Aprelin
29-da Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) rəyasət
heyətinin binasında AMEA-nın 2014-cü ildəki elmi və
elmi-təşkilati fəaliyyətinə həsr olunan illik ümumi
yığıncağı keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycan Respublikası
Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz
Mehdiyev, AMEA-nın həqiqi və müxbir üzvləri, ali
məktəblərin rəhbərləri, dövlət və ictimai təşkilatların
nümayəndələri iştirak ediblər.
Əvvəlcə iştirakçılar akademiyanın elmi müəssisə və
təşkilatlarının 2014-cü ildəki fəaliyyətini əks etdirən
sərgi ilə tanış olublar.
İclasda AMEA-nın prezidenti, akademik Akif Əlizadə
rəhbərlik etdiyi qurumun illik fəaliyyəti ilə bağlı
çıxışında akademiyanın 2014-cü ildə dövlət başçısının
elmə dair qərarlarını rəhbər tutaraq uğurla fəaliyyət
göstərdiyini bildirib, elmi fəaliyyətin yeni meyarlarla
təşkili və idarə edilməsi, elmi infrastrukturun
müasirləşdirilməsi və qabaqcıl texnologiyaların
tətbiqini həyata keçirilən islahatların əsas prinsipi
kimi göstərib.
Ötən
il görülən işlərdən danışan akademik A.Əlizadə bildirib
ki, AMEA-nın strukturunun, idarəetmə və təşkilati
sisteminin əsaslı olaraq təkmilləşdirilməsi, elmi
müəssisələrin fəaliyyətinin məqsədyönlü
əlaqələndirilməsi, maliyyələşmənin yeni əsaslar üzərində
təşkili, beynəlxalq elmi əlaqələrin inkişafı,
yüksəkixtisaslı kadr hazırlığının təkmilləşdirilməsi,
elmin təbliği, populyarlaşdırılması və digər
istiqamətlər üzrə qarşıya qoyulan məqsədlərə nail olunub
və uğurlu nəticələr əldə edilib. Bundan başqa,
Azərbaycan Prezidentinin 2014-cü il 11 dekabr tarixli
fərmanı ilə Azərbaycan Milli Elmlər Akademiyasının
Nizamnaməsi, AMEA-nın ümumi yığıncağının 2014-cü il 30
iyun tarixli qərarı ilə Azərbaycan Milli Elmlər
Akademiyasının 2020-ci ilədək İnkişaf Konsepsiyası
təsdiq edilib, "Elm haqqında" qanun layihəsi Milli
Məclisin plenar iclasında birinci oxunuşda qəbul olunub.
AMEA-nın rəhbəri akademiyanın strukturunun müasir dünya
elminin inkişaf tendensiyalarına və ölkəmizin
maraqlarına uyğun şəkildə yenidən qurulmasının hesabat
ilində həyata keçirilən islahatların mühüm bir hissəsini
təşkil etdiyini vurğulayıb. Bu istiqamətdə AMEA-nın
strukturunda Biofizika və Smart materialları Mərkəzi,
Quba Regional Elmi Mərkəzi, Molekulyar Biologiya və
Biotexnologiyalar, Elm Tarixi, Dünya Siyasəti,
Qafqazşünaslıq institutlarının yaradıldığı diqqətə
çatdırılıb.
Akademiya üzvlüyünə seçkilərin keçirilməsini hesabat
ilinin mühüm hadisəsi kimi dəyərləndirən akademik
A.Əlizadə bu seçkiləri yalnız AMEA-nın deyil, bütövlükdə
ölkənin elmi və ictimai həyatı üçün əlamətdar olduğunu
bildirib. Akademik 2014-cü ilin ölkəmizin elm həyatında
bir sıra uğurlarla yadda qaldığını qeyd edərək bildirib
ki, AMEA, Rabitə və Yüksək Texnologiyalar və Təhsil
nazirliklərinin birgə təşkilatçılığı ilə ölkəmizdə,
eləcə də regionda ilk dəfə "Bakı Elm Festivalı-2014" və
Azərbaycan alimlərinin I Qurultayı keçirilib. A.Əlizadə
Azərbaycan Prezidentinin müvafiq sərəncamları ilə
AMEA-nın 70 illik yubileyi və 1941-1945-ci illər
müharibəsində Qələbənin 70 illik yubileyi kimi iki
mötəbər tədbirin keçiriləcəyini, bununla bağlı bir sıra
elmi-təşkilati işlərin görüldüyünü deyib.
Vurğulanıb ki, AMEA-da həyata keçirilən hüquqi
islahatlar və gənclər siyasəti, elm və təhsilin
inteqrasiyası gələcək elmi kadrların akademiyaya cəlb
olunmasına şərait yaradır. Müxtəlif sahələrdə xüsusi
fərqlənən gənclərin Prezident mükafatına təqdim
olunması, gənc alimlərin Avropanın elmi müəssisələrində
fəlsəfə doktoru və elmlər doktoru proqramları üzrə
təhsil almaları istiqamətində müvafiq işlərin aparılması
akademiyanın gənclər və kadrlar siyasətinin tərkib
hissəsidir.
AMEA-da magistratura təhsilinin yaradılmasının elm və
təhsilin inteqrasiyası sahəsində ən mühüm
nailiyyətlərdən olduğunu söyləyən akademik bu işin
2014-cü ildə bilavasitə ölkə rəhbərliyinin dəstəyi ilə
reallaşdırıldığını diqqətə çatdırıb. Qeyd edilib ki,
artıq bu il yeddi ixtisas üzrə magistratura təhsilinə
başlanılacaq.
A.Əlizadə hesabat ilində AMEA-nın müəssisələrinin
maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində
həyata keçirilən tədbirlərdən də söz açaraq bildirib ki,
Mərkəzi Elmi Kitabxananın və Milli Ensiklopediyanın
müasir dünya standartları səviyyəsində olan yeni
binaları istifadəyə verilib. Bir sıra elmi müəssisələrin
inzibati binaları rekonstruksiya olunub, ən müasir cihaz
və avadanlıqla təchiz edilib. Bundan başqa, AMEA-nın
Təcrübə-Sənaye Zavodunun bütün fəaliyyət
istiqamətlərində əsaslı dönüş yaranıb, müəssisədə
elmi-təcrübi, istehsal xarakterli proseslər geniş vüsət
alıb.
Akademik qeyd edib ki, Azərbaycan elminin inkişafı
istiqamətində qarşıda bir sıra vəzifələr durur.
"Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf
Konsepsiyasının tələblərinə uyğun olaraq, AMEA
Azərbaycan elminin üzərinə düşən vəzifələrin icrasını
davam etdirməli, biliklər iqtisadiyyatına və yüksək
texnologiyalara əsaslanan elmi potensialı daha da
gücləndirməli, alimlərin dövlətimizin inkişafında
yaxından iştirakına nail olmalıdır.
Sonra hesabat ətrafında müzakirələr aparılıb, AMEA-nın
akademik-katibi, akademik Rasim Əliquliyev iştirakçıları
maraqlandıran sualları cavablandırıb.
Tədbirdə ilk dəfə "Azərbaycan Respublikasının Nizami
Gəncəvi adına Qızıl medalı" öz sahiblərinə təqdim olunub.
Azərbaycan incəsənətinin və sənətşünaslıq elminin
inkişafında sanballı xidmətlərinə görə AMEA-nın həqiqi
üzvü, xalq artisti Arif Məlikov və kvant nöqtəli
heterostrukturların formalaşma prosesi və xassələrinin
fundamental tədqiqi, onların əsasında yeni lazerlərin
yaradılması sahəsində silsilə elmi əsərlərinə, habelə
Azərbaycan-Rusiya elmi-texniki əməkdaşlığının inkişafına
verdiyi şəxsi töhfəsinə görə Rusiya Elmlər
Akademiyasının həqiqi üzvü, fizika üzrə Nobel mükafatı
laureatı Jores Alfyorov AMEA-nın ən yüksək mükafatı ilə
təltif olunublar. Bundan əlavə, elmin müxtəlif
sahələrindəki xidmətlərinə görə akademik Cəmil Əliyev
AMEA-nın akademik Mirəsədulla Mirqasımov adına, akademik
Telman Əliyev Nəsirəddin Tusi adına, akademik Musa
Rüstəmov akademik Yusif Məmmədəliyev adına, akademik
Teymur Bünyadov Abbasqulu ağa Bakıxanov adına, AMEA-nın
müxbir üzvü Zemfira Səfərova akademik Üzeyir Hacıbəyli
adına, akademik Tariyel Talıbov Həsən bəy Zərdabi adına,
geologiya-mineralogiya elmləri doktoru Məmməd Çıraqov
akademik Musa Əliyev adına mükafatlarına layiq
görülüblər.
Sonra ümumi yığıncaqda elmi məruzələr dinlənilib. Fizika
İnstitutunun laboratoriya müdiri, fizika-riyaziyyat
elmləri doktoru Oqtay Qasımov "Fiziki metodlara və
prinsiplərə əsaslanan biofiziki tədqiqatlar" mövzusunda
məruzə edib.
Yığıncaqda rabitə və yüksək texnologiyalar naziri,
akademik Əli Abbasov "Kosmik tədqiqatların Azərbaycan
Respublikasının inkişafında rolu və perspektivləri"
mövzusunda elmi məruzəsində bildirib ki, kosmik
tədqiqatlar ölkəmizdə ötən əsrin 80-ci illərindən
başlayaraq təşəkkül tapıb. Ümummilli lider Heydər
Əliyevin təşəbbüsü ilə 1973-cü ildə Bakı şəhərində
Beynəlxalq Astronavtika Federasiyasının XXIV Konqresi
keçirilib. Ulu öndərin rəhbərliyi ilə 1974-cü ildə "Kaspi"
Elm Mərkəzinin yaradılması haqqında qərar qəbul edilib,
AMEA-nın nəzdində "Xəzər" Elmi Mərkəzi yaradılıb.
Azərbaycan Nazirlər Sovetinin elə həmin il qəbul etdiyi
qərar əsasında "Kosmik cihazqayırma" Xüsusi Konstruktor
Bürosu təşkil olunub. 1977-ci ildə Bakıda 30-dan artıq
ölkənin nümayəndəsinin iştirakı ilə BMT-nin Yerin
məsafədən zondlanması üzrə seminar keçirilib. 1978-ci
ildə "Xəzər" Elmi Mərkəzinin əsasında yaradılan Təbii
Ehtiyatların Kosmik Tədqiqi İnstitutu 1982-ci ildə SSRİ
Baş Kosmos İdarəsi nəzdində Kosmik Tədqiqatlar Elmi
İstehsalat Birliyinə çevrilib. Nazir birliyin əsasının
görkəmli alim, Azərbaycan kosmik elminin yaradıcısı,
professor Tofiq İsmayılov tərəfindən qoyulduğunu
bildirərək vurğulayıb ki, ölkəmizdə kosmik elmin və
texnologiyaların formalaşmasında, inkişafında
general-leytenant Kərim Kərimov, akademiklər Arif
Paşayev, Arif Mehdiyev və digər görkəmli alim və
mütəxəssislərin də xüsusi rolu olub. Ölkəmiz müstəqillik
əldə etdikdən sonra isə Kosmik Tədqiqatlar Elmi
İstehsalat Birliyinin bazasında Azərbaycan Milli
Aerokosmik Agentliyi yaradılıb.
Diqqətə çatdırılıb ki, 2003-cü ildə ümummilli lider
Heydər Əliyev tərəfindən "Azərbaycan Respublikasının
inkişafı naminə informasiya və kommunikasiya
texnologiyaları üzrə Milli Strategiya (2003-2012-ci
illər)" qəbul edilib. Prezident İlham Əliyev 2008-ci
ildə "Azərbaycan Respublikasında Kosmik Sənayenin
yaradılması və telekommunikasiya peyklərinin orbitə
çıxarılması haqqında", 2009-cu ildə "Azərbaycan
Respublikasında Kosmik Sənayenin yaradılması və inkişafı
üzrə Dövlət proqramı"nın qəbul edilməsi haqqında
sərəncamlar imzalayıb. Nazirliyin 2010-cu il 5 iyul
tarixli kollegiyasının qərarı ilə kosmik məsələlər üzrə
şura yaradılıb və akademik Arif Paşayev şuranın sədri
təyin edilib.
Ə.Abbasov qeyd edib ki, dövlətimizin başçısının 2010-cu
il 3 may tarixli sərəncamı ilə "Azərkosmos" Açıq Səhmdar
Cəmiyyəti təsis edilib. BMT-nin 2012-ci il 12 yanvar
tarixli qətnaməsi ilə Azərbaycan Respublikası BMT-nin
Kosmik Fəzanın Sülh məqsədləri ilə istifadəsi üzrə
Komitəsinə (COPUOS) üzv olub. Bir il sonra isə
"Azərspace-1" Cənubi Amerikada yerləşən Fransız Qvianası
Mərkəzinin Kuru Kosmodromundan Fransanın "Arianspace"
şirkətinin Ariane-5 raket daşıyıcısı vasitəsilə uğurla
geostasionar orbitə çıxarılıb. "Kosmik sənayenin
yaradılması və inkişafı üzrə Dövlət Proqramı"na və
"Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasına
uyğun olaraq 2020-ci ilədək telekommunikasiya və yerüstü
müşahidə peyklərinin də orbitə çıxarılması nəzərdə
tutulur.
Sonra Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin
(ARDNŞ) birinci vitse-prezidenti, akademik Xoşbəxt
Yusifzadə "Azərbaycanın neft strategiyası və elm"
mövzusunda məruzə ilə çıxış edib. Bildirib ki, son
iyirmi ildə ölkəmizin misilsiz inkişaf yolu keçməsinin,
böyük quruculuq işlərinin və qlobal dəyişikliklərin
əsasında ümummilli lider Heydər Əliyevin təməlini
qoyduğu, Prezident İlham Əliyevin uğurla davam etdirdiyi
neft strategiyası dayanır. Bu strategiya sayəsində
Azərbaycan Qafqaz regionunun güclü və nüfuzlu dövlətinə,
Avropanın enerji təhlükəsizliyində mühüm əhəmiyyət kəsb
edən ölkəyə çevrilib. Məruzədə neft strategiyası
nəticəsində bir sıra qlobal enerji layihələrinin məhz
Azərbaycanın təşəbbüsü və iştirakı ilə reallaşdığı,
strategiyanın iqtisadiyyatın bütün sahələrində gedən
inkişafa böyük təkan verdiyi qeyd olunub. Eyni zamanda,
strategiyanın formalaşdırıldığı tarixi şərait və onu
meydana gətirən amillərdən bəhs edilib.
Ümumi yığıncaqda AMEA-nın strukturunda qismən dəyişiklik
edilməsi məsələsi müzakirə edilib. AMEA-nın
nizamnaməsinin tələblərindən irəli gələn məsələlərin
həlli, eləcə də Humanitar və İctimai elmlər bölmələrinin
fəaliyyətinin təşkili məqsədilə Ədəbiyyat, Dilçilik,
Şərqşünaslıq, Əlyazmalar, Folklor, Memarlıq və İncəsənət
institutlarının, həmçinin Milli Azərbaycan Ədəbiyyatı
Muzeyi və Hüseyn Cavidin Ev Muzeyinin Humanitar Elmlər
Bölməsinin tərkibinə, Tarix, Arxeologiya və Etnoqrafiya,
İqtisadiyyat, Fəlsəfə və Hüquq, İnsan Hüquqları, Dünya
Siyasəti, Elm Tarixi, Qafqazşünaslıq institutlarının, o
cümlədən Milli Azərbaycan Tarixi Muzeyinin İctimai
Elmlər Bölməsinin tərkibinə daxil edilməsi barədə qərar
qəbul edilib. Bu bölmələrin tərkibi müəyyənləşdirilib.
Sonra AMEA-nın Quba Regional Mərkəzinin yaradılması
məsələsinə baxılıb. Rəyasət heyətinin bu barədə vəsatəti
nəzərə alınmaqla mərkəzin yaradılması barədə qərar qəbul
edilib. Qeyd olunub ki, bu mərkəz bölgədə elmi tədqiqat
fəaliyyətini gücləndirmək və regiondakı elmi-texniki
potensialdan geniş istifadə olunmaqla fundamental və
tətbiqi araşdırmaları lazımi səviyyədə aparmaq, eləcə də
şimal bölgəsinin tarixi, arxeologiyası, etnoqrafiyası və
təbii ehtiyatlarının tədqiqi üçün daha əlverişli şərait
yaradacaq.
Daha sonra AMEA-nın vitse-prezidentləri, akademiklər
çıxış edib, problemlərdən söz açıb, təkliflər
səsləndiriblər.
Ümumu yığıncağın qərarı ilə AMEA-nın 2014-cü ildəki elmi
və elmi-təşkilati fəaliyyəti haqqında hesabat qənaətbəxş
hesab olunub və təsdiqlənib.
Yığıncaqda AMEA-nın akademik-katibi və elmi bölmələr
üzrə akademik-katib vəzifələrinə seçkilər keçirilib.
Səsvermənin nəticələrinə əsasən akademik Rasim
Əliquliyev AMEA-nın akademik-katibi, akademik Fəxrəddin
Qədirov Yer Elmləri Bölməsinin, akademik Teymur Kərimli
Humanitar Elmlər Bölməsinin, akademik Dilqəm Tağıyev
Kimya Elmləri Bölməsinin, akademik Fuad Əliyev Gəncə
Bölməsinin akademik-katibi vəzifələrinə yenidən
təsdiqləniblər. Bununla yanaşı, AMEA-nın müxbir üzvü
Nazim Məmmədova Fizika-Riyaziyyat və Texnika Elmləri
Bölməsinin, AMEA-nın müxbir üzvü Nərgiz Axundovaya
İctimai Elmlər Bölməsinin akademik-katibi vəzifəsini
icra etmək həvalə olunub. |