Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

2 May 2015 - №15

 

"Yeni Fikir  Müsabiqəsi - 2015"in final mərhələsi

 

Aprelin 25-də "Park İnn" otelində Qafqaz Universitetinin Texnoparkı (QU Texnopark) tərəfindən təşkil olunan 2015-ci il üzrə Yeni Fikir  Müsabiqəsinin final mərhələsi keçirilib. Daxil olan 252 müraciətin 196-nın layihə şəklində qeydiyyata alındığı müsabiqənin finalında 12 layihə komandası yarışıb. 

Final mərhələsinin açılış mərasimində   müsabiqə haqqında məlumat verilib, onun əhəmiyyəti vurğulanıb. Qeyd olunub ki,Yeni Fikir Müsabiqəsi  innovativ sahibkarlığın inkişafına dəstək vermək məqsədilə  keçirilir. Layihə eyni zamanda gənclər arasında təşəbbüskarlığı təşviq edir ki, bu da öz növbəsində elmi tədqiqatlarda, eləcə də kadr hazırlığı işində keyfiyyətin yüksəldilməsinə kömək göstərir. İldə bir dəfə keçirilən müsabiqədə  təkcə Qafqaz Universitetinin tələbələri deyil, ölkəmizdə yaşayan bütün gənclər iştirak edə  bilər.

Qafqaz Universiteti Texnoparkının direktoru, "Yeni Fikir Müsabiqəsi" layihəsinin rəhbəri İsa Qasımov açılış nitqində tədbir iştirakçılarını salamlayıb, yarışanlara uğurlar arzulayıb.

QU Texnoparkının "Düymə Kreativ Agentliyi" tərəfindən hazırlanmış  reklam çarxı  izlənilib.

Sonra layihələrin təqdimatına başlanıb. Finala çıxmış "SOTEQA LAB", "Braille Pad", "Kitabmatik", "Reflected Security", "seyahetler.com", "Never Again", "KURSLU.COM-onlayn təlim şəbəkəsi", "Security Copter", "Avtomatik Müdafiə Qurğusu", "Baku Parking", "Appoll", "Service On" layihələrinin rəhbərləri öz layihələri haqqında məlumat veriblər. Yeni fikir layihələri şirkət rəhbərləri, iş adamları və universitet əməkdaşlarından ibarət 9 nəfərlik münsiflər heyəti tərəfindən qiymətləndirilib. Qiymətləndirmə zamanı layihələrin  innovasiya və texnoloji yeniliyi, strategiya, bazar və rəqabət, komanda çalışması, idarəetmə, təqdimatın keyfiyyəti və biznes planının hazırlanması  kimi məsələlər əsas götürülüb.

Mərasimdə çıxış edən münsiflər heyətinin sədri, Azərbaycan Pərakəndəçilər Assosiasiyasının sədri Mədət Rüstəmov qiymətləndirmənin obyektv aparıldığını, bu zaman ancaq qiymətləndirmə meyarlarının nəzərə alındığını bildirib. Nəticələr açıqlanıb. "Security Copter" layihəsi I, "Baku Parking" II, "SOTEQA LAB" III, "Braille Rad" IV yerlərə layiq görülüblər. Qaliblərə ilkin maliyyə dəstəyi kimi müvafiq olaraq 5000, 3000, 2500 və 1500 AZN verilib. Digər finalçıların hər biri isə 1000 manat pul mükafatı alıb. Bütün final iştirakçısı komandalara sertifikatlar təqdim olunub. Bundan əlavə,  ən yaxşı iş fikri sahibi olan 10 layihənin müəllifləri QU Texnoparkının İnkubasiya Mərkəzindən bir il müddətində ödənişsiz istifadə edə biləcəklər.

Sonda  çıxış edən Qafqaz Universitetinin rektoru, professor Ahmet Saniç  müsabiqənin yüksək səviyyədə keçdiyini, iştirakçıların sayının ildən-ilə artdığını söyləyib. Qalibləri təbrik edən rektor təşkilatçılara və münsiflər heyətinə minnətdarlığını bildirib. 

Yusif ƏLİYEV,
"Azərbaycan müəllimi"

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov