Bakı Dövlət Universitetinin ABŞ-ın Tuleyn
Universitetinin hüquq fakültələrinin birgə əməkdaşlığına
həsr olunmuş "Dəniz və enerji hüququ sahəsində
əməkdaşlığın perspektiv istiqamətləri" mövzusunda tədbir
keçirilib. Tədbirdə BDU-nun rektoru, akademik Abel
Məhərrəmov tədbirin əhəmiyyətindən və
universitetlərarası münasibətlərdən söz açıb. 2012-ci
ildə imzalanan niyyət protokoluna əsasən BDU-nun hüquq
fakültəsinin iki tələbəsinin Tuleyn Universitetinin
hüquq fakültəsində dəniz hüququ və enerji hüququ üzrə
magistratura ixtisaslarında təhsil aldığını qeyd edən
rektor bu layihənin gerçəkləşməsində SOCAR-ın maliyyə
dəstəyi göstərdiyini diqqətə çatdırıb.
ABŞ-ın ölkəmizdəki səfiri Robert Sekuta çıxış edərək
universitetlərarası əməkdaşlıqdan söz açıb və tədbirin
həm də ölkələrarası münasibətlərə müsbət töhfə
verəcəyini qeyd edib. Tədbirdə həmçinin BDU-nun hüquq
fakültəsinin dekanı, professor Əmir Əliyev və Tuleyn
Universitetinin hüquq fakültəsinin dekanı Devid Mayer
çıxış edib. Sonra hüquq fakültəsinin Tuleyn
Universitetində dəniz və enerji hüququ üzrə magistratura
ixtisaslarında təhsil almış iki tələbəsinə "ikili diplom"
təqdim edilib.
Tədbirdə həmçinin Azərbaycan Respublikası Dövlət Dəniz
Administrasiyası ilə Bakı Dövlət Universiteti arasında
anlaşma memorandumu imzalanıb. Memorandum BDU-nun hüquq
fakültəsində dəniz hüququ və enerji hüququ üzrə təhsil
alan tələbələrin bu qurumda təcrübə keçmələri, birgə
əməkdaşlıq kimi məsələləri nəzərdə tutur.
Mətbuat və informasiya şöbəsi |