor
 

Dünya ölkələrinin əksəriyyətində çoxdan tətbiq olunan 12 illik təhsil sistemi, inanırıq ki, təhsilimizə yeni-yeni nailiyyətlər gətirəcəkdir. Onu da qeyd edək ki, 12 illik ümumi təhsil 170-dən çox ölkədə tətbiq olunur. Bunların sırasında ABŞ, Finlandiya, Cənubi Koreya, Polşa və digər ölkələr seçilir. Bu da məlumdur ki, bəzi ölkələrdə 14 illik təhsil də mövcuddur. Məsələn, Kanada, Fransa, Niderland, Çexiya və digər ölkələr bu qəbildəndir. Bir qism ölkələrdə, o cümlədən Azərbaycanda təhsilin müddəti 11 ildir. Azərbaycanda 12 illik ümumi təhsilə keçildikdən sonra 10 illik icbari ümumi orta təhsil və 2 illik tam orta təhsil modeli tətbiq olunacaqdır. Bu model mərhələli şəkildə həyata keçiriləcəkdir. Hazırda 9 illik icbari təhsil pilləsinə 1 il artırmaqla 10 illik icbari ümumi orta təhsil və 2 illik tam orta təhsil pilləsi yaradılacaqdır. Bu təhsil modelinə keçmək təhsilin keyfiyyətinin yüksəlməsinə xidmət edəcəkdir. Azərbaycanda 12 illik təhsilə keçid bir sıra nailiyyətlərə və yeniliklərə gətirib çıxara bilər. Bizcə, yüksək səviyyəli, yetkin və kamil vətəndaş hazırlamaq üçün təhsilin bu modelinə keçmək vacibdir. Başqa bir cəhətdən onu da qeyd edək ki, təhsil proqramlarını yüksək səviyyədə yerinə yetirmək üçün 12 illik təhsil lazımdır. Ona görə lazımdır ki, 11 illik təhsildə təhsil proqramının məzmunu 12, 14 illik təhsildəki proqramı əhatə edə bilmir və 12, 14 illik təhsilin məzmununa cavab vermir. Biz dünya ölkələri və dünya ölkələrindəki təhsillə ayaqlaşmaq üçün 12 illik təhsilə keçməyi zamanın tələbi kimi qəbul etməliyik. Bu mənada 12 illik təhsilə keçid Avropaya inteqrasiya etmək üçün yeni imkanlar açacaqdır. Bundan başqa, şagirdlər müasir dünyanın tələblərinə uyğun bilik, bacarıq və vərdişlər əldə edəcəkdir. Daha doğrusu, bilik, bacarıq və vərdişlər dərinləşəcəkdir. Dərin bilik, bacarıq və vərdişə yiyələnmiş şagirdlər ali təhsil aldıqda peşəkarlıqlarını daha da inkişaf etdirə biləcəklər. Ancaq 12 illik təhsilə keçid yeni təcrübə olduğu üçün buna tədricən keçmək lazımdır. Bu təhsilə keçid üçün yeni-yeni proqramlar hazırlanmalıdır. Bu da vaxt tələb edir. Bu istiqamətdə görüləcək hazırlıq işlərinə ehtiyac böyükdür.

Bu gün dünyanın bir real mənzərəsi də ondan ibarətdir ki, elm, texnika sürətlə inkişaf edir. Elmi-texniki tərəqqinin nailiyyətləri informasiya bolluğunu və yenilikləri gün-gündən artırır. Bunları isə şagirdlərə aşılamaq, mənimsətmək o qədər də asan olmur. Ona görə də 12 illik təhsilə keçid elmi yenilikləri, informasiyaları, texniki tərəqqinin nailiyyətlərini şagirdlərə aşılamaqda geniş imkanlar yaradacaqdır. Təbii ki, dərsliklər, onların məzmunu dəyişəcəkdir. Yeni hazırlanacaq dərsliklər şagirdə təkcə bilik yox, həm də əsl vətəndaş kimi fəaliyyət göstərmək prinsiplərini öyrədəcəkdir. Başqa sözlə, həm də şagirdlərin dünyagörüşünü formalaşdıracaqdır. Yeri gəlmişkən onu da qeyd edək ki, 12 illik təhsilə keçid mərhələ-mərhələ həyata keçməlidir. Bu prosesə keçid cəmiyyətin kifayət qədər maariflənməsi, bilgilənməsi yolu ilə daha çox fayda verə bilər.

Bir həqiqəti də demək lazımdır. Bu da odur ki, valideynlər istəyirlər onların övladları tez oxuyub qurtarsın. Yəni orta məktəbi 11 ilə bitirsin. Ancaq bəzən fikirləşmirlər ki, onların övladlarının 11 illik təhsildə aldıqları biliyin, bacarığın, vərdişin səviyyəsi nə dərəcədədir? Yaxud onların övladlarının vətəndaşlığı hansı səviyyədədir? Bu mənada da 12 illik təhsil təhsilin keyfiyyətinə və şagirdlərin inkişafına müsbət təsir göstərəcəkdir. Biz bir məsələni də nəzərə almalıyıq. Bu da odur ki, 11 illik təhsil proqramı çox yüklənmişdir. Şagirdlər bu ağır proqramdan əziyyət çəkirlər. Ən azı psixoloji gərginlik keçirirlər, bəzən fiziki sağlamlıqlarını təhlükə altına atırlar. Ona görə ki, fiziki baxımdan proqramı çatdıra bilmirlər. Bu mənada da 12 illik təhsil əhəmiyyətli rol oynaya biləcəkdir.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov