Naxçıvan
Dövlət Universitetində ali məktəbin nəzdində fəaliyyət
göstərən Heydər Əliyev Universitetinin "Heydər Əliyev və
Azərbaycanda müstəqil dövlət quruculuğu" mövzusunda
192-ci məşğələsi keçirilib. Ümummilli lider Heydər
Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə
keçirilən növbəti məşğələni giriş sözü ilə rektor,
AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov açaraq qeyri-adi
fitri istedada, dərin zəkaya və analitik təfəkkürə malik
dahi şəxsiyyət Heydər Əliyevin çətin və məsuliyyətli,
lakin şərəfli ömür yolundan, siyasi fəaliyyətindən
danışıb. Qeyd olunub ki, Azərbaycan Respublikasının
Prezident İlham Əliyev ölkənin müasir inkişafına,
iqtisadi, siyasi və hərbi qüdrətinə, beynəlxalq nüfuz
sahibi olmasına məhz Heydər Əliyev ideyalarını əzmlə
davam etdirməklə nail olmuşdur. Ümummilli liderin həyat
və fəaliyyətinin, zəngin siyasi irsinin öyrənilməsi və
təbliği tələbə gəncliyin də başlıca məramı olmalıdır.
Universitetin tərbiyə işləri üzrə prorektoru, fəlsəfə
üzrə elmlər doktoru, professor, əməkdar müəllim Məmməd
Rzayev mövzu ilə bağlı geniş məruzə edərək bildirib ki,
XX əsrin ikinci yarısında keçmiş SSRİ-nin və
Azərbaycanın ictimai-siyasi mühitində yetişən Heydər
Əliyev görkəmli şəxsiyyət, dünyaca məşhur müdrik
siyasətçi, bacarıqlı siyasi lider, qüdrətli sərkərdədir.
O, iki siyasi sistemdə Azərbaycana rəhbərlik etmiş,
nəinki müstəqillik illərində, totalitar sovet rejimi
dövründə belə Azərbaycan Respublikasının yüksəlişinə,
xalqın mənəvi-mədəni inkişafına nail olmuşdur. Bu dahi
insan öz ömrünü, bütün siyasi və dövlətçilik
fəaliyyətini çağdaş Azərbaycanın, milli dövlətçiliyin
inkişafı və möhkəmlənməsinə sərf etmişdir. Heydər Əliyev
Azərbaycan tarixində yeganə şəxsiyyət - rəhbərdir ki,
keçmiş SSRİ kimi bir dövlətin siyasi rəhbərlik zirvəsinə
yüksəlmiş, görkəmli və böyük təsirə malik olan dünya
şöhrətli lider olduğunu əməli fəaliyyəti ilə
göstərmişdir. Naxçıvan Muxtar Respublikası Ali
Məclisinin Sədri kimi Naxçıvanın ərazi bütövlüyünün və
muxtariyyətinin qorunması, hüquqi subyektə çevrilməsində
mühüm rol oynayan Heydər Əliyev müstəqil Azərbaycanın
sosial-iqtisadi tərəqqisində, ölkədə ictimai sabitliyin
yaradılmasında, milli ideologiyanın formalaşmasında,
dövlətimizin uzaqgörən və balanslaşdırılmış xarici
siyasətinin müəyyənləşdirilməsində misilsiz xidmətlər
göstərmişdir. Ümummilli lider görkəmli dövlət və siyasi
xadim kimi müasir Azərbaycan tarixinin parlaq
səhifələrini yazmışdır.
Mehriban SULTAN |