Zəminə
Sadıqzadə 1994-cü ildə Bakıda anadan olub. Bakıdakı 114
nömrəli tam orta məktəbi bitirib. 2005-ci ildə Bakıdakı
Xoreoqrafiya Məktəbinə daxil olub. Xalq artisti Yusif
Qasımovdan Azərbaycan rəqslərinin incəliklərini öyrənən
Zəminə oxuduğu müddətdə Qəmər Almaszadə adına gənc
xoreoqrafların müsabiqəsində uğurlu çıxışlarına görə I
dərəcəli diplomla mükafatlandırılıb. Heydər Əliyev
Fondunun prezidenti, Milli Məclisin deputatı,
Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın
təşəbbüsü ilə bir çox xarici ölkələrdə, o cümlədən
2008-ci ildə UNESCO-nun xətti ilə Parisdə təşkil olunan
"Azərbaycanın xoşməramlı mələkləri" adlı konsertdə,
Belçikada keçirilən "Saint-Ghislan" festivalında,
Belarusda keçirilən rəqs müsabiqəsində iştirak edərək 26
dövlətin təmsilçiləri arasından seçilərək "Qran-pri"
mükafatına layiq görülüb. Onun adı Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin müvafiq
sərəncamı ilə 2008-ci ildə Azərbaycanın gənc
istedadlarının "Qızıl kitabı"na yazılıb və o, xüsusi
aylıq təqaüdə layiq görülüb.
Zəminə hazırda Azərbaycan Dövlət Mədəniyyət və
İncəsənət Universitetinin II kurs tələbəsidir. Söhbət
zamanı Zəminə tələbə olduğu üçün özünü xoşbəxt
saydığını bildirdi və dedi:
- Tələbə olmaq hər bir insanın ən ümdə arzularından
biridir. Əfsuslar olsun ki, bu arzu hər kəs üçün
reallaşmır. Tələbə adını qazandıqdan sonra insanda
yeni-yeni arzular baş qaldırır. Və beləcə arzular
arzulara calanaraq həyat, ömür yolu öz axarına düşür.
Unudulmayan xatirələrin ən çoxu tələbəlik illərinin
xoş yaşantılarıdır, - desəm, səhv etmərəm. Məhz bu
illərdə ömrün ən şirin çağlarını yaşayırsan. Mən 2013-cü
ildə Bakıdakı Xoreoqrafiya Məktəbini bitirdikdən sonra
həmin il Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət
Universitetinin aktyorluq fakültəsinin xoreoqrafiya
şöbəsinə qəbul oldum. 2015-ci ildə Hindistanda keçirilən
Surajkund Craft MEla festivalında uğurlu çıxışıma görə
sertifikatla təltif olundum. Dəfələrlə müxtəlif
ölkələrdə - ABS-ın paytaxı Vaşinqtonda, Fransada,
Sloveniyada, Hollandiyada, Avstraliyada, Türkiyədə,
Belarusda, Rusiyada, Belçikada, Hindistanda keçirilən
beynəlxalq konsert və festivallarda milli və dünya
rəqslərimizi məharətlə ifa edərək Azərbaycanı layiqincə
təmsil etmişəm. Ən böyük arzum gələcəkdə milli
rəqslərimizi dünyaya tanıtmaq və xoreoqraf kimi
fəaliyyət göstərməkdir. |