Hörmətli oxucular! Bu sayımızdan
qəzetimizdə "Hüquqi məsələlər" rubrikası fəaliyyətə
başlayır. Bu rubrika altında vətəndaşların təhsil
hüquqları ilə bağlı Təhsil Nazirliyinə ünvanladıqları və
nazirliyin Hüquqi ekspertiza və lisenziyalaşdırma şöbəsi
tərəfindən ümumiləşdirilmiş sual-cavab mətnlərinin dərc
olunması nəzərdə tutulur.
Sual: Vətəndaşların müraciətlərinə
hansı müddət ərzində cavab verilməlidir?
Cavab:
"Vətəndaşların müraciətlərinə baxılması qaydası
haqqında" Azərbaycan Respublikası Qanununun 10-cu
maddəsinə görə, müraciətə, qanunvericiliklə başqa müddət
nəzərdə tutulmamışdırsa, 1 ay müddətinədək, əlavə
öyrənilməsi və yoxlanılması tələb edilməyən müraciətə ən
geci 15 gün ərzində baxılmalıdır. Müraciətə baxılmaq
üçün xüsusi yoxlama keçirmək, əlavə materiallar tələb
etmək, yaxud başqa tədbirlər görmək lazım gəldiyi
hallarda müvafiq orqanın, idarənin, təşkilatın,
müəssisənin rəhbəri və ya onun müavini müraciətə baxılma
müddətini müstəsna hallarda ən çoxu bir ay uzada bilər.
Bu barədə müraciət edən vətəndaşa, müraciətin baxılması
dövlət hakimiyyəti orqanı tərəfindən nəzarətdə
saxlandıqda isə dövlət hakimiyyəti orqanına məlumat
verilməlidir. Hərbi qulluqçuların və onların ailə
üzvlərinin müraciəti daxil olduğu gündən etibarən ən
geci 15 gün ərzində baxılır. Əgər məlumatın verilməsi
barədə müraciətə yuxarıda göstərilən müddətlərdə
baxılması nəticəsində lazım olan məlumat öz əhəmiyyətini
itirə bilərsə, həmin müraciətə dərhal, bu mümkün
olmadıqda isə 24 saatdan gec olmayaraq baxılmalıdır.
Sual: Ərizə, şikayət və təklif
nədir?
Cavab:
Vətəndaşların dövlət orqanlarına müraciətləri ərizə,
təklif və şikayət formasında ola bilər.
"Vətəndaşların müraciətlərinə baxılması qaydası
haqqında" Azərbaycan Respublikası Qanununa əsasən
vətəndaşlara məxsus hüquqların həyata keçirilməsi ilə
bağlı tələbləri nəzərdə tutan müraciət - ərizə, dövlət
hakimiyyəti orqanı, idarə, təşkilat və müəssisənin
fəaliyyətinin yaxşılaşdırılmasını, təhsil, elm, texniki,
hüquq, yaradıcılıq və başqa sahələrlə bağlı məsələlərin
həllini nəzərdə tutan müraciət - təklif, dövlət
orqanına, idarəsinə, təşkilatına və müəssisəsinə
pozulmuş hüququn bərpası tələbi barədə müraciət isə
şikayət hesab olunur.
Sual: Kimlər təhsil haqqından
azaddırlar?
Cavab:
Qüvvədə olan qanunvericilikdə təhsil haqqından azadolma
anlayışı yoxdur. Lakin sualın bu redaksiyada yazılması
təsadüfi deyildir. Belə ki, bu gün insanlar arasında
bəzi kateqoriyaya aid şəxslər təhsil haqqından azad
olunanlar kimi adlandırılırlar. Ancaq qeyd edirik ki,
müəyyən kateqoriyaya aid şəxslər təhsil haqqından azad
deyil, onların təhsil haqqı dövlət büdcəsinin vəsaiti
hesabına ödənilir. Tələbə Qəbulu üzrə Dövlət
Komissiyası tərəfindən keçirilən ali təhsil
müəssisələrinə qəbul imtahanlarında yüksək nəticə əldə
etmiş və dövlət sifarişi çərçivəsində təhsil almaq
hüququ qazanmış şəxslərin, həmçinin aşağıda göstərilən
kateqoriyaya aid şəxslərin təhsil haqqı dövlət
büdcəsinin vəsaiti hesabına ödənilir:
- Azərbaycan Respublikası Prezidentinin "Dövlət ali və
orta ixtisas təhsili müəssisələrində ödənişli formada
təhsil alan məcburi köçkünlərin təhsil haqqını ödəməkdən
azad edilməsi barədə" 04.08.2003-cü il tarixli, 1308
nömrəli Sərəncamına əsasən Azərbaycan Respublikasının
dövlət ali və orta ixtisas təhsil müəssisələrində
ödənişli formada təhsil alan "Qaçqınların və məcburi
köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin)
statusu haqqında" Azərbaycan Respublikasının Qanununa
uyğun olaraq, məcburi köçkün statusu olan Azərbaycan
Respublikasının vətəndaşları;
- "Valideynlərini itirmiş və valideyn himayəsindən
məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında"
Azərbaycan Respublikasının Qanununa görə dövlət,
bələdiyyə və özəl ali və orta ixtisas təhsili
müəssisələrində ödənişli əsaslarla təhsil alan
valideynlərini itirmiş və valideyn himayəsindən məhrum
olmuş uşaqlar, habelə onların arasından olan şəxslər;
- "Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə
edilən güzəştlər haqqında" Azərbaycan Respublikasının
Qanununa əsasən dövlət ali və orta peşə-ixtisas təhsili
müəssisələrində ödənişli formada təhsil alan şəhid
ailəsi statusu almış ailənin üzvləri;
- Azərbaycan Respublikası Prezidentinin 18 mart 2014-cü
il tarixli 347 nömrəli Sərəncamına görə Azərbaycan
Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və
Konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş və
Azərbaycan Respublikasının azadlığı, suverenliyi və
ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla
əlaqədar itkin düşən və məhkəmə tərəfindən ölmüş elan
edilən vətəndaşların Azərbaycan Respublikasının ali
təhsil müəssisələrində bakalavriat və magistratura (tibb
sahəsi təhsilində əsas və rezidentura) təhsil
səviyyələrində və orta ixtisas təhsili müəssisələrində
ödənişli əsaslarla təhsil alan uşaqları.
Sual: Valideyn himayəsindən məhrum
olmuş uşaqlara təhsil aldıqları müddətdə təqaüd
ödənilməlidirmi? Akademik borcu olan tələbələrə bu
təqaüdün ödənilməsi dayandırılırmı?
Cavab:
"Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum
olmuş uşaqların sosial müdafiəsi haqqında" Azərbaycan
Respublikasının Qanununun 5-ci maddəsinə əsasən
valideynlərini itirmiş və valideyn himayəsindən məhrum
olmuş uşaqlara, habelə onların arasından olan şəxslərə
tam dövlət təminatından əlavə, həmin təhsil
müəssisəsində müəyyən edilmiş təqaüdün iki mislindən az
olmayan miqdarda təqaüd verilir.
Sözügedən Qanunda valideynlərini itirmiş və valideyn
himayəsindən məhrum olmuş uşaqlara, habelə onların
arasından olan şəxslərə həmin təqaüdün ödənilməsi ilə
bağlı hər hansı məhdudiyyət (dövlət büdcəsi hesabına
təhsil alması, akademik borcu olmaması və s.) müəyyən
edilməmişdir.
Sual: Lisenziya hansı təhsil
müəssisələrinə verilir? Xarici dil, ayrı-ayrı peşələr,
kompüter və s. hazırlıq kurslarının fəaliyyəti üçün
xüsusi razılıq (lisenziya) tələb olunurmu?
Cavab:
Azərbaycan Respublikası Prezidentinin 2 sentyabr 2002-ci
il tarixli, 782 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Xüsusi
razılıq (lisenziya) tələb olunan fəaliyyət növlərinin
siyahısı və həmin fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya)
verilməsinə görə ödənilən dövlət rüsumlarının məbləği"nə
əsasən Təhsil Nazirliyi tərəfindən xüsusi razılıq (lisenziya)
məktəbəqədər təhsil müəssisələri, ümumtəhsil
müəssisələri (liseylər və gimnaziyalar daxil olmaqla),
peşə məktəbləri və peşə liseyləri, orta ixtisas təhsili
müəssisələri, ilk peşə-ixtisas təhsilini həyata keçirən
təşkilatlar, müəssisələr, əmək birjaları, məşğulluq
idarələri və digər müvafiq qurumlar, ali təhsil
müəssisələri, əlavə təhsili həyata keçirən
ixtisasartırma və yenidənhazırlanma qurumları və digər
müəssisələr, dini orta ixtisas və ali dini təhsil
müəssisələrinin fəaliyyətinə verilir.
Qanunvericilikdə ayrı-ayrı peşələrin və ya biliklərin
öyrədilməsi üçün fəaliyyət göstərən qısamüddətli
kurslara xüsusi razılıq (lisenziya) verilməsi nəzərdə
tutulmamışdır.
Təhsil fəaliyyəti ilə məşğul olmaq üçün lisenziya
almaqla bağlı müraciət edən hüquqi şəxs mütləq təhsil
müəssisəsi olmalıdır və onun maddi-texniki,
elmi-pedaqoji və elmi-metodik bazası Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 03.08.2012-ci il
tarixli 171 nömrəli qərarı ilə təsdiq edilmiş "Təhsil
müəssisələrinin tikintisinə, maddi-texniki təchizatına
dair vahid normalar, ümumi sanitariya-gigiyena
tələbləri, şagird yerləri ilə təminat normativləri"nə və
07.11.2002-ci il tarixli 174 nömrəli qərarı ilə təsdiq
edilmiş "Fəaliyyət növlərinin xüsusiyyətindən asılı
olaraq xüsusi razılıq (lisenziya) verilməsi üçün tələb
olunan əlavə şərtlər"ə uyğun olmalıdır.
Hüquqi ekspertiza və lisenziyalaşdırma şöbəsi
|