Rusiyanın
M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin
psixologiya fakültəsinin nümayəndə heyəti MDU-nun Bakı
filialında olub. MDU-nun psixologiya fakültəsinin
dekanı, psixologiyanın metodologiyası kafedrasının
müdiri, psixologiya elmləri doktoru, professor, Rusiya
Təhsil Akademiyasının (RAO) həqiqi üzvü, akademiyanın
rəyasət heyətinin akademik-katibi Yuri Zinçenkonun
rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdə Bakı
filialının rektoru, filologiya elmləri doktoru,
professor, AMEA-nın müxbir üzvü Nərgiz Paşayeva
psixologiya fakültəsinin tədris prosesi barədə qonaqlara
məlumat verib.
Görüşdən əvvəl tələbələr qarşısında çıxış edən Nərgiz
Paşayeva əmin olduğunu bildirib ki, MDU-nun Bakı
filialının psixologiya fakültəsində oxuyan tələbələr
gələcəkdə psixologiya elmi ilə məşğul olacaq parlaq
mütəxəssislər olacaqlar. "Mən dəfələrlə demişəm ki,
MDU-nun Bakı filialının psixologiya fakültəsi ölkədə
ilk psixologiya fakültəsidir. Bu cür ixtisas bizdə Bakı
Dövlət Universitetinin sosial elmlər və psixologiya
fakültəsində verilir. Əlbəttə ki, orada yaxşı alimlər
çalışır, lakin onların sayı bizim ölkənin tələbatlarına
cavab vermir", - deyə Bakı filialının rektoru qeyd edib.
Nərgiz Paşayeva ümidvar olduğunu bildirib ki,
psixologiya elmi M.V.Lomonosov adına MDU-nun Bakı
filialının məzunlarının timsalında yeni adlar və
perspektivlər qazanacaq. MDU-nun Bakı filialının
rəhbəri qeyd edib ki, baxmayaraq psixologiya bir elm
sahəsi kimi gəncdir, bu gün aktualdır və ona tələbat
var, insanın şüuru haqqında anlayışları öyrənir. Bu,
hazırda ayrıca bir insanın və sosiumun həyatında
mühüm aspektdir.
Görüşdə çıxış edən professor Y.Zinçenko bildirib ki,
Bakı filialının psixologiya fakültəsində MDU-nun ən
yaxşı psixoloqları çalışır. Onun sözlərinə görə,
Moskvadan ən yaxşı müəllimlər məmnuniyyətlə Bakıya
gəlirlər. O qeyd edib ki, MDU Avropa standartlarına
uyğun təhsil verən yeganə universitetdir, MDU-nu
bitirmiş istənilən məzun Avropa Birliyi ərazisində
işləyə bilər. Yuri Zinçenkonun sözlərinə görə, görüşdə
Bakı filialının məzunlarının gələcək elmi-pedaqoji
fəaliyyətinin təşkili məsələsi müzakirə olunub. Artıq
təhsil ocağında bakalavriat və magistratura strukturu
vardır, növbəti mərhələdə aspirantura və dissertantura
səviyyələrində təhsilin davam etdirilməsi
perspektivləri müzakirə olunub ki, təhsil silsiləsi
tam olsun.
Daha sonra moskvalı qonaq tələbələrin suallarını
cavablandırıb.
Oruc MUSTAFAYEV,
"Azərbaycan müəllimi" |