VI SİNİF
AZƏRBAYCAN DİLİ FƏNNİ
Bikə NƏCƏFOVA,
Bakı şəhəri 23
nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat
müəllimi, "Ən yaxşı müəllim" müsabiqəsinin (2009) qalibi
Mövzu:
"Neman və Simnar"
Müasir dərsin xarakterik xüsusiyyətləri şagirdlərin
fəallığı, yaradıcı axtarışlara qoşulması, öz bilik
ehtiyatlarına və əvvəlki dərslərdən öyrəndiklərinə
istinad edərək hadisə və faktları təhliletmə, nəticə
çıxarma, tətbiq və təqdim etmə qabiliyyətlərinə
yiyələnməsi, idraki qabiliyyətlərinin inkişaf
etdirilməsidir. Müasir dərsdə müəllim əlaqələndirici,
istiqamətverici, məsləhətçi, şagirdlər isə
öyrəndiklərini təqdim və tətbiq etməyi bacaran yaradıcı
subyektlər rolunda çıxış edirlər. Müasir təlim
metodlarından, İKT-nin geniş imkanlarından səmərəli
istifadə etməklə hər bir dərsdə bu xüsusiyyətləri
reallaşdırmaq mümkündür.
Standartlar:
2.2.1, 3.1.2, 2.1.1, 1.1.2, 1.2.4.
Təlim
nəticələri (məqsədlər):
1.Mətndəki hadisələrin davamıını proqnozlaşdırarkən
müvafiq hissədəki mühüm məqamlardan çıxış edir.
2. Nəqli xarakterli mətnə məzmuna uyğun yeni epizodlar
əlavə edir.
3. Kontekstə görə mənasını müəyyənləşdirdiyi sözün
izahını lüğətdə verilmiş izahla müqayisə edir.
4.
Öz fikirlərini də əlavə etməklə dinlədiklərini tezis
şəklində ifadə edir.
5. Diskussiya zamanı problemlə bağlı fikirlərini
bildirir.
İnteqrasiya:
Ədəbiyyat, tarix.
Təlim forması: Kollektiv iş, qruplarla iş.
Təlim üsulu:
"Əqli hücum" proqnozlaşdırılmış oxu, müzakirə.
Resurs:
Dərslik, iş vərəqləri, kompüter, slaydlar.
Dərsin gedişi:
Salamlaşma.
Ev tapşırığın yoxlanması:
Müəllimin təklifi ilə bir neçə şagird əvvəlki dərsdə ev
tapşırığı olaraq nə verildiyini söyləyir və icra etdiyi
tapşırığı təqdim edir.
Müəllimin şərhi:
Dərsin mövzu və məqsədlərinin elan edilməsi.
Motivasiya:
Motivasiya üçün 1, 2, 3-cü slaydlar nümayiş etdirilir.
Sinfə sual:
Birinci slayddakı sözlər dahi şairimiz Nizami Gəncəvini
hansı cəhətdən səciyyələndirir?
Cavab:
Bu sözlər şairin hansı dövrdə yaşadığını, harada anadan
olduğunu, hansı əsərləri yazdığını, əsərlərində kimləri
və nələri tənqid etdiyini aydınlaşdırır.
Tədqiqat sualı:
Hökmdar və sənətkara münasibət necə olmalıdır?
Tədqiqatın aparılması:
Sinif 3 qrupa bölünür, qruplar "Əmək", "Zəhmət" və
"Hünər" adlandırılır.
Müəllimin şərhi:
Tədqiqatı aparmaq üçün şagirdlərin qarşısına aşağıdakı
tapşırıqlar qoyulur:
1.Mətnin hissələrini proqnozlaşdıraraq oxuyun (standart
2.2.1).
2.Kontekstə görə tanış olmayan sözlərin mənasını
müəyyənləşdirin (standart 2.1.1).
3. Həmin sözləri izahlı lüğətdə verilmiş izahla müqayisə
edin (standart 2.1.1)
Mətnin oxunması:
Dərslikdə verilmiş "Neman və Simnar" mətni oxunur. Mətn
hissələrlə oxunur və hər hissənin oxunuşundan sonra
4-cü slayddakı cədvəl üzrə iş aparılır.
Oxu prosesində "münəccim", "misl", "asiman",
"ədəb-ərkan", "hüri", "peşkəş", "xələt" və "qəsr"
sözləri tanış olmayan sözlər kimi müəyyənləşdirilir.
Sinfə tapşırıq:
Sizə tanış olmayan bu sözlərin mənalarını araşdırın.
Araşdırma:
Şagirdlər Azərbaycan dilinin izahlı lüğətindən istifadə
etməklə həmin sözlərin ifadə etdiyi mənaları
müəyyənləşdirirlər. Lüğət üzrə işdən məlum olur ki,
"münəccim" - nücum elmi (astrologiya) ilə məşğul olan
şəxs, astroloq, "qəsr" - böyük imarət, şah sarayı,
"ədəb-ərkan" - ədəb, tərbiyə, əxlaq və nəzakət
qaydaları, "misl" - bənzər, oxşar, tay, "hüri" - pəri,
"peşkəş" - bəxşiş verilən, bağışlanan şey, "asiman" -
göy, səma, "xələt" - hədiyyə, bəxşiş, mükafat deməkdir.
Qruplara tapşırıq:
Sonra şagirdlərin müstəqil işləri təşkil olunur.
"Əmək" qrupuna:
*Neman obrazını təhlil edin.
"Zəhmət" qrupuna:
*Simnar obrazını təhlil edin.
"Hünər" qrupuna:
*Mətndə dialoqda göy rəngli cümlə ilə başlanan hissəyə -
Simnarın sözlərinə münasibət bildirin. Burada Simnarın
və onun nitqinin hansı xüsusiyyəti ortaya çıxır.
Məlumat mübadiləsi:
Qruplar tapşırıqlara hazırladıqları cavabların
təqdimatını edirlər.
Məlumatın müzakirəsi:
Müəllim sinfə müzakirə üçün suallar verir:
1. Xalqın tarixində hökmdarın və sənətkarın yeri.
2. Hökmdarın sənətkara münasibəti necə olmalıdır?
3. Sənətkarın hökmdara münasibəti necə olmalıdır?.
Müzakirə aparılır və nəticə çıxarılır (standart 1.1.2).
Nəticə və ümumiləşdirmə:
Şagirdlərin diqqəti tədqiqat sualına (Hökmdar və
sənətkara münasibət necə olmalıdır?) yönəldilir.
Cavablar ümumiləşdirilir.
Nəticədə bu qənaətə gəlinir ki:
1. İnsanın əsl dəyəri onun zəhməti ilə ölçülür.
2. "Sözün də su kimi lətafəti var.
Hər sözü az demək daha xoş olar.
Bir inci saflığı varsa da suda
Artıq içiləndə dərd verir o da".
3. Hər bir insan öz üzərinə götürdüyü vəzifəni
məsuliyyətlə və heç bir mənfəət güdmədən yerinə
yetirməlidir.
4. Dövlətin xəzinəsi ədalətdir.
Yaradıcı tətbiqetmə:
Müəllim:
Mətndən çıxan nəticəyə əsasən öz fikirlərinizi qısa esse
şəklində ifadə edin.
Ev tapşırığı:
Evə araşdırma yönümlü tapşırıq verilir: Bu bölmədə
oxuduğunuz mətnlərdən və başqa mənbələrdən istifadə
etməklə XII əsrin digər şairləri haqqında məlumat
toplayıb təqdimatlar hazırlayın.
Qiymətləndirmə:
Qiymətləndirmə bu məqsəd üçün tərtib olunmuş xüsusi
cədvəl üzrə aparılır. Bu zaman aşağıdakı bacarıqlar əsas
götürülür.
1. Mətndəki məlumatları ümumiləşdirərək nəticə çıxarır.
2. Mətndə tanış olmayan söz və ifadələrin mənasını
lüğətin vasitəsi ilə müəyyənləşdirir.
3. Dinlədiyi və oxuduğu mətnlərdən faktları
ümumiləşdirərək nəticələr çıxarır.
4. Yazdığı mətndə fikirlərini məntiqi ardıcıllıqla ifadə
edir.
Riyaziyyatdan nümunəvi dərs
V SİNİF
RİYAZİYYAT FƏNNİ
Sevda PAŞŞANOVA,
Bakı şəhəri 23 nömrəli tam orta məktəbin riyaziyyat
müəllimi
Mövzu:
Çoxluqlar
Standart:
1.1.4. İki sonlu çoxluğun birləşməsini və kəsişməsini
tapır
Təlim məqsədi:
Müəyyən qanunauyğunluqlar seçməklə çoxluqlar yazır.
- Çoxluğa daxil ola bilən və olmayan elementləri müəyyən
edir.
- İki çoxluğun kəsişməsini və birləşməsini onları təşkil
edən elementlərə görə müəyyən edir.
- İki çoxluğun kəsişməsini Venn diaqramı ilə təqdim
edir.
İnteqrasiya:
Azərbaycan dili, həyat bilgisi, texnologiya.
Təlim forması:
Kiçik qruplarla iş.
Təlim üsulları:
"Beyin həmləsi", müzakirə.
Resurslar:
İKT, iş vərəqi, şəkillər, dərslik.
Vaxt bölgüsü:
Motivasiya - 5 dəq.
Tədqiqat sualı və problemin həlli - 10 dəq.
Təqdimat - 12 dəq.
Məlumatın müzakirəsi - 5 dəq.
Nəticə və ümumiləşmə - 5 dəq.
Yaradıcı tətbiqetmə - 3 dəq.
Ev tapşırığının verilməsi - 2 dəq.
Qiymətləndirmə və refleksiya - 3 dəq.
Dərsin gedişi:
Salamlaşma. Əvvəlki dərsin qısa sual-cavabla təkrarı.
Motivasiya:
Problemin qoyulması.
Müəllim:
Motivasiya şəkillər vasitəsilə qurulur. Şagirdlərə
aşağıdakı şəkilləri göstərib suallar verirəm.
- Siz bu şəkilləri necə başa düşürsünüz? Bu şəkillər
nəyi ifadə edir?
Cavablar:
{1,2,3,4,5,6,7,8,9,10,11,.....}
Ədədlər çoxluğu.
{a,ı,o,u,e,ə,i,ö,ü}
Sait hərflər çoxluğu.
Tədqiqat sualı:
İki çoxluğun birləşməsi və kəsişməsi nədir?
Müəllimin şərhi:
Dərs haqqında qısa şərh verirəm:
İki çoxluqdan heç olmazsa birinin elementlərindən təşkil
olunmuş çoxluğa bu çoxluqların birləşməsi deyilir.
Məsələn, yaşıl, qırmızı və göy rəngin birləşməsi nədir?
Şagirdlər cavab verirlər: bayraq
İki çoxluğun ortaq elementlərindən təşkil olunmuş
çoxluğa bu çoxluqların kəsişməsi deyilir.
A={2,4,6,8,10,12}, B={3,6,9,12,15}
A∩B={6.12}
Tədqiqatın
aparılması:
Bu mərhələdə şagirdlərə iş vərəqlərini paylayıram.
İş vərəqi 1.
1. 50-dən kiçik natural ədədlər çoxluğuna daxil olan,
5-ə bölünən ədədlər çoxluğunu, 3-ə bölünən ədədlər
çoxluğunu, həm 3-ə, həm də 5-ə bölünən ədədlər çoxluğunu
Venn diaqramı ilə təqdim edin.
2. Sinifdəki şagirdlərin 18 nəfəri ingilis, 12 nəfəri
alman dilini öyrənir. Bu şagirdlərin 6 nəfəri həm
ingilis, həm də alman dilini öyrənir. Sinifdə neçə
şagird var?
İş vərəqi 2.
1. İkirəqəmli natural ədədlər çoxluğuna daxil olan, 10-a
bölünən ədədlər çoxluğunu, 15-ə bölünən ədədlər
çoxluğunu, həm 10-a, həm 15-ə bölünən ədədlər çoxluğunu
Venn diaqramı ilə təqdim edin.
2. Sinifdəki şagirdlərin 15-i riyaziyyat, 10 nəfəri
tarix fənni üzrə dərnəklərə gedir. Bu şagirdlərin 7
nəfəri həm riyaziyyat, həm tarixə gedir. Sinifdə neçə
şagird var?
İş vərəqi 3.
1. 30-dan böyük, 50-dən kiçik olan, 2-yə bölünən ədədlər
çoxluğunu, 3-ə bölünən ədədlər çoxluğunu, həm 2-yə, həm
də 3-ə bölünən ədədlər çoxluğunu Venn diaqramı ilə
təqdim edin.
2. Sinifdə 30 şagird var. Bunlardan 18-i futbola,16-sı
voleybola gedir. Neçə şagird həm futbol, həm də
voleybola gedir?
İş vərəqi 4.
1. 30-dan kiçik natural ədədlər çoxluğuna daxil olan,
2-yə bölünən ədədlər çoxluğunu, 5-ə bölünən ədədlər
çoxluğunu, həm 2-yə, həm də 5-ə bölünən ədədlər
çoxluğunu Venn diaqramı ilə təqdim edin.
2. Sinifdə 25 şagird var. Bunlardan 15-i riyaziyyat,13-ü
isə ədəbiyyat dərnəyinə gedir. Neçə şagird hər iki
dərnəyə gedir?
İnformasiya mübadiləsi:
Bu mərhələdə hər qrupdan bir nümayəndə qrup işini təqdim
edir.
İnformasiya müzakirəsi:
Şagirdlərə bu gün öyrəndikləri haqqında suallar verirəm:
1. İki çoxluğun birləşməsi və kəsişməsi nədir?
2. Çoxluqların birləşməsi və kəsişməsini Venn diaqramı
ilə necə göstərmək olar?
Nəticə və ümumiləşmə: Tədqiqat sualına nəzər salaraq
çoxluqlar haqqında öyrənilən bilikləri ümumiləşdiririk.
Ev tapşırığı:
(yaradıcı tətbiqetmə) Ev tapşırığı olaraq daha çox
şagirdlərdə yaradıcılıq qabiliyyətinin üzə çıxarılmasına
kömək edən tapşırıqlar verirəm.
1. Azərbaycan ərazisindən keçən çay adlarından ibarət 4
elementli çoxluq yazın.
2. Şagirdlərə çoxluqların birləşməsi və kəsişməsini
gündəlik həyatımıza tətbiq edərək bir neçə nümunə
göstərmək tapşırıram.
Qiymətləndirmə:
Qiymətləndirməni iki cür edirəm. Həm qrup işini, həm də
fərdi qiymətləndirmə aparıram.
Qiymətləndirmə
( qrup işi)
Qruplar |
Əməkdaşlıq |
Təqdimat |
Vaxtdan səmərəli istifadə |
I qrup |
|
|
|
II qrup |
|
|
|
III qrup |
|
|
|
IV qrup |
|
|
|
|