Sözün
sehrinə məhəbbət Bakı şəhər 124 nömrəli tam orta
məktəbin müəllim və şagirdlərini aprelin 18-də bu tədris
ocağının geniş və işıqlı akt zalına yığmışdı. Həmin gün
məktəbdə qardaş Türkiyənin böyük şairi, Türkiyə
Cümhuriyyətinin İstiqlal marşının müəllifi Mehmet Akif
Ersoyun həyat və yaradıcılığına həsr olunmuş ədəbi-bədii
gecə keçirilirdi. Tədbirin xüsusi bir özəlliyi onun
Türkiyənin istiqlal mücadiləsi tarixində mühüm rol
oynamış Çanaqqala savaşının 100 illiyi ərəfəsində
təşkil olunması idi. Qonaqların da qatıldığı tədbiri 124
nömrəli tam orta məktəbin direktoru Sevda Abdullayeva
açaraq ədəbi-bədii gecənin məktəblilərin mütaliəsinin
təşkili ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsinin
tapşırığına əsasən keçirildiyini söylədi. Bildirdi ki,
tədbirin keçirildiyi tarix Çanaqqala zəfərinin 100
illiyinə təsadüf etdiyindən Türkiyənin İstiqlal marşı
ilə bərabər həm də "Çanaqqala dastanı"nı yazmış Mehmet
Akif Ersoyun həyat və yaradıcılığı mövzu olaraq
seçilmişdir. Tədbirə hazırlıq gedişində məktəblilərin
internet resursları vasitəsi ilə Mehmet Akif Ersoyun
həyatı və yaradıcılığı haqqında araşdırmalar apararaq
məlumat topladığını, şeirlərini mütaliə etdiklərini
deyən direktor tədbirin əsas təşkilatçısı olan
Azərbaycan dili və ədəbiyyat müəllimi Utarida
Rzayevanın onun üçün maraqlı ssenari yazdığını da
diqqətə çatdırdı.
Sonra söz tədbirin aparıcısı Utarida müəllimə və
şagirdlərə verildi. Öncə məktəbin X sinif şagirdi Lalə
Məmmədovanın şairin yağlı boya ilə çəkdiyi portreti
nümayiş olundu. Türkiyədə keçirilən uşaq mahnı
festivalının qalibi Mirzəcan Mövliyev
"Azərbaycan-Türkiyə" mahnısını ifa etdi. U.Rzayeva
şairin həyat və fəaliyyəti haqqında geniş məlumat verdi.
Şagirdlərdən Xeyranisə Fətullayeva, Səidə Rəhimova
Z.Yaqubun, Q.Paşayevanın şeirlərindən nümunələr
söylədilər. Nərmin Abdalovanın Mehmet Akifin
yaradıcılığı haqqında türk dilində məlumat verməsi
tədbir iştirakçıları tərəfindən alqışlarla qarşılandı.
İstiqlal marşı haqqında müəllimin məlumatından sonra bir
qrup şagird şeiri əzbər söylədi. Şairin "Çanaqqala
dastanı" əsəri haqqında da danışıldı və parçalar
söyləndi.
Daha sonra şagirdlər Azər Məmmədov və Dilavər Rzayevin
Çanaqqala savaşından, Mərdəkandakı iki şəhid türk
əsgərinin abidəsindən hazırladıqları videomateriallar
nümayiş etdirildi. Paralel olaraq Əhməd Cavad
yaradıcılığından, 1918-ci il mart soyqırımından, həmin
vaxt xalqımızın köməyinə gəlmiş türk əsgərlərinin
xilaskarlıq missiyasından söhbət açıldı. Ədəbi-bədii
gecə əsgər geyimli qızların rəqsi, "Vətən" və "Qələbə"
mahnılarının ifası ilə başa çatdı.
İştirakçılarda dərin təəssürat yaradan tədbirdə
TUSİAB-ın təmsilçisi Selçuk Düzgün çıxış edərək
hazırladıqları yüksək səviyyəli tədbirə görə məktəbin
rəhbərliyinə, müəllim və şagirdlərə təşəkkürünü bildirdi,
mövzu ilə bağlı fikir və bilgilərini bölüşdü.
Yusif ƏLİYEV,
"Azərbaycan müəllimi" |