Aprelin 30-da Bakı Slavyan
Universitetində ümummilli lider Heydər Əliyevin anadan
olmasının 92-ci ildönümünə həsr edilmiş "Müasir
Azərbaycan Heydər Əliyev ideyaları işığında" mövzusunda
ənənəvi - XII şagird-tələbə elmi konfransı keçirilib.
Məktəb-Lisey Kompleksinin bazasında Bakı Slavyan
Universiteti və Azərbaycan Respublikasının Prezidenti
yanında Bilik Fondunun dəstəyi ilə keçirilən elmi
konfrans şagird və tələbə elmi cəmiyyətlərinin yaxından
iştirakı ilə təşkil olunub.
Konfrans öz işinə ulu öndərin büstü önünə gül
dəstələrinin qoyulması ilə başlayıb. Plenar iclası açan
universitetin rektoru, professor Asif Hacıyev ənənə
halını almış şagird-tələbə konfranslarına hələ on iki il
bundan əvvəl akademik Kamal Abdullayevin təşəbbüsü ilə
başlanıldığını vurğulayıb. Rektor bu cür tədbirlərin
ümummilli lider Heydər Əliyevin fəaliyyəti, onun
müstəqil Azərbaycan naminə gördüyü işlər barədə
gənclərin məlumatlandırılmasında əvəzsiz rolundan
danışıb.
İclasda çıxış edən Nəsimi Rayon İcra Hakimiyyəti
başçısının müavini Gülarə Verdiyeva, Şuşa Rayon Təhsil
Şöbəsinin müdiri Təvəkkül Əliyev, Şamaxı rayon Sabir
qəsəbə tam orta məktəbinin direktoru Gülnurə Babaşova
tədbirin əhəmiyyətindən danışıb, iştirakçılara uğurlar
arzulayıblar. BSU nəzdində Məktəb-Lisey Kompleksinin
direktoru İlahə Carçıyeva bildirib ki, konfransın
Təşkilat Komitəsinə şagird və tələbələrin 250-dən çox
məruzəsinin tezisləri təqdim edilib. Onların
əksəriyyətini şagirdlərin tezisləri təşkil edir. Qeyd
olunub ki, keçənilki konfransla müqayisədə bu il
iştirakçıların sayı 50 nəfər artıb.
Konfransda BSU-nun əməkdaşlıq etdiyi ayrı-ayrı
bölgələrdə yerləşən qaçqın məktəblərin 50-dən çox
istedadlı şagirdi təmsil olunub. Respublikamızın digər
bölgələrini əhatə edən və Azərbaycan Respublikası
Prezidenti yanında Bilik Fondunun müxtəlif layihələrinə
cəlb olunan məktəblərin bir qismi də builki konfransa
fəal qoşulub. Bu konfransı keçirməkdə təşkilatçıların
əsas məqsədi ulu öndərin zəngin irsinin öyrənilməsini,
orta məktəblərin istedadlı yuxarı sinif şagirdlərinin
tədqiqatçı kimi cəlb etməkdən, həm paytaxtda, həm də
bölgələrdə yerləşən orta məktəblərlə Bakı Slavyan
Universitetinin əlaqələrini möhkəmləndirməkdən,
universitetin professor-müəllim heyətinin BSU-nun
əməkdaşlıq etdiyi orta təhsil müəssisələri, xüsusən də
qaçqın məktəblərinə dəstək verməsindən ibarətdir.
Plenar iclas Şuşa rayon Malıbəyli kənd orta məktəb və
BSU Məktəb-Lisey Kompleksi şagirdlərinin ifasında
ədəbi-bədii kompozisiya ilə yekunlaşıb.
Konfransda BSU tələbələri və universitet nəzdində
Məktəb-Lisey Kompleksi şagirdləri ilə yanaşı Heydər
Əliyev adına Müasir Təhsil Kompleksinin, Bakı Türk
Anadolu Liseyinin, Xəzər Universiteti nəzdində "Dünya"
məktəbinin,"Tərəqqi" texniki-humanitar liseyin, 291
nömrəli "Ekologiya" liseyinin, Bakı şəhərinin 30-dan çox
orta məktəbinin, Laçın, Zəngilan, Cəbrayıl, Ağdam,
Xocavənd, Şuşa rayonlarının qaçqın məktəblərinin,
Şamaxı, İmişli, Saatlı rayon təhsil ocaqlarının
şagirdləri ayrı-ayrı bölmələrdə məruzələrlə çıxış
ediblər.
Qeyd edək ki, şagird və tələbələrin tezisləri kitab
şəklində çap olunub. İştirakçılara sertifikatlar,
diplomlar və hədiyyələr paylanılıb. |