Füzuli Əsgərli deyəndə mənim ilk
ağlıma gələn söz bu oldu: uşaq ədəbiyyatının keşiyində
dayanan əsgər. Füzuli müəllimin 70 yaşı tamam olsa da
onda uşaq saflığı, uşaq sadəlövhlüyü var. Görünür bütün
bunlar onunla əlaqədardır ki, Füzuli müəllim uzun
illərdən bəri bütün günü uşaq ədəbiyyatı nümunələrini
oxuyur, onlar haqqında məqalələr yazır, dərsliklər,
monoqrafiyalar yaradır, uşaq ədəbiyyatından mühazirələr
oxuyur, kurs işlərinə, buraxılış işlərinə rəhbərlik edir.
Elə buna görə də onun bütün yazılarına uşaq dünyasının
ətri, hərarəti, səmimiyyəti hopub. Elə buna görə də onun
yazılarının hər sətrindən bir-birinə bənzəməyən uşaq
obrazları boylanır. Bu obrazların yaradıcıları isə o
qədər də az deyil...
Sanni Rodari, Qrimm qardaşları, Hof
man, Hauf, Şarl Perro, Jül Vern, Cerard Kiplinq, Mark
Tven, Mixail Prişvin, Boris Jitkov, Samuel Marşak,
Korney Çukovski, Nikolay Nosov, Aqniya Barto, Sergey
Mixalkov, Abbas Səhhət, Abdulla Şaiq, İlyas Tapdıq,
Zahid Xəlil, Qəşəm İsabəyli, Rafiq Yusifoğlu, Məmməd
Namaz, Ələmdar Quluzadə, Sevinc Nuruqızı, Reyhan
Yusifqızı və başqaları bir-birlərindən necə fərqlənirsə,
onların balaca qəhrəmanları da eləcə. Füzuli Əsgərli
kimdən yazırsa-yazsın, məhz bu məsələləri ön plana
gətirməyə, haqqında söhbət açdığı yazıçının yaradıcılıq
üslubunu müəyyənləşdirməyə çalışır, təkcə bədii əsərdəki
ideya məzmununa yox, sənətkarlıq məsələlərinin şərhinə
də xüsusi önəm verir.
Füzuli Əsgərli çox zəhmətkeş alimdir, daim axtarır,
arayır, yorulmaq bilmədən yazıb-yaradır, ancaq bir az
utancaqdır, təvazökardır. Uşaq ədəbiyyatı ilə bağlı
tədbirlərdə həmişə iştirak etsə də, çox zaman danışmır,
dinləyir, elə ki tədbir qurtardı, düşür ərki çatan
şairlərin, yazıçıların üstünə, gərək onu belə deyəydin,
bunu elə deyəydin və sair. Ancaq ən önəmli fakt ondan
ibarətdir ki, uzun illərdən bəri ADPU-da uşaq
ədəbiyyatından dərs deyən, filologiya üzrə fəlsəfə
doktoru, dosent Füzuli Əsgərlinin müəllimlik fəaliyyəti
ilə elmi fəaliyyəti bir-birini tamamlayır.
Müəllifin qələminin məhsulu olan "Sənətkarın uşaq
dünyası", "Ədəbi düşüncələr", "Ömrün sözü, sözün ömrü",
"Azərbaycan uşaq ədəbiyyatının mərhələli inkişafı", "Uşaq
ədəbiyyatı: qarşılıqlı yaradıcılıq qaynaqları" və sair
kitabları göstərir ki, uşaq ədəbiyyatının yaradıcılıq
problemləri daim Füzuli Əsgərlinin diqqət mərkəzindədir.
Uşaq ədəbiyyatına sonsuz sevgi onun bütün monoqrafiya və
məqalələrinin başlıca leytmotivini təşkil edir. Bu sevgi
Füzuli müəllimi daim axtarıb-aramağa, uşaq ədəbiyyatının
təəssübkeşi, havadarı kimi çıxış etməyə səsləyir.
Azərbaycan uşaq ədəbiyyatının elə istedadlı nümayəndəsi
yoxdur ki, Füzuli Əsgərli onun yaradıcılıq nümunələri
haqqında söz söyləməsin. Ən yaxşı cəhətlərdən biri də
ondan ibarətdir ki, Füzuli Əsgərli istedadsız yazıçılar
haqqında ümumiyyətlə heç nə yazmamağa üstünlük verir ki,
bu da onun ədəbi məramı haqqında müəyyən təsəvvür
yaradır.
Füzuli Əsgərli görkəmli uşaq yazıçısı, filologiya
elmləri doktoru Zahid Xəlil yaradıcılığına daha çox
üstünlük verir. Onun Zahid Xəlil yaradıcılığı haqqında
bir neçə monoqrafiyası, saysız-hesabsız məqalələri çap
olunmuşdur. "Sənətkarın uşaq dünyası", "Ömrün sözü,
sözün ömrü", "Sehrli dünyanın memarı", "Zahid Xəlilin
sənət dünyası" və sair kitablarda görkəmli uşaq
yazıçısının əsərləri geniş təhlil olunur, onun müxtəlif
janrlı yaradıcılıq nümunələri bədii təhlil predmetinə
çevrilir.
"Rus uşaq nəsrinin Azərbaycan dilinə tərcümə
problemləri" (1950-1980-ci illər) mövzusunda
dissertasiya yazıb uğurla müdafiə edən Füzuli Əsgərli
təkcə Azərbaycan yox, eyni zamanda dünya uşaq
ədəbiyyatının görkəmli nümayəndələri haqqında da maraqlı
məqalələrin müəllifidir. O, həm yaxşı tərcüməçi, həm də
tərcümə işinin nəzəri problemləri ilə məşğul olan bir
ədəbiyyatşünasdır. Onun "Bədii tərcümə prinsipləri"
(2009) adlı monoqrafiyası göstərir ki, Füzuli müəllim bu
məsələ ilə də daim ciddi məşğul olmuşdur. Dünya uşaq
ədəbiyyatı haqqında illər boyunca müəllifdə yaranan
dolğun təsəvvür Füzuli Əsgərliyə Azərbaycan uşaq
ədəbiyyatına da məhz dünya uşaq ədəbiyyatı prizmasından
baxmaq, onun məziyyət və nöqsanlarını bu meyarlarla
dəyərləndirmək imkanı vermişdir. Eyni zamanda bu nəzəri
hazırlıq "Bədii təhlil və ədəbi tənqid" monoqrafiyasının
yaranmasına yardımçı olmuşdur.
Füzuli Əsgərli qələminin, səmərəli axtarışlarının
bəhrəsi olan "Uşaq ədəbiyyatı" adlı dərslik ali və orta
ixtisas məktəblərinin tələbələri üçün nəzərdə
tutulmuşdur. Azərbaycan uşaq ədəbiyyatının tədrisində
mühüm rol oynayan bu kitab 2007, 2009, 2011 və 2012-ci
illərdə nəşr olunub tələbələrin, gələcəyin ibtidai sinif
müəllimlərinin istifadəsinə verilmişdir. İldən-ilə bu
dəyərli vəsaitini zənginləşdirən müəllif Azərbaycan və
dünya uşaq ədəbiyyatı haqqında iki sanballı kitab çap
etdirmişdir. Azərbaycan Respublikası təhsil nazirinin
əmrinə əsasən çap olunan "Azərbaycan uşaq ədəbiyyatı" və
"Dünya uşaq ədəbiyyatı" dərs vəsaitlərinin ən əsas
məziyyətlərindən biri ondan ibarətdir ki, müəllif təkcə
görkəmli uşaq yazıçılarının həyat və yaradıcılığı
haqqında oçerklər yazmaqla kifayətlənməmiş, kitaba
onların əsərlərindən seçmə nümunələr də daxil etmişdir
ki, bu da tələbələrin işini əhəmiyyətli dərəcədə
azaltmışdır.
Ömrünün yetmişinci baharını arxada qoyan Füzuli Əsgərli
yenə gənclik eşqiylə yazıb-yaradır, tələbələrə uşaq
ədəbiyyatının mahiyyətini, məqsəd və vəzifələrini izah
etməkdən yorulmur. Müasir Azərbaycan uşaq ədəbiyyatı isə
həmişə onun diqqət mərkəzindədir. Bu şərəfli ömür
yolunda Füzuli Əsgərliyə cansağlığı və yeni-yeni uğurlar
arzulayırıq.
Rafiq YUSİFOĞLU,
filologiya üzrə elmlər doktoru, professor, "Göyərçin"
uşaq jurnalının baş redaktoru |