Aprelin
28-də Bakı Pedaqoji Kadrların İxtisasartırma və
Yenidənhazırlanma İnstitutunda görkəmli oftalmoloq alim
və ictimai xadim Zərifə xanım Əliyevanın doğum günü
münasibətilə tədbir keçirilib. Ümummilli lider Heydər
Əliyevin adını daşıyan muzey-lektoriyada institutun
professor-müəllim heyətinin, tələbələrin, ictimaiyyət və
KİV nümayəndələrinin iştirakı ilə keçirilən tədbiri
BPKİYİ-nin rektoru, Binəqədi Rayon Ziyalılar
Cəmiyyətinin sədri, fizika-riyaziyyat elmləri doktoru,
professor Asəf Zamanov açaraq, qayğıkeş və mehriban ana,
vəfalı ömür-gün yoldaşı, intellektual keyfiyyətləri
özündə birləşdirən ziyalı, dünya tibb elminə əvəzsiz
töhfələr vermiş böyük alimin fəaliyyətindən danışıb.
Qeyd edilib ki, Zərifə xanımın alim olaraq qazandığı
uğurlar Azərbaycan, həmçinin dünya tibb elminin
tarixində xüsusi yer tutur.
Zərifə xanım Azərbaycan Tibb Universitetini bitirdikdən
sonra aspiranturaya daxil olmuş, namizədlik və doktorluq
dissertasiyasını uğurla müdafiə etmiş, 1983- cü ildə
Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü seçilmişdir.
Professor Zərifə Əliyeva ilk dəfə peşə patologiyasını
araşdıran elmi-tədqiqat laboratoriyası yaratmış, praktik
olaraq elm aləmində yeni bir istiqamətin - peşə
oftalmologiyasının əsasını qoymuşdur. Bu sahədə apardığı
elmi-tədqiqat işlərinin nəticələrinə görə SSRİ Tibb
Elmləri Akademiyasının M.İ.Averbax adına mükafatına
layiq görülmüş ilk qadındır. Zərifə xanımın həm də
görkəmli ictimai xadim kimi geniş fəaliyyət göstərdiyini
diqqətə çatdıran A.Zamanov onun SSRİ Sülhü Müdafiə
Komitəsinin üzvü, Azərbaycan Sülhü Müdafiə Komitəsi
sədrinin müavini, Ümumittifaq "Bilik" cəmiyyəti idarə
heyətinin, Ümumittifaq Oftalmologiya Elmi Cəmiyyəti
Rəyasət Heyətinin, həmçinin "Oftalmologiya xəbərləri"
dövri elmi jurnalının redaksiya heyətinin üzvü olduğunu
bildirdi. Qeyd edib ki, əməkdar elm xadimi Zərifə xanım
Əliyeva şəxsiyyətində insan, vətəndaş və alim
anlayışları tam vəhdət təşkil edirdi. Həm alim, həm də
insan kimi akademik olan Zərifə xanımın elmi, tibbi və
pedaqoji fəaliyyəti hər kəs üçün örnəkdir. Hesab edirəm
ki, 20-ci yüzilliyin yetmişinci illərindən başlayaraq
Azərbaycanın qazandığı uğurlarda Zərifə xanımın əvəzsiz
xidmətləri danılmazdır.
Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Hüseyn
Əsgərovun, İrəvan Dövlət Azərbaycan Dram Teatrının
direktoru İftixar Piriyevin, şair-publisist Taleh
Həmidin və başqalarının çıxışları da tədbir
iştirakçıları tərəfindən maraqla qarşılanıb.
Tədbir akademik Zərifə xanım Əliyeva ilə bağlı
xatirələrin söylənilməsi ilə başa çatıb.
Sevinc QULİYEVA,
BPKİYİ-nun mətbuat katibi |