Müsahibimiz İspaniyanın Santiago de Compostela
Universitetində təhsil almış və hazırda bu universitetdə
elmi işçi kimi çalışan Şəhanə Hüseynovadır
Mehriban SULTAN,
filologiya üzrə fəlsəfə doktoru,
Azərbaycan Jurnalistlər Birliyinin və Naxçıvan Mətbuat
Şurası idarə heyətinin üzvü
Şəhanə
Hüseynova 8 iyul 1985-ci ildə Babək rayon Kültəpə
kəndində anadan olub. 2002 -2006-cı illərdə Naxçıvan
Dövlət Universitetində təbiətşünaslıq fakültəsində kimya
müəllimliyi ixtisası üzrə ali təhsil alıb. 2006-2008-ci
illərdə həmin ali məktəbdə qeyri-üzvi kimya ixtisası
üzrə magistraturada oxuyub. 2008-ci ildə eyni ixtisas
üzrə Naxçıvan Dövlət Universitetinin doktoranturasına
qəbul olub. Əmək fəaliyyətinə jurnalist kimi başlayıb,
"Naxçıvanın səsi" radiosunda, "Şərq qapısı" və "Nuh
yurdu" qəzetlərində müxbir işləyib. 2008-2012-ci illərdə
NDU-da "Regionun İnkişafı Problemləri" elmi-tədqiqat
laboratoriyasında elmi işçi olmaqla yanaşı,
universitetin "Gənc Alimlər Şurası"nın sədr müavini
kimi də elmi-ictimai fəaliyyət göstərib. 2012-ci ildə "Erasmus
Mundus" proqramının maliyyələşdirdiyi "ALRAKIS" layihəsi
üzrə Azərbaycandan 5 bakalavr, 2 magistr və 2 doktorant
olmaq üzrə 9 tələbə seçilir. Layihənin doktorantura üzrə
iki nəfər qalibindən biri Şəhanə Hüseynova olur.
2012-2014-cü illərdə doktorantura təhsilini İspaniyada
Santiago de Compostela (USC) Universitetinin kimya
fakültəsində davam etdirən həmyerlimiz hazırda
universitetin kimya fakültəsinin nəzdindəki
nanotexnologiya və maqnetizm laboratoriyasında (NANOMAG)
elmi işçi kimi çalışır və "Metal klasterlərin sintezi
və katalitik xassələrinin öyrənilməsi" mövzusunda
araşdırma aparır. Türk, ingilis, ispan dillərini
öyrənən, mükəmməl kompüter biliklərinə malik olan
Ş.Hüseynova 8 elmi məqalə, 2 tezis, 120 publisistik
məqalənin müəllifidir.
Azərbaycanda elmin, təhsilin inikişafı onun ayrılmaz
tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında da
öz real inikasını tapmaqdadır. Yüksək ixtisaslı gənc
alim və mütəxəssislər hazırlanması, onların intellektual
səviyyələrinin yüksəldilməsi üçün Naxçıvan Dövlət
Universitetində də mühüm işlər görülür. Son iyirmi ildə
NDU elmin, təhsilin tərəqqisinə göstərilən yüksək dövlət
qayğısından bəhrələnərək müasir tipli bir universitet
kimi formalaşıb, ölkənin qabaqcıl ali məktəblərindən
birinə çevrilib. Dünya elm, təhsil sisteminə uğurla
inteqrasiya edən bu ali məktəbdə son iyirmi ildə
qazanılan əsas uğurlardan biri də tələbə mobilliyinə
nail olmaqdır. Tələbə və doktorantlarımız dünya təhsil
təcrübəsini mənimsəmək məqsədilə Rusiya, Gürcüstan,
Türkiyə, Rumıniya, Çexiya, İspaniya kimi ölkələrdə
təhsillərini uğurla davam etdirirlər. Həmyerlimiz Şəhanə
Hüseynova isə "Erasmus Mundus" proqramı çərçivəsində
xaricdə doktorantura təhsili alan ilk iki
azərbaycanlıdan biridir.
Sosial şəbəkə vasitəsilə həmsöhbət olduğum Şəhanə qeyd
etdi ki, xaricdə doktorantura təhsili almağında ilk
növbədə muxtar respublikada intellektli, istedadlı
gəncliyə hədsiz diqqət və qayğı ilə yanaşan, onlara hər
zaman dəstək olan Ali Məclisin Sədri Vasif Talıbovun,
sonra isə NDU-nun o zamankı rektoru, akademik İsa
Həbibbəylinin əməyi danılmazdır. Çünki sözügedən
layihədə Azərbaycanın çox az universiteti təmsil
olunurdu və həmin təhsil ocaqlarından biri də
sevindirici haldır ki, regionda olmasına baxmayaraq məhz
Naxçıvan Dövlət Universiteti idi.
Doktorantura təhsilini uğurla başa vuran Şəhanə
Hüseynova apardığı elmi-tədqiqat işi barədə də məlumat
verdi: Nanotexnologiya ilə məşğul olan dunya alimlərinin
son illər ən çox diqqət göstərdiyi sahələrdən biri də
nanohissəciklərin və nanoklasterlərin sintezi,
xassələrinin öyrənilməsi və tətbiqi sferası
məsələləridir. Təəssüflər olsun ki, nanoklasterlərin
öyrənilməsi yeni bir sahə olduğundan bununla çox az qrup
məşğul olur. Bu qruplardan biri mənim də tərkibində
olduğum, NANOMAG laboratoriyası nəzdində fəaliyyət
göstərən qrupdur. Qrup rəhbəri professor Arturo Lopez
Quintelanın rəhbərliyi ilə mövzumla bağlı araşdırma
aparıram. Mövzunun ən əsas əhəmiyyət kəsb edən
tərəflərindən biri odur ki, sintez olunan klasterlər bu
gün kimyanın ən mühüm tətbiq sahələrindən bir olan
kataliz sahəsində müstəsna yer tutur.
Qeyd edək ki, Şəhanə Hüseynovanın mövzu ilə bağlı
"Cu-klasterlərinin elektrokimyəvi yolla sintezi və
xassələrinin öyrənilməsi" adlı elmi məqaləsi (kimya
elmləri doktoru, professor Yasin Babayevlə birlikdə)
2013-cü ildə Naxçıvan Dövlət Universitetinin "Xəbərlər"
jurnalında dərc edilib. Məqalə Cu-klasterlərinin
elektrokimyəvi üsulla sintezi, həmçinin alınmış
klasterlərin xassələrinin öyrənilməsi məsələlərinə həsr
olunub. O, 2009-cu ildə Bakıda keçirilən gənc alim və
tələbələrin üçüncü beynəlxalq elmi konfransında iştirak
edib. Həmyerlimizin 2014-cü ilin iyun ayında İspaniyanın
Madrid şəhərində keçirilən 4-cü Beynəlxalq Kolloidlər
konfransındakı çıxışı, "Kiçik ölçülü platin və mis
klasterlərinin suda sintezi və xassələrinin öyrənilməsi"
mövzusundakı tezisi (David Buceta ilə birlikdə,
professor doktor Arturo Lopez Quintelanın rəhbərliyi
ilə) kataliz prosesində müstəsna rol oynayan mis və
platin klasterlərinin sintezinə həsr olduğundan böyük
marağa səbəb olub. Bu barədə də Şəhanə bizə həvəslə
məlumat verdi: Nanoklasterlərin suda sintezinin həyata
keçirilməsi olduqca əhəmiyyətli və diqqət cəlb edən
sahələrdən biri olmaqla yanaşı, eyni zamanda sintezi ən
mürəkkəb mərhələlərindəndir. Əhəmiyyəti ondan ibarətdir
ki, bildiyimiz kimi su neytral və heç bir zərəri
olmayan bir maddə, insan həyatının mühüm bir parçası
olduğuna görə, suda klasterlərin sintezi bu klasterlərin
tətbiq sahələrini insan orqanizmində müalicəsi müasir
dövrümüzdə mümkünsüz kimi görünən xərçəng xəstəliyindən,
kimyanın ən əhəmiyyətli sahələrindən olan hidrogen
qazının sintezinə qədər genişləndirir. Buraya kimyanın
ayrılmaz və mühüm əhəmiyyətli sahələrindən olan kataliz
proseslərini də daxil etsək, nanoklasterlərin sintezinin
əhəmiyyəti daha aydın olar.
Həmyerlimizin Santiago de Compostela Universitetinin
NANOMAG laboratoriyasındakı qrup ilə birgə apardığı
araşdırma nəticəsində ərsəyə gələn "Yüksək davamlılıq və
katalitik aktivlik göstərən metal klasterlər: nukleativ
nəticələr və böyümə teorisi" adlı məqaləsi isə 2015-ci
ilin yanvar ayında Avropanın məşhur elmi jurnallarından
biri olan "Journal of Colloid and Interface Science"
jurnalında nəşr olunub. Məqalə çox yüksək stabilliyə və
katalitik aktivliyə malik, nanoklasterlə Ag
nanohissəciklərinin sintezi zamanı əldə edilmiş Ag (gümüş)
nanoklasterlərin xarakterik xassələrinin öyrənilməsindən
bəhs edir.
Tezliklə Vətəninə qayıdıb qazandığı bilikləri sevə-sevə
öz xalqının övladlarına tədris, Azərbaycan kimya
elminin inkişafına xidmət etmək arzusunda olduğunu
bildirən Şəhanə bu gün elmi-tədqiqat yolu tutan gənc
aspirant və doktorantlarımıza həqiqi bir alim kimi
yetişmək üçün yorulmadan çalışmağı, mütaliə etməyi, elmə
məsuliyyətlə yanaşmağı tövsiyə edir: Bütün tələbələrə,
elmi-tədqiqat yolunu tutan gənclərimizə bu yolda uğurlar
arzu edirəm. Xaricdə təhsil alan həmvətənlərimiz
unutmasınlar ki, Vətənin gözü onlardadır. Dövlətimizin
bizə göstərdiyi etimadı, bizim təhsilimiz üçün çəkilən
zəhməti ancaq qayıdıb Vətənə, xalqa fədakarlıqla xidmət
etməklə ödəmək olar. |