Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

25 Aprel 2015 - №14

 

"Vaxtımın əksər hissəsini tədqiqat işimə sərf edirəm"

 

Böyük Britaniyanın London İmperial Kollecinin doktorantı Nemət Səfərovla  söhbət 

Oruc  MUSTAFAYEV,
"Azərbaycan müəllimi"
o.mustafayev@muallim.edu.az
 

Nemət  Səid oğlu  Səfərov 1988-ci il yanvarın 12-də  Bakı şəhərində anadan olub. 2005-ci ildə Bakıdakı  111 nömrəli tam orta  məktəbi fərqlənmə attestatı ilə bitirib. Ali məktəblərə keçirilən qəbul imtahanlarında   678 bal toplayaraq  iqtisadi kibernetika ixtisası üzrə BDU-nun tətbiqi -riyaziyyat və kibernetika fakültəsinə daxil olub.  2009-cu ildə universiteti Prezident təqaüdü ilə bitirərək BDU-nun iqtisadi  kibernetika ixtisası üzrə magistraturasına daxil olub. "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində 2010-2011-ci illərdə Böyük Britaniyanın London İmperial Kollecinin riyaziyyat fakültəsində riyaziyyat və maliyyə ixtisası üzrə magistr təhsili alıb. Hazırda  Dövlət Proqramı  çərçivəsində  London İmperial Kollecinin riyaziyyat fakültəsində tətbiqi riyaziyyat və riyazi fizika istiqaməti üzrə doktorantura (PhD) pilləsində təhsil alır. 

Orta məktəb illərində riyaziyyat, coğrafiya və xarici dil üzrə fənn olimpiadalarında iştirak edərək diplomlarla  təltif olunmuşam.  Riyaziyyat,  fizika, tarix və coğrafiya fənlərinə xüsusi marağım olub. Tədris olunan ingilis və rus dillərindən əlavə fransız dili ilə mütəmadi şəkildə məşğul olmuşam.

Hələ BDU-da təhsil aldığım illərdə Böyük Britaniyanın tədris sistemi ilə əlaqədar olan məqalələri internet vasitəsilə izləyirdim. Şübhəsiz ki, bir Azərbaycan gənci kimi xaricdə təhsil almaq mənim də arzum idi.    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"nın  imzalanması mənim arzumun reallaşması üçün çox böyük imkanlar açdı. Digər gənclər kimi mən də Dövlət Proqramında iştirak etməyə qərar verdim.  Proqramın seçim prosesindən iki dəfə uğurla keçmiş bir gənc kimi tam əminliklə deyə bilərəm ki, Dövlət Proqramı obyektivlik və ədalətlilik prinsipləri əsasında həyata keçirilir. Dünyanın nüfuzlu universitetlərində təhsil alan gənclərimizin sayının ildən-ilə artması seçim prosesinin müvəffəqiyyətlə keçirildiyinin bariz göstəricisidir. Dünyanın əksər ölkələrində  olduğu kimi, ölkəmizdə də təhsil sahəsinə dövlət qayğısı gündən-günə artır. Təhsil Nazirliyi tərəfindən Azərbaycanda təhsilin keyfiyyətinin yüksəldilməsi və dünya səviyyəsinə çatdırılması istiqamətində aparılan işləri yüksək qiymətləndirirəm.

 "Gördüyüm  işlərlə bağlı  fakültə rəhbərliyinə hesabat verirəm"  

London İmperial Kolleci daimi olaraq dünyanın ən reytinqli universitetləri siyahısında  ilk  10-luqda yer alır. Məsələn, ən nüfuzlu reytinq şirkətlərindən biri olan  QS-in (QS Quacquarelli Symonds)  2014-2015-ci il üçün olan siyahısında London İmperial Kolleci dünya üzrə ikinci yerdədir. Tətbiqi riyaziyyat  çox  geniş  bir  sahədir  və  oxuduğum universitetdə onun müxtəlif  bölmələri  üzrə  tədqiqatlar  aparılır. Mənim tədqiqat mövzumun iqtisadi mahiyyəti  qeyri-müəyyənlik  şəraitində   maliyyə  və  enerji bazarlarında  optimal  investisiya  strategiyalarıdır.  Bu elmi  işin  riyazi  əsası isə qeyri-xətti xüsusi  törəməli  inteqral-diferensial tənliklərin ədədi  üsullarla  həllidir.

Doktorantura pilləsində təhsil çox gərgin keçir. Vaxtımın əksər hissəsini tədqiqat işimə sərf edirəm.  Hər il fakültə  rəhbərliyinə  gördüyüm  işlərlə  bağlı  hesabat verirəm,  bu isə məndən  tədqiqat işimdə daha  məsuliyyətli olmağımı tələb edir. Bundan əlavə,  ali məktəbdə təşkil olunan  müxtəlif seminar və məşğələlərdə iştirak edirəm. Asudə vaxtım adətən az olur. Onun da bir hissəsini idmana, digər hissəsini isə üzvü olduğum müxtəlif  tələbə  cəmiyyətlərinin  təşkil  etdiyi tədbirlərdə  iştiraka  və  dostlarımla  qısa  görüşlərə  sərf  etməyə  üstünlük verirəm.

Kitab oxumağa münasibətim yüksəkdir, lakin təəssüflər olsun ki,  mütaliə etməyə hələlik vaxt çatmır. Lakin  Böyük Britaniyanın abunə olduğum "Economist"  və  "Financial Times"  kimi nüfuzlu  qəzet və jurnalları gündəlik olaraq oxuyuram.

Qeyd edim ki, hazırda Böyük Britaniyada təhsil alan azərbaycanlı tələbələrin təşkilatlanması prosesi gedir. Digər universitetlər və səfirlik tərəfindən keçirilən tədbirlərdə fəal şəkildə iştirak edirəm. 

"Tələbələrin mühazirə və məşğələlərdə iştirakı icbari deyil" 

Ali məktəbin magistratura  pilləsində hər 4 tələbəyə bir nəfər akademik məsləhətçi verilir. Bu məsləhətçi həmin ixtisas üzrə dərs deyən müəllimlərdən biri olur. Dərs ili müddətində tələbənin hər hansı bir çətinliyi olarsa, ilk növbədə,  öz məsləhətçisinə müraciət etməlidir.  Mühazirələr kifayət qədər interaktiv şəkildə aparılır. Tələbənin əlavə sualları olarsa,  müəllimlə görüş saatı (appointment) istəyə bilər.  Qeyd edim ki, London İmperial Kollecində  tələbələrin mühazirə və məşğələlərdə iştirakı icbari deyil.

Dərs semestrinin  bitməsinə  2-3  həftə qalmış imtahan  günləri açıqlanır. İmtahanlar  bir-birinə  çox  yaxın olur.  Hətta  bir  gündə  iki imtahan belə təyin oluna bilər. İmtahanlar çox sərt qaydalarla tənzimlənir. Köçürtmə üstündə tutulan tələbənin  bütün nəticələri ləğv olunur  və  o,  universitetden xaric edilir. Qeyd edim ki, imtahanın bitməsi elan olunduqdan sonra yazmaqda davam etmək özü də köçürtmək kimi qəbul olunur.  Nəticələrin qiymətləndirilməsi də kifayət qədər ciddidir. Tələbə suala səhv yolla yanaşıbsa, 0 bal alacaq. İmtahan sessiyası bitən kimi dərhal yeni semestr başlayır. 

"Britaniya təhsilində ən çox qiymətləndirdiyim cəhət obyektivlik və ədalətlilikdir" 

Dünyanın ən reytinqli ali məktəblərindən birində təhsil alan Nemət Səfərov Böyük Britaniyanın təhsil sistemi,  tələbələrin elmi tədqiqatlara cəlb olunması məsələlərinə də toxundu.

- Birləşmiş Krallığın təhsil sistemində ən çox qiymətləndirdiyim cəhətlər obyektivlik və ədalətlilikdir.  Bundan əlavə, daha öncə qeyd etdiyim çətin imtahan sistemi qazanılan diplomun gələcək karyera üçün dəyərini artırır. Təhsil-elm əlaqələri və tələbələrin tədqiqatlara cəlb olunması sualına bir cümlə ilə cavab verməkdə çətinlik çəkirəm.  Bakalavr pilləsində tələbə təhsil aldığı ixtisasın fundamental əsaslarını mənimsəməlidir. Yay tətilində praktiki biliklər və iş təcrübəsi qazanmaq üçün  internaturaların təşkili  daha faydalı olar. Diplom işi üçün aparılan tədqiqat məncə bakalavr pilləsi üçün kifayətdir. Lakin magistratura pilləsində tələbələrin tədqiqatlara cəlb olunması onlarda elmi araşdırmalara maraq oyadaraq gələcəkdə təhsillərini doktorantura pilləsində davam etdirməyə stimullaşdıracaq.

Sonda gələcək planlarımla bağlı onu deyə bilərəm ki, ilk növbədə təhsilimi uğurla başa vurmalıyam. Təhsilimi bitirdikdən sonra əldə etdiyim bilik və təcrübəni doğma Azərbaycanımızda tətbiq etməyi planlaşdırıram.

 
 
 
Səhifənin başına qalx "Müsahibələr" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov