Aprelin
28-də Sumqayıt Dövlət Universitetində görkəmli
oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın anadan
olmasının 92-ci ildönümünə həsr olunmuş tədbir keçirildi.
Öncə iştirakçılar Zərifə xanım Əliyevanın əziz
xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.
Universitetin rektoru Elxan Hüseynov tədbiri giriş sözü
ilə açaraq bildirdi ki, ulu öndər Heydər Əliyev
xatirələrində qeyd edirdi ki, mən Zərifə xanım kimi
həyat yoldaşımın olması ilə xoşbəxt idim. Bu qibtə
doğuracaq bir etiraf idi! Üç böyük tarixi şəxsiyyətin -
görkəmli dövlət xadimi Əziz Əliyevin, ümummilli lider
Heydər Əliyevin və Prezidentimiz cənab İlham Əliyevin
həyatında silinməz izi olan Zərifə xanım ən çox ailə və
övlad dəyərləri ilə yaşayırdı. Bununla yanaşı insanlara
dünya işığı verən həkim sənətini davam etdirirdi.
Rektor oftalmoloq alim, Azərbaycanın əməkdar elm xadimi,
tibb elmləri doktoru, akademik, fədakar ana Zərifə xanım
Əliyevanın ömür yoluna qısa nəzər saldı. Vurğuladı ki,
Zərifə xanım Əliyevanın oftalmologiya sahəsində elmi
tədqiqata olan sonsuz marağı onu Azərbaycan
Oftalmologiya Elmi-Tədqiqat İnstitutuna gətirib çıxarmış
və həkim-ordinator kimi işə başlamışdır. 1960-cı ildə
namizədlik dissertasiyasını uğurla müdafiə
etmişdir. Görkəmli alim çoxillik araşdırmalarını peşə
ilə əlaqədar göz xəstəliklərinə həsr olunmuş doktorluq
dissertasiyasında ümumiləşdirdi. Müdafiəsi isə 1977-ci
ildə dünya oftalmologiyasının əsas mərkəzlərindən olan
Moskva Göz Xəstəlikləri Elmi-Tədqiqat İnstitutunda oldu.
Onun doktorluq işi məşhur alim və həkimlərin ən yüksək
qiymətlərini aldı. Elə həmin ildə Zərifə xanıma tibb
elmləri doktoru elmi adı verildi. Doktorluq
dissertasiyasını müdafiə etdikdən bir qədər sonra Zərifə
xanım Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə
İnstitutunun oftalmologiya kafedrasının professoru
seçilir, 1983-cü ildə isə həmin kafedranın müdiri olur.
Rektor qeyd etdi ki, böyük xidmətlərinə, çoxillik
elmi-tədqiqat işlərinə görə professor Zərifə xanım
Əliyeva 1983-cü ildə Azərbaycan Respublikası Elmlər
Akademiyasının akademiki seçilmişdir. Zərifə xanım
Əliyeva bir sıra orden və medallara layiq görülmüş,
"Azərbaycanın əməkdar elm xadimi" fəxri adını almışdır.
Zərifə xanımın bir həyat yoldaşı kimi ümummilli
liderimiz Heydər Əliyevə çətin günlərində dayaq və hər
zaman dəstək olduğunu vurğulayan rektor İlham Əliyev və
Sevil Əliyevanın şəxsiyyət kimi formalaşmasında Zərifə
xanımın xüsusi rolunu qeyd etdi və onun bütün
Azərbaycan qadınlarına nümunə ola biləcək təmiz, pak,
müqəddəs sima olduğunu tədbir iştirakçılarının diqqətinə
çatdırdı.
Tibbi biliklər və mülki müdafiə kafedrasının müdiri
Tahir Xəlilov, Azərbaycan və xarici ölkələr ədəbiyyatı
kafedrasının müdiri, əməkdar jurnalist Avtandil Ağbaba,
SDU-nun YAP Gənclər Təşkilatının sədri Səma Əsədova
Zərifə xanım Əliyevanın həyat və fəaliyyəti barədə
məruzə ilə çıxış etdilər.
Tədbirin sonunda "Elegiya" adlı sənədli film nümayiş
olundu.
SDU-nun Mətbuat xidməti |