Aprelin
28-də Bakıda stolüstü tennis üzrə məktəblilərarası zona
yarışının açılış mərasimi keçirilib.
Mərasimdə təhsil nazirinin müavini Firudin Qurbanov,
məktəbdənkənar təhsil müəssisələrinin rəhbərləri və
idman ictimaiyyətinin nümayəndələri iştirak edib.
Mərasimdə təhsil nazirinin müavini Firudin Qurbanov zona
yarışları barədə məlumat verib. F.Qurbanov bildirib ki,
Təhsil Nazirliyi I Avropa Oyunlarının proqramına daxil
olan idman növlərini məktəblilər arasında təbliğ etmək,
məktəbliləri sağlam həyat tərzinə istiqamətləndirmək,
onların vətənpərvərlik ruhunda tərbiyə olunmasında bədən
tərbiyəsinin və idmanın rolunu artırmaq məqsədilə
ölkəmizin bütün bölgələrini əhatə edən zona yarışları
keçirir. "Bakı - 2015" I Avropa Oyunlarının proqramına
daxil olan 14 idman növü üzrə təşkil olunan yarışlar
mayın sonunadək davam edəcək və bu yarışlarda 6 min
nəfərdən çox şagirdin iştirakı gözlənilir. Aprelin 21-də
start verilən zona yarışları çərçivəsində indiyədək
10-dan çox bölgədə belə kütləvi idman tədbirinin
keçirildiyini xatırladan nazir müavini məktəblilərin
fəallığını yüksək qiymətləndirib.
Nazir müavini qeyd edib ki, məktəblilər arasında bütün
ölkəni əhatə edən belə kütləvi idman tədbiri ilk dəfədir
keçirilir. Yarışlar şagirdləri idmana həvəsləndirməklə
yanaşı, məktəblilər arasında əlaqələrin genişlənməsinə
və müntəzəm idman turnirlərinin keçirilməsinə şərait
yaradır.
Rəsmi mərasimdən sonra yarışa start verilib.
Qeyd edək ki, zona yarışına qatılmış 12 komandanın
tərkibi 2001-ci il təvəllüdlü və daha kiçik 4 oğlan və 4
qızdan ibarətdir. Beynəlxalq Stolüstü Tennis
Federasiyasının qaydalarına uyğun olaraq keçirilən
yarışda 100-ə yaxın tennisçi mübarizə aparır.
Bakı şəhərində start verilən tennis üzrə zona yarışı
mayın 1-dən 3-dək Salyanda, 5-dən 7-dək Gəncədə, 13-dən
15-dək Şirvanda, 17-dən 19-dək Sumqayıtda, 21-dən 23-dək
Şəkidə davam etdiriləcək.
Qaliblər Təhsil Nazirliyi tərəfindən diplom və qiymətli
hədiyyələrlə mükafatlandırılacaq. |