Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

25 Aprel 2015 - №14

 

Bilik Fondu yeni layihəyə start verib

 

Böyütmək üçün seçin23 aprel - Beynəlxalq Kitab Günü münasibəti ilə Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun "İlboyu bilik" proqramının "İmzalı görüş" layihəsinə start verilib. "İmzalı görüş"ün ilk qonağı Milli Məclisin deputatı, yazıçı-publisist Aqil Abbas olub.

M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasında keçirilən görüşdə kitabxananın direktoru, professor Kərim Tahirov, respublikanın əməkdar mədəniyyət işçisi, filologiya elmləri doktoru Vaqif Yusifli, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin şöbə müdiri, şair, tərcüməçi Vaqif Bəhmənli, yazıçı-publisist Rəşad Məcid, Bilik Fondunun əməkdaşları Xatirə Hüseynova, Ramilə Qurbanlı, Ceyhun Musaoğlu və müxtəlif universitetlərdən olan tələbələr iştirak ediblər.

Kitabxananın direktoru, əməkdar mədəniyyət işçisi Kərim Tahirov gənclərin və yeniyetmələrin kitabxanalara cəlb edilməsi məqsədilə Bilik Fondunun həyata keçirdiyi layihənin əhəmiyyətindən danışıb. Milli Kitabxanada tanınmış yazıçılarla gənclərin görüşlərinin mütəmadi olaraq keçirildiyini bildirib.

Mədəniyyət və Turizm Nazirliyinin şöbə müdiri, şair Vaqif Bəhmənli Aqil Abbas yaradıcılığından ana xətt kimi keçən vətənpərvərlik, milli təəssübkeşlik və yurdsevərlik keyfiyyətlərindən söhbət açıb. Yazıçının "Evləri köndələn yar", "Batman qılınc", "Ən xoşbəxt adam" və s. əsərlərində adi həyat hadisələrini ədəbiyyata köçürmək bacarığını, əsərlərində Qarabağın şirin ləhcəsini ustalıqla ədəbiyyata gətirdiyini bildirib.

Filologiya elmləri doktoru Vaqif Yusifli Qarabağ haqqında, xüsusilə könüllü batalyonların ölüm-dirim savaşından, elan olunmamış müharibənin gətirdiyi bəlalardan, əliyalın, taleyin ümidinə buraxılmış insanların yaşantılarından bəhs edən yazıçını sözü deməyi bacaran qələm sahibi kimi dəyərləndirib. Onun "Qarda açan qan çiçəyi", "Çadırda Üzeyir Hacıbəyli doğula bilməz", "Qiyamət gecəsi", "Dolu" və s. əsərlərini ədəbiyyatımızın uğuru adlandırıb.

Azərbaycan Yazıçılar Birliyinin katibi, "525-ci qəzet"in redaktoru Rəşad Məcid Aqil Abbasın yolunun davamçısı olaraq, ondan çox şey öyrəndiyini, sənətdə və həyatda hər an onun köməyini, dəstəyini duyduğunu söyləyib. Onun böyük ürəkli insan, səmimi dost olaraq insani xüsusiyyətlərindən söhbət açıb.

Tələbələr yazıçının yalnız onlara paylanılan "Dolu" kitabından deyil, bütün əsərlərindən onları maraqlandıran suallara cavab alıblar.

Tədbir oxucularla müəllifin səmimi atmosferdə söhbəti ilə davam edib. Sonda müəllif tələbələrə imzaladığı kitabları verib. 

Bilik Fondunun İnformasiya Təminatı sektoru

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov