Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

25 Aprel 2015 - №14

 

Şagirdlərin sağlamlığının qorunmasında Azərbaycan ilk sıralarda

 

Böyük  Britaniya  və  Rusiyanın  bir  çox kütləvi  informasiya  vasitələrində verilən məlumatlara  görə,  Avropoda ilk dəfə 2014-cü ildə Böyük Britaniyanın "Grove House" məktəbində şagirdlərə onların sağlamlığının qorunması üçün ayaq üstə dərs keçməyə başlayıblar. Halbuki, Azərbaycanda bununla bağlı işlərə 2013-cü ilin iyun ayından başlanılıb. 2014-2015-ci tədris ilindən isə Azərbaycanın milli brendi olan "Sağlam təhsil - sağlam millət" layihəsi çərçivəsində ölkəmizin 6 ümumi təhsil məktəbində 15 "Sağlam təhsil sinfi" yaradılıb. Böyük Britaniyanın www.dailymail.co.uk portalında  dərc  olunmuş  həmin  yazılardan  birini  tərcümə  edərək  oxucularımızın  nəzərinə çatdırırıq.

 Britaniyalı məktəblilər ayaq üstə oxuyacaqlar 

Hələ son vaxtlara qədər  sözə baxmayan şagirdi yoldaşlarının  istehzalı baxışları altında sinifdə dərsin sonuna qədər ayaq üstə durmaqla cəzalandırırdılar.  İndi isə  Böyük Britaniyada bütün siniflər ayaq üstə dərs keçirlər. Böyük Britaniyanın www.dailymail.co.uk saytının yazdığına görə,  ötən ilin mayından Böyük Britaniyanın  Bredford şəhərindəki ibtidai məktəbdə   qeyri-adi eksperiment  başlayıb.  Avropada ilk dəfə olaraq keçirilən eksperiment  ölkənin Lafboro Universitetinin  alimləri tərəfindən təşkil olunub.   Bir neçə sinifdə ayaq üstə işləməyə imkan verən  6 xüsusi parta yaradılıb. On yaşlı uşaqlar  7 həftə ərzində dərslərdə xüsusi partalar arxasında dərs keçiblər. Partanın hündürlüyü uşaqların boyuna görə tənzimlənir.  Şagirdlərə dərsin bir hissəsini  parta arxasında ayaq üstə keçirmək tövsiyə olunur.  Lakin əgər  bu vəziyyətdə uşaq yorulacaq və ya sadəcə onun üçün  yazmaq  çətin olacaqsa,   o, dərhal  parta  arxasında  öz  yerinə qayıda bilər. Alimlər iddia edirlər ki, enerji sərfinin artması ilə yanaşı ayaq üstə  oxumaq şagirdlərin diqqətinin cəmləşməsinə xidmət edir.  Buna görə də  uşaqlara böyük fasilələrdən sonra ayaq üstə oxumaq tövsiyə olunur.  Universitetin professoru Steysi Klemens qeyd edir ki, bu cür təhsil uşaqlarda, xüsusən də yeməkdan sonra hökmən yaranan yuxuya meyilliliyi aradan qaldırır.

Eksperimentin təşəbbüskarlarının fikrincə, bu cür tədris mühiti  dərsdə uşaqların  diqqətini  keçilən mövzu üzərində cəmləşdirməyə  və  onların sağlamlığını  yaxşılaşdırmağa kömək edəcək. Layihənin müəlliflərindən olan doktor Salli Barber  qeyd edir ki, eksperimenti keçirməkdə  iki məqsəd var.  Birincisi,  uşaqları sağlam həyat tərzinə alışdırmaq.  Alimlər  tərəfindən artıq sübut olunub ki, oturaq həyat tərzi  uzunmüddətli perspektivdə  diabetə gətirib çıxara bilər,  dərslərdə ayaq üstə dayanmaq vərdişinin yaranması isə məhz  uşaqların gün ərzində oturaq vaxtının azalmasına xidmət edir.  İkincisi, tədqiqatçıların fikrincə, ayaq üstə tədris şagirdlərin davranışına və diqqətin  konsentrasiyasına müsbət təsir göstərə bilər.  Salli Barber  eksperimentin nəticələrinə dair ilkin hesabatın bu ilin sentyabrında  dərc olunacağını bildirib.

İbtidai məktəbin 28 yaşlı müəllimi Hanna Rocers eksperiment barədə təəssüratlarını  belə bölüşüb: "Şagirdlər ilk dəfə idi ki, bu cür eksperimentdə iştirak edirdilər, onlar çox həyəcanlı idilər,  indi isə bu cür tədrisi sevirlər. Mən iki həftəlik tədrisin nəticələrinə görə deyə bilərəm ki, yenilik uşaqların inkişafına səbəb olub".

Qeyd olunur ki,  ayaq üstə təhsil təcrübəsi  və təcrübəyə əsaslanan məktəblər Avstraliya, Yeni Zelandiya  və Amerikada da mövcuddur. 

Mənbənin məlumatına görə,  şagirdlər arasında piylənmənin artması da Böyük Britaniyanın Təhsil Nazirliyi  və  Səhiyyə Nazirliyini ciddi narahat edir.  Son illər Qərb ölkələrinin bir çoxunda iş yerlərində, ofislərdə  xüsusi  yazı masası yaradılıb ki, işçilərə  ayaq üstə işləməyə imkan verir.  Alimlər  sübut ediblər ki,  insanlar   şaquli vəziyyətdə  öz tarazlıqlarını  saxlamaq üçün  daha çox enerji  sərf edirlər.  Beləliklə iş gününün heç olmasa yarısını işdə  ayaq üstə keçirməklə  nəzəri cəhətdən arıqlamaq olar.  Bu fakt Böyük Britaniyanın Təhsil Nazirliyi və Səhiyyə Nazirliyinin  rəsmi nümayəndələrinin diqqətindən yayınmayıb.  Hər iki qurum uşaqların sağlamlıqlarının  qorunması üçün ciddi tədbirlər üzərində işləyirlər.  Qeyd olunur ki, uşaqlar arasında kökəlmənin  səviyyəsinə görə Birləşmiş Krallıq   hətta Qərbi  Avropanın  bir sıra ölkələrini  qabaqlayıb.  Beləliklə də  ayaq üstə  təhsil həm də  şagirdlərin daha sağlam inkişafını təmin edəcək.


"Oğlumun "Sağlam təhsil sinfi"ndə oxuması ürəyimcədir" 

Sevda SƏTTAROVA,
Bakıdakı 214 nömrəli tam orta məktəbin valideyni

Nə yaxşı ki, belə bir layihə həyata keçirilir. Biz valideynlərə imkan verilir ki, sinif seçimi edək. Oğlum Ruslanın  məhz  "Sağlam təhsil sinfi"ndə təhsil alması ürəyimcədir. Burada istər şagirdlərin yüksək təhsil almasına, istərsə də onların sağlamlıqlarına göstərilən diqqətdən çox razıyam. Uşağım evə gələndə onda heç bir yorğunluq  hiss olunmur. Yaxşı olardı ki, bu siniflər davamlı olsun, getdikcə yuxarı siniflər üzrə də yaradılsın. Mənim ətrafımda olan insanlar da öz uşaqlarının məhz belə sinifdə təhsil almasını istəyirlər.

Günay HÜSEYNOVA,
Bakıdakı 114 nömrəli tam orta məktəbin valideyni

 Oğlumun  bu məktəbin  "Sağlam təhsil sinfi"ndə təhsil almasından çox razıyam. Boynunda əyrilik var idi, bu sinifdə təhsil alandan boynu düzəlib, boyu artıb. Uşağımın səhhəti ilə bağlı müsbətə doğru  dəyişiklik görürəm. Sağlamlığındakı bu dəyişikliklər həkimin müdaxiləsi olmadan baş verib. Bu sinifdə şagirdlərin  istər təhsil almaları, istərsə də sağlamlıqları ilə bağlı yaradılan yüksək şərait  bir valideyn kimi ürəyimcədir. Onu da deyim ki, oğlum çox utancaq idi, müəlliminin səmimi münasibəti, uşaqlar arasında xoş ünsiyyət  ondakı utancaqlığın da aradan qalxmasına  kömək edib.

Aysel LƏTİFZADƏ,
Bakıdakı 114 nömrəli tam orta məktəbin I sinif şagirdi

Mənim sinfim və ev tapşırıqlarım başqalarından fərqlənir, oturduğum parta da qeyri-adidir. Biz dərsdə idman hərəkətləri də edirik. Mən sinifdə darıxmıram.  Müəllimim Elfira Nurullayevanın xoş ünsiyyəti, mehribanlığı  biz şagirdlərin daha  sərbəst olmasına, dərslərimizi sevə-sevə hazırlamağımıza səbəb olur. Plastilindən fiqurlar düzəldirik  və  bu məşğuliyyəti çox sevirəm. İstirahət günlərimizdə məktəb üçün darıxıram.


"Sağlam təhsil"lə bağlı görülən işlərin xronikası 

* 2013-cü ilin iyun ayından başlayaraq Azərbaycan Respublikası Təhsil Nazirliyinin yeni rəhbərliyi milli quruluşa uyğun "Sağlam təhsil - sağlam millət" layihəsi üçün dərhal hazırlıq işlərinə başladı.

* 2013-cü ilin dekabr ayında Azərbaycan Respublikası təhsil naziri "Təhsilalanların sağlamlığının qorunması və təlim nailiyyətlərinin yüksəldilməsi sahəsində təhsil texnologiyalarının tətbiqi üzrə işçi qrupunun yaradılması haqqında" əmr imzaladı.

 * 2014-cü ilin yanvar ayında Təhsil Nazirliyinin sifarişi ilə "Oturaq həyat tərzi - sivilizasiyanın xəstəliyi" adlı elmi-kütləvi film Azərbaycan dilinə tərcümə edilib. Film disk şəklində 8 min nüsxə artırılaraq ümumtəhsil, ilk peşə-ixtisas, orta ixtisas və ali təhsil müəssisələrinə paylanılmaqdadır. Daha geniş yayımlanması üçün film mərkəzi və regional kanallara da təqdim edilib. 

* 2014-cü ilin aprel-may aylarında Təhsil Nazirliyinin sifarişi əsasında Azərbaycan Tibb Universiteti və Milli Təhsil Texnologiyaları Mərkəzi tərəfindən "Coca-Cola" şirkətinin qismən dəstəyi ilə həyata keçirilən  "Sağlam təhsil - sağlam millət" layihəsi çərçivəsində məktəblilərin sağlamlıq vəziyyətinin müayinəsi aparılmışdır. 2500 şagird arasında tibbi müayinələrin birinci mərhələsi həyata keçirilmişdir. Bu müayinələrin  əsas məqsədi məktəblilərin psixi-fiziki sağlamlığının mövcud vəziyyətinin  araşdırılması olmuşdur.

 * 2014-cü ilin avqust ayında cənab Prezident İlham Əliyevə və Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya 23 nömrəli məktəbin açılışında ilk "Sağlam təhsil sinfi" təqdim olundu.

 * 2014-cü ilin sentyabr ayında Bakı və Sumqayıt şəhərlərinin 6 ümumtəhsil məktəbində 15 birinci "Sağlam təhsil sinfi" fəaliyyətə başladı. Qeyd edilməlidir ki, bu "Sağlam təhsil sinif"lərində  tədris hərəkətdə təlim şəraitində təşkil edilir. Şagird masaları həm qismən oturaraq, həm də ayaq üstə çalışmaq imkanı yaradır. Bu masaları hazırda istifadə edilən məktəb masalarından və Britaniyada istifadə olunan hündür iş masalarından fərqləndirən ən mühüm cəhət onların səthinin 16°  altında maili olmasıdır. Belə maililik şagirdin vizual dərketməsi baxımından xüsusi əhəmiyyət kəsb edir. Bundan əlavə, Britaniyadan fərqli olaraq "Sağlam təhsil sinif"lərində digər avadanlıqlar da layihəyə uyğun hazırlanaraq yerləşdirilib: vaxtı tənzimləyən Sağlam Təhsil Pultu; reaksiyanı, vestibulyar aparatı və yan görməni inkişaf etdirən Vizual Vestibulyar Məşqçi Sistemi; göz əzələlərini və dayaq-hərəkət aparatını məşq etdirən tavanda Universal Simvollar Sxemləri, otağın xüsusi işıqlandırması, psixoloji tələblərə uyğun quruluşu və idman avadanlığı. 

* 2014-cü ilin sentyabr-oktyabr aylarında müayinələrin ikinci mərhələsi baş tutmuşdur. Qeyd edilməlidir ki, dörd mərhələli müayinənin birinci mərhələsi mövcud vəziyyəti öyrənməyə xidmət edirdisə, digər ikinci, üçüncü və dördüncü mərhələsi Bakı və Sumqayıt şəhərlərinin  6 ümumtəhsil məktəbinin 15 birinci sinfində tətbiq edilən sağlam təhsil texnologiyalarının səmərəliliyi  vəziyyətinin, "Sağlam təhsil sinif"lərində təhsil ili ərzində şagirdlərin psixi-fiziki sağlamlığının dinamikasının  öyrənilməsi məqsədi ilə həyata keçirilir. Belə siniflərin nəticələrini sağlam təhsil texnologiyaları tətbiq edilməyən siniflərin nəticələri ilə müqayisəli təhlil etmək üçün qeyri-pilot birinci siniflərdə də oxşar müayinələr aparılır.

 * 2015-ci ilin yanvar ayında tibbi monitorinqin üçüncü mərhələsi həyata keçirildi və birinci yarımilliyin nəticələri bilindi. Müddət qısa olsa belə, ilkin trendlər bəlli oldu. Təhlil göstərdi ki, "Sağlam təhsil (ST) sinif"lərində oxuyan oğlanların boy artımı 3 ay ərzində orta hesabla 1,2 sm təşkil etmiş, ənənəvi siniflərdə (KT) isə bu göstərici 0,5 sm-ə bərabər olmuşdur. Qızlarda bu müvafiq olaraq 1,6 və 1,5 sm təşkil etmişdir.  

* 2015-ci ilin aprel-may aylarında dördüncü mərhələ həyata keçiriləcək. Azərbaycan Tibb Universitetinin "Sağlam təhsil sinif"ləri barədə illik hesabatının yay aylarında yekunlaşması planlaşdırılır.   

* 2015-ci ilin sonunda, ümumiyyətlə, layihə çərçivəsində müxtəlif məktəblərdə, müxtəlif yaş qruplarında məktəblilər  arasında keçiriləcək tibbi, gigiyenik, psixoloji və pedaqoji monitorinqlər üzrə hesabatların  və tövsiyə sənədlərinin hazırlanması planlaşdırılır. 

* 2015-ci ilin sentyabr ayında yeni "Sağlam təhsil sinif"lərinin açılması planlaşdırılır. 

* Eyni zamanda Təhsil Nazirliyində "Meqa Sağlam Təhsil Məktəbi" layihəsi üzrə işlər başlanıb.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov