Aprelin
22-də Azərbaycan Müəllimlər İnstitutunun Mingəçevir
filialında ümummilli lider Heydər Əliyevin anadan
olmasının 92-ci ildönümünə həsr olunmuş Tələbə Elmi
Cəmiyyətinin IX konfransı keçirilmişdir. Konfrans
Azərbaycan Dövlət himninin sədaları altında öz işinə
başladı. Tədbiri giriş sözü ilə açan filialın direktoru
dosent Rasim Şükürov bildirdi ki, konfrans təhsil
nazirinin "Azərbaycan xalqının ümummilli lideri Heydər
Əliyevin anadan olmasının 92-ci ildönümü ilə əlaqədar
təhsil müəssisələrində keçiriləcək tədbirlər haqqında"
20 fevral 2015-ci il tarixli əmrinin icrası məqsədilə
keçirilir. Vurğulanıb ki, Azərbaycan xalqının böyük
oğlu, ümummilli lider Heydər Əliyevin siyasi irsinin
öyrənilməsi və təbliği bütün dövrlər üçün aktual olub
və gələcəkdə də aktual olaraq qalacaqdır. Son dövrlər
gənclərin elmə, təhsilə maraqlarının daha da artması
Azərbaycan dövlətinin həyata keçirdiyi məqsədyönlü
siyasətin nəticəsidir. Təhsil sahəsində aparılan uğurlu
islahatlar Azərbaycan təhsil sistemində yeni bir dövrün,
eranın başlanmasından xəbər verir. Bu gün ali məktəblər
qarşısında qoyulan tələblər yeni yanaşmalar tələb edir.
Hər bir ali təhsil müəssisəsi öz fəaliyyətini artıq
təkcə nəzəri biliklərin verilməsi ilə
məhdudlaşdırmamalı, öyrədilən nəzəri biliklərin həyata
keçmə imkanlarını qiymətləndirməlidir. Tələbə Elmi
Cəmiyyətinin IX konfransına təqdim olunan məruzələrin
aktuallıq dərəcəsi, elmlə praktikanın vəhdətliyi nəzərə
alınmışdır.
"Tarixi şəxsiyyət, əbədiyaşar lider" mövzusunda məruzə
edən ictimai və təbiət fənləri kafedrasının baş
müəllimi, siyasi elmlər üzrə fəlsəfə doktoru İlham
İsmayılov Azərbaycan dövlətinin memarı ulu öndər Heydər
Əliyevin hakimiyyətdə olduğu bütün dövrlərdə Azərbaycan
dövlətçiliyinə, Azərbaycan xalqına sədaqətlə xidmət
etdiyini bildirmişdir.
Sonra ulu öndərə həsr olunmuş video-çarx nümayiş
etdirilmişdir.
Azərbaycan dili və ədəbiyyatın tədrisi kafedrasının baş
müəllimi Sevil İsayeva "Folklor, xalqın milli-mənəvi
ehtiyacını ödəyən milli sərvətdir" mövzusundakı
məruzəsində xalqın milli-mənəvi dəyərlərinin qorunub
saxlanılmasında və gələcək nəsillərə ötürülməsində
folklor nümunələrinin müstəsna rol oynadığını
bildirmişdir.
Çıxışlarda bir daha vurğulanmışdır ki, Azərbaycan
dövlətinin bu gün dünya dövlətləri sırasında öncül mövqe
tutması və regionun lider dövlətinə çevrilməsi ümummilli
lider tərəfindən əsası qoyulan uzaqgörən siyasətin
məntiqi nəticəsidir. Bu gün Prezident İlham Əliyev
tərəfindən uğurla davam etdirilən həmin siyasət bizim
qarşımızda yeni üfüqlər açır.
Konfrans öz işini bölmələrdə davam etdirmişdir. 5
istiqamət üzrə 78 məruzə təqdim olunmuşdur. Humanitar
elmlər bölməsində Azərbaycan dili və Azərbaycan tarixi
üzrə 19 məruzə, Azərbaycan folkloru bölməsi üzrə 11
məruzə, xarici dillər üzrə 10 məruzə, texniki elmlər və
təbiət elmləri bölməsində 22 məruzə, təhsil problemləri
bölməsində 16 məruzə dinlənilmişdir.
Bölmə sədrlərinin hesabatı dinlənilmiş, hər bölmə üzrə
daha çox aktuallıq kəsb edən mövzular
müəyyənləşdirilmişdir. Ən yaxşı məruzələrin Azərbaycan
Müəllimlər İnstitutunda 2015-ci il aprel ayının 29-da
keçiriləcək IX Tələbə Elmi Cəmiyyətinin konfransına
göndərilməsi məqsədəuyğun hesab edilmişdir.
Gülnigar OSMANOVA,
AMİ-nin Mingəçevir filialının Tələbə Elmi Cəmiyyətinin
sədri |