Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

25 Aprel 2015 - №14

 
Düz hədəfə

Hər şey məktəbdən başlayır və ya təhsildə mühit amili

 

Böyütmək üçün seçinBöyük alman filosofu Kant təhsildə xarakterin formalaşdırılmasına çox əhəmiyyət verirdi. Kantın fikrincə, xarakterin formalaşdırılmasında əhəmiyyətli amil dürüstlük və ya doğruluq hissinin aşılanması, yoldaşlıq və dostluq düşüncəsinin inkişaf etdirilməsidir. Bu da təhsil mühiti ilə formalaşır. Yazıya Kantla başlamaq heç də fəlsəfi mühakimə arsenalımı böyük dahinin sitatları ilə gücləndirmək istəyindən irəli gəlmir. Məsələnin sadə qoyuluşu bundan ibarətdir ki, biz hamımız istəyirik ki, məktəb təlim-tərbiyə ocağı, müəllim bütün mənəviyyatı ilə  şagirdin yolgöstərəni, məktəbi idarə edən isə mühiti yaradan, mizanı tənzimləyən, qaydaların pozulmasına yol verməyən şəxs olsun. Bu sadə həqiqət əslində bütün təhsil islahatının alt yapısı, gediləcək yolun əlifbasıdır. Mühit məktəbi sağlam təməl  üzərində də yüksəldə bilər, bataqlıq  girdabına da yuvarlada bilər.

Son iki ildə təhsildə aparılan islahat xəttinə  jurnalist müşahidəsi ilə nəzər yetirsəm, səmimi olaraq bir şeyi etiraf etməliyəm. Baxmayaraq ki, hələ təhsildə gediləsi yolun ucu-bucağı görünmür, ancaq verilən qərarlar, imzalanan sənədlər əsas mahiyyət etibarilə təhsildə şəffaflığın qorunmasına, mühitin sağlamlaşmasına xidmət edir.

Gəlin, təhsil nazirinin imzası ilə təsdiq olunan  bir neçə  sənədə diqqət yetirək. Attestatların məzun olan bütün şagirdlərə verilməsi, müəllimlərin elektron qaydada vakansiyaları dəyərləndirərək imtahan verməsi, müəllimlik imtahanında balların aşağı salınmaması, məktəb direktoru olmaq istəyənlər üçün təlimlərin keçirilməsi və müvafiq təlimdən keçən şəxslərin direktor təyin edilməsi, xaricdə təhsil  almaq istəyənlərin elektron qaydada qeydiyyatı və prosesin videoyazı ilə izlənməsi, tələbə köçürmələrinin tam şəffaf şəkildə tənzimləyən prosedur, Bakı şəhərində fəaliyyət göstərən məktəblərin direktorlarına rəhbərlik etdiyi qurumun cari istismar xərclərini qarşılamaq üçün maliyyə kartlarının verilməsi və sair. Əslində bu siyahını uzatmaq üçün sadəcə olaraq onlarla həyata keçirilən tədbiri qeyd etmək olar. Məqsəd isə birdir - sağlam mühiti yaratmaq və onu qorumaq.

 Məktəb direktorundan məktəb liderinə 

Uzun illər ərzində apardığım müşahidəm onu deyir ki, məktəbə rəhbərlik edən şəxs öz keyfiyyətinə görə təhsil müəssisəsinin  həm uğurlarına, həm də təlim-tərbiyənin  keyfiyyətinin aşağı düşməsinə səbəbkar ola bilər. Məktəbi  idarə edənin ölçü  vahidi,  yanaşma tərzi  əgər şaqulidirsə,  ətaləti çox, ədaləti az, təşəbbüsü yoxdursa onda yeni məktəbdən danışmaq tezdir.

Digər tərəfdən,  biz Təhsilin inkişafı üzrə Dövlət Strategiyasında qeyd olunduğu kimi, yeni idarəetmə keyfiyyəti istəyiriksə, məktəb direktoru hesabatlılıq  və məsuliyyətin bölüşdürülməsi prinsipləri ilə məktəblərin idarə edilməsində şəffaflığın və aşkarlığın artırılmasını təmin etməlidir.

Bu sözlər pafos və ya bəlağət daşıyıcısı deyil, təhsilin yeni idarəetmə  fəlsəfəsinin alqoritmidir.

Beləliklə, təhsilin keyfiyyəti onun idarə edilməsindən, hər bir məktəbdə yaradılan  mühitdən,  bir sözlə, məktəbi idarə edənlərdən asılıdır. Burada yuxarıda qeyd edilən bir ifadəyə yenidən müraciət etmək lazım gəlir - şəffaflıq  və hesabatlılıq. Bu ifadələr aşağıdan yuxarıya idarəetmə fəlsəfəsinə çevrilməzsə, islahatlar  tam reallaşa bilməz. 

Hesabatlılıq, məsuliyyətin bölüşdürülməsi və şəffaflıq   

"Məktəb direktorları və məktəb direktoru olmaq arzusunda olan digər şəxslər üçün müasir peşə standartları əsasında təlimlər təşkil ediləcəkdir. Təlimi uğurla bitirən və imtahanda yüksək nəticə göstərib keyfiyyət sertifikatı almış şəxslər məktəb direktoru təyin olunacaqlar. Bu kateqoriyadan olan məktəb direktorlarının əməkhaqqına əlavələr təyin ediləcəkdir. Nəticə etibarilə müasir idarəetmə, hesabatlılıq və məsuliyyətin bölüşdürülməsi prinsiplərinin tətbiq edilməsi yolu ilə məktəblərin idarə edilməsində şəffaflığın və aşkarlığın artırılması təmin ediləcəkdir".

Bu hipoteza Təhsil Nazirliyinin yeni idarəetmə keyfiyyəti və təhsil qurumlarını idarə edənlərdən gözlədiyi peşəkar ölçülərdir.

İdarəçilikdə səmərəliliyin artırılması, məktəb mühitinin saflaşdırılması, müəllimlərin əməyinin qiymətləndirilməsi istiqamətində atılan addımların nəticələrinə gəlincə, bununla bağlı görüləsi işlər kifayət qədər çoxdur. Çünki təhsil sahəsində islahat qərarlarının verilməsi və nəticələrin ortada olması üçün müəyyən zamana ehtiyac olduğu təkzibolunmaz gerçəklikdir. Amma o da həqiqətdir ki, məhz bu islahatlardan sonra cəmiyyətdə və pedaqoji ictimaiyyətdə təhsilin keyfiyyətinin və gələcək inkişafının məktəb mühitinin sağlamlaşdırılmasından, düzgün idarəetmədən asılı olduğunu hər kəs daha aydın təsəvvür edir.

Bəzi hallarda məktəb rəhbərləri arasında öz fəaliyyətlərində ciddi qüsurlara yol verənlər var və yəqin ki, hələ bir müddət də belələri olacaq da. Hətta bəzən hansısa təlim-tərbiyə ocağında baş verən qüsurların aradan qaldırılması üçün təhsili idarə edən yuxarı təşkilatların özlərinə belə, qanunla müəyyən edilmiş nəzarət funksiyalarını yerinə yetirməyə maneçilik törətmək istəyənlər tapılır. Özü də maraqlısı budur ki, bütün bunlar "humanizm" yarlığı altında edilir. Məsələn, etibarlı mənbələrdən aldığım məlumata görə, Bakı Şəhəri üzrə  Təhsil İdarəsi (BŞTİ) Xəzər rayonundakı 136 nömrəli məktəbdə çox ciddi pozuntular  aşkarlayıb. Məlum olub ki, 2013/2014-cü və cari tədris illərində bu məktəbin 3 müəllimi və 4 xidməti işçisi  işə gəlmədikləri halda onlara əməkhaqqı hesablanıb. Ən qəribəsi odur ki, məktəbin direktoru işə gəlməyən işçilərin əvəzinə qeydiyyat jurnalında onların guya işdə olmasını "təsdiq edən" saxta imzaları möhürlə təsdiqləyib. Bundan başqa, direktor mövcud qanunvericiliyin tələblərinə zidd olaraq, sosial məzuniyyətdə olan müəllimin yerinə müvəqqəti işləyən işçi ilə bağlanmış müddətli əmək müqaviləsini ləğv etməyib və həmin işçini məktəbdə müəllim vəzifəsində saxlayıb.  

"Humanizm"in həmkar nümunəsi?! 

Mənbə onu da bildirir ki, 2014-2015-ci tədris ilində 136 nömrəli məktəbdə ibtidai təhsil üzrə yeni sinif komplektinin yaradılmasına baxmayaraq, direktor həmin vakant yer barədə təhsili idarə edən quruma  məlumat verməyib. Əvəzində həmin sinifdə dərslərin tədrisi Kəlbəcər rayonuna aid məktəblərin birində çalışan müəllimə həvalə edilib. Bundan başqa, direktor saxta sənədlər əsasında günüuzadılmış qrup "yaratmaqla" məktəbin idarə edilməsində daha bir saxtakarlığa yol verib. Halbuki məktəbdə günüuzadılmış qrup faktiki olaraq fəaliyyət göstərməyib. Həmçinin məktəbdə hazırkı tədris ilində fizika və informatika fənninə dair dərs saatları üzrə saxta əməkhaqqı hesablandığı üzə çıxıb. Hətta məktəbin bəzi müəllimlərinə dərs demədikləri siniflər üzrə fakültativ məşğələ hesabına dərslər verilib ki, bu da ciddi qanunsuzluq sayılır.

Hələ bu harasıdır. Qanunun yanından keçmək ənənəsi bir yana, apardığımız araşdırmalar zamanı o da məlum oldu ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsi 136 nömrəli məktəbin direktoru Lütfiyyə Qasımovanın işdən azad edilməsinə münasibət bildirilməsi üçün Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının Xəzər Rayon Komitəsinə təqdimat göndərib. Həmkarlar Təşkilatı Komitəsi isə direktorun şəxsi keyfiyyətlərini humanizm prinsipləri əsasında  "əsas" tutaraq onunla bağlanmış əmək müqaviləsinin ləğvinə razılıq verməyib. Humanizmin təntənəsinə bir bax!

Belə olan halda 136 nömrəli məktəbin direktoru barəsində toplanmış sənədlər hüquq-mühafizə orqanlarına göndərilib.

Bu faktları yazmaqla bir həqiqəti  ucadan demək istərdim. Təhsil cəmiyyət, toplum işidir. Əgər bir təhsil qurumunda şəffaflıq, dürüstlük qorunmursa, qanunun əvəzinə zərərli "vərdişlər" işləyirsə, o zaman nəinki məktəb idarəetməsi, eləcə də təhsil, tərbiyə mühiti də pozulur. Nəticədə təhsilin yeni idarəetmə fəlsəfəsi kölgə altına salınır.

Hörmətli oxucu, bu qeydlərim təhsil sahəsində son illər ərzindəki müşahidələrimin əks-sədasıdır. Əsas olan odur ki, mühitin sağlamlaşdırılması bü gün təhsil islahatlarının əsas qayəsini təşkil edir. Bu yolu getmək istəyənlər həm də Azərbaycanın sabahı üçün, övladlarının gələcəyi üçün çalışan insanlardır. Digər tərəfdən, təhsil həm də tərbiyə-mənəviyyat məsələsi olduğundan şəffaf olmayan, qeyri-dürüst məqamları bölüşmür. Təhsil missiyadır. Bu missiyanın əsas qüvvəsi müəllim, məktəbi idarə edən və öyrənən fərddir.

Bu gün məktəbi idarə edənlər qeyri-sağlam mühiti yaradan ənənəvi direktorlar olmamalıdır. Onlar yeni təhsil fəlsəfəsinin əsas məqamlarını dərk edə bilməsə,  nəinki özlərinə, bütövlükdə heç kimə kömək edə bilməyəcəklər. Bu aksiomadır.

 

Elxan SALAHOV

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov