Aprelin
30-dan mayın 1-dək Azərbaycan Dövlət Pedaqoji
Universiteti, Türkiyə Respublikasının Hacəttəpə
Universiteti və Qafqaz Universitetinin birgə
təşkilatçılığı ilə türk dünyasının böyük dövlət xadimi,
mahir və müdrik siyasətçi, ümummilli liderimiz Heydər
Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş
"Müəllim hazırlama siyasəti və problemləri" mövzusunda V
Beynəlxalq konfrans keçirilib. Qeyd edək ki, 2007-ci
ildən başlayaraq hər iki ölkədə bu mövzuda keçirilən
konfranslar artıq ənənəvi xarakter alıb. Konfrans
iştirakçıları öncə Fəxri xiyabanda ulu öndər Heydər
Əliyevin məzarını ziyarət edib, məzarı önünə əklil və
gül dəstələri qoyublar. Eyni zamanda xalqımızın görkəmli
oftalmoloq alimi, akademik Zərifə Əliyevanın da xatirəsi
ehtiramla yad edilib, məzarı önünə gül dəstələri qoyulub.
ADPU-nun böyük zalında keçirilən konfransı bu
universitetin rektoru, AMEA-nın müxbir üzvü, əməkdar elm
xadimi, professor Yusif Məmmədov açaraq bildirib ki,
"Təhsil millətin gələcəyidir!" deyən ümummilli liderimiz
Heydər Əliyev öz zəngin idarəçilik və dövlətçilik
fəaliyyətində həmişə elm və təhsilə yüksək qiymət
vermişdir.
Rektor Y.Məmmədov müəllimliyin müqəddəs və şərəfli
olmaqla yanaşı, həm də çox məsuliyyətli bir peşə
olduğunu söyləyib. Ulu öndər Heydər Əliyevin "Mən Yer
üzündə müəllimdən yüksək ad tanımıram" sözlərini
xatırladan rektor bildirib ki, müəllim peşəsinin ictimai
nüfuzunun artırılması, onun yüksək maddi və mənəvi
motivasiyası, pedaqoji təhsilə istedadlı gənclərin cəlb
olunmaları ölkəmizdə həyata keçirilən təhsil
islahatlarının tərkib hissələrindən biridir.
V Beynəlxalq konfransda Hacəttəpə Universitetinin
prorektoru, professor-doktor Yüksel Kavak, Qafqaz
Universitetinin rektoru, professor-doktor Ahmet Saniç,
Hacəttəpə Universitetinin pedaqoji fakültəsinin dekanı,
professor-doktor Celal Bayrak, ADPU-nun pedaqoji
fakültəsinin dekanı, professor Fərrux Rüstəmov, Təhsil
Şurasının sədri, Qafqaz Universitetinin kafedra müdiri,
professor Əjdər Ağayev, Təhsil Problemləri İnstitutunun
direktoru, hüquq üzrə fəlsəfə doktoru Qulu Novruzov,
Bakı Dövlət Universitetinin (BDU) psixologiya
fakültəsinin dekanı, professor Hikmət Əlizadə çıxış
edərək konfransın aktual bir mövzuya həsr olunduğunu və
bu yüksək səviyyəli elmi tədbirin iki ölkə arasında
mədəni-siyasi əlaqələrin inkişafına, eləcə də təhsil
sahəsində həyata keçirilən əməkdaşlığa səmərəli təsir
edəcəyini vurğulayaraq konfransın işinə uğurlar
arzulayıblar.
Qeyd edək ki, konfransın bölmə iclaslarında 6 bölmədə
175 məruzə dinlənilib.
Mətbuat və informasiya şöbəsi |