Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

2 May 2015 - №15

 

Gəncə Dövlət Universitetində bayram tədbiri keçirilib

 

Böyütmək üçün seçin1970-ci ildən fəaliyyət göstərən Beynəlxalq Frankofoniya Təşkilatı tərəfindən təsis edilən Frankofoniya (fransız dili günləri) bayramı  fransız dilini və mədəniyyətini sevdirməyə və təbliğ etməyə  xidmət göstərir.  Dünyanın 53 ölkəsində keçirilən bu bayram, həm də fransız dilinə, mədəniyyətinə dünya xalqlarının yüksək ehtiramının əlamətidir. Azərbaycanın da bir çox ali məktəblərində bu bayram ənənəvi olaraq hər il qeyd olunmaqdadır. Fransız dili müəllimliyi ixtisasında pedaqoji mütəxəssislər hazırlayan Gəncə Dövlət Universitetinin də belə  mərasimlərin təşkilində xüsusi payı var. Bu il  ənənə Fransanın Azərbaycandakı səfirliyinin elm-təhsil şöbəsinin əməkdaşı Elza Furtadonun iştirakı ilə davam etdirilib.

Elza Furtadon  öncə universitetdə fransız dilinin tədrisi ilə maraqlanıb, tələbə və müəllimlərlə söhbət aparıb, burada gedən tədris və təhsildən razı qalıb. O, eyni zamanda fransız dilinə, mədəniyyətinə və ədəbiyyatına həsr edilmiş tərcümə müsabiqəsində iştirak edib.

 Bayram mərasimi Cəfər Cabbarlı adına Gəncə Dövlət Dram Teatrında keçirilib. Mərasimi giriş sözü ilə açan universitetin rektoru, professor Yusif Yusibov Elza Furtadonu, digər qonaqları, müəllim və tələbə heyətini  bayram münasibəti ilə təbrik edib. Rektor bildirib ki, dünya təhsilinə inteqrasiya yolu tutan GDU ölkəmizdə təhsilə göstərilən dövlət qayğısı sayəsində daha da inkişaf edir,  beynəlxalq əlaqələri  genişlənir. Bu əlaqələrdə  Fransanın Yuxarı Elzas, Strasburq, Reyms Şampan-Arden universitetləri ilə əməkdaşlığın xüsusi yer tutduğunu söyləyən rektor Frankofoniya bayramının keçirilməsinin iki dövlət, iki xalq arasında dostluğun gözəl  nümunəsi olduğunu diqqətə çatdırıb.

Elza Furtadon öz çıxışında Gəncə Dövlət Universitetində fransız dilinin və ədəbiyyatının tədrisinə və təbliğinə ciddi fikir verildiyi üçün kollektivə, rektor Yusif  Yusibova, fransız dili kafedrasının müdiri Məhərrəm Orucova dərin minnətdarlığını bildirib, belə bir mərasimin hazırlanmasının fransız xalqına gözəl hədiyyə olduğunu  vurğulayıb.

Tədbirdə xarici dillər fakültəsinin fransız dili ixtisası üzrə təhsil alan tələbələrinin iştirakı ilə Məcid Şamxalovun "Qaynana", Jan Batist Molyerin "Xəsis", Üzeyir Hacıbəylinin "Arşın mal alan" və fransızların "Boyunbağı" komediyaları əsasında fransız dilində səhnələr nümayiş etdirilib.

Sonda rektor, professor Yusif Yusibov və Elza Furtadon  mərasimi təşkil edənlərə, iştirakçı tələbələrə öz təşəkkürlərini bildirib, belə tədbirlərin, isti münasibətlərin Azərbaycan və fransız xalqları arasında dostluğun daha da möhkəmlənməsinə müsbət  təsir göstərəcəyini söyləyiblər. 

Maqbet ƏHMƏDOV,
GDU-nun Mətbuat xidmətinin rəhbəri

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov