Bakı
Slavyan Universiteti Məktəb-Lisey Kompleksi ölkəmizdə
fəaliyyətə başlamış ilk yeni tipli orta təhsil
müəssisələrindən biridir. Bu təhsil müəssisəsi 1996-cı
ildən M.F.Axundov adına APRDƏİ-nin "Turan" liseyi,
2000-ci ildən BSU Humanitar liseyi adı altında fəaliyyət
göstərmiş və nəhayət, Azərbaycan Respublikası
millətlərarası, multikulturalizm və dini məsələlər üzrə
dövlət müşaviri, akademik Kamal Abdullayevin təşəbbüsü
ilə 19 avqust 2010-cu ildən Bakı şəhər 15 nömrəli tam
orta məktəb ona birləşdirilməklə BSU nəzdində
Məktəb-Lisey Kompleksi adlandırılmışdır.
Fəaliyyət göstərdiyi 19 il ərzində bu təhsil müəssisəsi
bir çox uğurları ilə öndə olmuşdur. Son illər ərzində
Məktəb-Lisey Kompleksinin 10 müəllimi Azərbaycan
Respublikası Prezidentinin sərəncamı ilə keçirilən
müsabiqədə "Ən yaxşı müəllim" adına layiq görülüb.
2013-cü ildə kompleks "Ən yaxşı ümumtəhsil məktəbi"
müsabiqəsinin qalibi olub.
Kompleksin gözəl ənənələrindən biri də hər il aprel
ayında keçirilən "Açıq qapı"günüdür. Bu il də aprelin
17-də müxtəlif fənlər üzrə 14 "açıq dərs" təşkil olundu.
Bildiyimiz kimi, orta məktəblərdə fənn kurikulumları
tətbiq olunsa da, hələ də bu istiqamətdə müxtəlif
çətinliklərlə üzləşirik. Bu məqsədlə də dərslər əsasən
kurikulum, yəni 5-7-ci siniflərdə təşkil olunmuşdur.
Dərslərdə bir çox ali və orta məktəblərdən qonaq
qismində müəllimlər də iştirak edirdilər. Dərs
dinləmələrinin sonunda müəllimlərimiz və qonaqların da
iştirakı ilə dərslərin müzakirəsi keçirildi.
Universitetin müxtəlif kafedralarını təmsil edən
professor-müəllim heyəti orta təhsil pilləsində fənn
kurikulumları və tədris standartlarına, yeni
qiymətləndirmə meyarlarına ciddi maraq göstərdilər.
Prezident tərəfindən təsdiq olunmuş "Azərbaycan
Respublikasında təhsilin inkişafı üzrə Dövlət
Strategiyası"nın həyata keçirilməsi ilə bağlı "Fəaliyyət
Planı"nda göstərildiyi kimi, ali təhsilin bakalavr və
magistr səviyyələrində də universitetlərin istiqamət və
ixtisaslarına uyğun fənn kurikulumları və tədris
standartlarının yaradılması məsələsi gündəlikdə
durduğundan ali təhsili təmsil edən təhsilverənlərin
fənn kurikulumlarının tətbiq olunduğu orta təhsilə
marağı təbiidir.
Müzakirələr maraqlı fikir və təkliflərlə yadda qaldı.
BSU-nun Avropa dilləri, multikulturalizm, alman dili,
Azərbaycan dili və onun tədrisi metodikası, müasir rus
dili və onun tədrisi metodikası, klassik rus ədəbiyyatı
və s. kafedralarının müəllimləri, Bakının müxtəlif
məktəb və liseylərin təmsil edən qabaqcıl və yaradıcı
müəllimlər müzakirələrdə fikir və rəylərini ifadə
etdilər, Məktəb-Lisey Kompleksində yeni təlim
texnologiyaları və İKT-nin tətbiqi vəziyyətindən məmnun
qaldıqlarını bildirdilər. Kompleksin direktoru, dosent
İlahə Carçıyeva dərsləri aparan müəllimlərə və qonaqlara
təşəkkürünü bildirməklə kompleks müəllimlərinin də
universitetin müxtəlif kafedralarının tədbirlərində,
"açıq dərs"lərdə iştirakının faydasını qeyd etdi.
Mart-aprel aylarında universitetin rektoru, professor
Asif Hacıyevin təşəbbüsü ilə professor-müəllim heyətinin
8-11-ci siniflərdə dərs və müzakirələrin, təqdimatların
şagirdlər arasında canlanmaya səbəb olduğunu söylədi.
Kompleksin direktoru ulu öndər Heydər Əliyevin
xatirəsinə həsr olunan və 30 aprel 2015-ci il tarixdə
BSU-nun təşkilatçılığı ilə Məktəb-Lisey Kompleksi
bazasında keçiriləcək şagird-tələbə konfransında qaçqın
məktəblərin istedadlı şagirdlərinin elmi işlərinə
rəhbərlik edən universitet əməkdaşlığına xüsusi
minnətdarlığını bildirdi.
Ruhəngiz QƏRİBOVA,
BSU Məktəb-Lisey Kompleksinin dil-ədəbiyyat müəllimi |