Hər
bir rəssamın çəkdiyi rəsm onun daxili aləmini əks
etdirir, istedad və bacarığını, xasiyyət və
dünyagörüşünü xarakterizə edir.
Çünki hər kəs bu dünyanı öz duyumu ilə dərk edir.
Yaradıcı insanların bu təsəvvürü isə daha maraqlı və
rəngarəngdir. Qeyri-adi istedad sahibi Leyla Babayeva da
təbiətdə gedən proseslərə rənglərin gözü ilə baxır.
Bu qızcığaz ilk dəfə 3 yaşı olanda əlinə fırça alıb.
T. İsmayılov adına Uşaq-Gənclər Yaradıcılıq Sarayının "Uşaq
dünyası" rəsm qalereyasında rəssamlıq sənətinin
sirlərinə yiyələnib. Müxtəlif vaxtlarda beynəlxalq rəsm
müsabiqələrində iştirak edib. Bir çox diplom və fəxri
fərmanlara layiq görülüb. Fərqli mövzularda çəkdiyi
rəsmləri ilə yaşıdlarından fərqlənən Leylanın əl
işləri tamaşaçılarda həmişə böyük maraq oyadıb. İlk
sərgisi 10 yaşında ikən T.İsmayılov adına
Uşaq-Gənclər Yaradıcılıq Sarayının "Uşaq dünyası" rəsm
qalereyasında keçirilib. Sərgidə rəngkarlıq, qrafika
janrlarında olan müxtəlif mövzularda rəsm əsərləri
nümayiş olunub.
Qeyd edək ki, gənc istedadın Bolqarıstanda, Brüsseldə,
Vyanada rəsm sərgisi keçirilib və ölkəmizi layiqincə
təmsil edib. 2012-ci ildə Azərbaycanla Fransa arasında
diplomatik əlaqələrin yaradılmasının 20 illiyi
çərçivəsində ölkəmizin Fransadakı səfirliyi və
"Dirçəliş" Gənclərin Sosial-Psixoloji Reabilitasiya
Mərkəzi tərəfindən gənc azərbaycanlı rəssamların
əsərlərindən ibarət sərgi keçirilib. Parisdə keçirilən
sərgidə 11 rəssamın 49 əsəri nümayiş olunub.
O, Fransa kimi bir ölkədə gənc azərbaycanlı rəssamların
əsərlərindən ibarət sərginin keçirilməsindən məmnunluq
hissi keçirdiyini bildirib və bu sərginin Azərbaycanı
fransızlara tanıtmaq istiqamətində atılan addımlardan
biri kimi xarakterizə edib. Sərgiyə gələn qonaqlar
Leylanın rəsmlərini seyr edərək məmnun qaldıqlarını
bildiriblər.
Hazırda Leyla Babayeva 160 nömrəli klassik gimnaziyada
təhsil alır. Onun 70 -dən artıq müxtəlif janrlarda
çəkdiyi rəsm tamaşaçılar tərəfindən rəğbətlə
qarşılanıb.
Səhifəni hazırladı: Sifai SƏFƏROVA,
"Azərbaycan müəllimi" |