"Mənim universitetim" layihəsinin budəfəki hədəfi
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət
Universitetidir
Rüfanə GÜNƏŞ, "Azərbaycan müəllimi"
r.qurbanova@muallim.edu.az
Azərbaycan
Dövlət Mədəniyyət və İncəsənət Universiteti başlanğıcını
1923-cü ildə Azərbaycan Maarif Komissarlığının qərarı
ilə yaradılan Bakı Teatr Məktəbindən götürüb. O dövrdə
M.F.Axundov adına Bakı Teatr Məktəbi təkcə Azərbaycan
üçün deyil, Özbəkistan, Türkmənistan, Dağıstan, Krım və
digər regionlar üçün də aktyor və rejissor kadrları
hazırlayırdı. 1945-ci ildə isə Teatr Məktəbinin
bazasında Teatr İnstitutu yaradıldı. 1953-cü ildə
Azərbaycan Dövlət Teatr İnstitutu Azərbaycan
Respublikası Mədəniyyət Nazirliyinin tabeliyinə
keçirildi və 1954-cü ildə instituta SSRİ xalq artisti
Mirzağa Əliyevin adı verildi. 1968-ci ildə bu ali
təhsil ocağı Azərbaycan Dövlət İncəsənət İnstitutu
adlandırıldı. 1991-ci ildə İncəsənət İnstitutu
respublika ali məktəbləri arasında ilk dəfə olaraq
universitet statusu qazandı. 1993-cü ildən Azərbaycan
Dövlət Mədəniyyət və İncəsənət Universiteti kimi
fəaliyyət göstərən bu ali məktəbdə 6 fakültə, 24 kafedra
mövcuddur, 19 ixtisas üzrə isə mütəxəssis hazırlanır.
Hazırda universitetdə 2233 tələbə təhsil alır. Onlardan
28-i xarici ölkə vətəndaşıdır. 2014-2015-ci tədris
ilində ADMİU-ya 586 nəfər bakalavr və magistr qəbul olub.
2014-cü ildə universiteti bitirən 516 nəfər məzundan 48
nəfəri magistr adını qazanıb. Universitetdə hazırda 133
magistrant, doktorant və dissertant təhsil alır.
ADMİU-da 19 nəfər elmlər doktoru, 31 professor, 108
nəfər fəlsəfə doktoru, 83 dosent, 17 nəfər xalq artisti,
3 nəfər xalq rəssamı, 27 nəfər əməkdar artist, 18
nəfər əməkdar incəsənət xadimi, 2 nəfər əməkdar
mədəniyyət işçisi, 3 nəfər əməkdar rəssam, 1 nəfər
əməkdar idman ustası, 2 nəfər əməkdar jurnalist, 6 nəfər
əməkdar müəllim, 1 nəfər əməkdar elm xadimi çalışır.
Ötən il universitet əməkdaşlarının xarici jurnallarda
10 məqaləsi dərc olunub. Ali təhsil ocağına 2 may
2014-cü ildən etibarən sənətşünaslıq üzrə elmlər doktoru,
professor Fərəh Əliyeva rəhbərlik edir.
Maddi-texniki
baza
Universitetin
2 tədris binası var. 2014-cü il yeni dərs ili üçün hər
iki tədris binası əsaslı təmir olunub, həyəti
abadlaşdırılaraq yaşıllaşdırma işləri aparılıb.
Bu tədris ilinin əvvəlindən iki yeni kompüter
auditoriyası yaradılıb. Auditoriyalar proyektorlarla
təchiz olunub.
Yeməkxana yenidən qurularaq tələbələrin istəyi və
səsverməsi ilə "Artbufet" adlandırılıb.
Universitetdə "Vernisaj" adlanan kiçik zal əsaslı təmir
olunaraq yeni avadanlıqlarla, royal ilə təmin olunub və
2014-2015-ci dərs ilində əksər tədbirlər, konsert və
seminarlar, ustad dərsləri, tanınmış rejissor,
teatrşünas, kinoşünaslarla görüşlər, yeni film baxışları
burada təşkil olunur. Hər iki tədris binasının divarları
universitetin müəllim və tələbələrinin rəsm əsərləri ilə
bəzədilib.
Universitetdə 2012-ci ildən studiya-pavilyon fəaliyyət
göstərir. Bu il studiya-pavilyon üçün yeni avadanlıqlar
alınıb və burada rejissor, operator ixtisası üzrə təhsil
alan tələbələrin işləməsi, kurs və diplom işlərinin
çəkilişləri üçün hər bir şərait yaradılıb.
İmtahan
sessiyası
Fakültələrdə
imtahan sessiyası müxtəlif formalarda aparılır. Nəzəri
fənlər üçün imtahan yazılı keçir. Aktyorluq, rejissorluq,
ifaçılıq, rəssamlıq kimi xüsusi qabiliyyət tələb edən
ixtisaslarda bir sıra fənlər üzrə imtahanlar tamaşa,
konsert, baxış formasında keçirilir. Belə imtahanlar
açıq şəkildə olur və onlarda yalnız komissiya üzvləri
deyil, tələbələr, univesitetin müəllimləri, valideynlər
də sərbəst şəkildə iştirak edə bilirlər. Bir sıra fənlər
üzrə imtahan biletlərində isə 4 sual nəzəri, 1 sual isə
praktik olur. Yəni, tələbə həmin suala cavab verərkən
fənnə aid tapşırığı əyani göstərir. İmtahan
sessiyasından əvvəl "İmtahan qərargahı" və "qaynar xətt"
xidməti yaradılır. Şikayəti olan tələbələr apelyasiya
komissiyasına müraciət edə bilər. Onların bütün
şikayətləri nəzərə alınır və obyektiv araşdırılır.
Kitabxana
Universitetin hər korpusunun öz kitabxanası var. Əsas
tədris binasındakı kitabxana bu il yaradılıb. Onun
fonduna Azərbaycan, rus və ingilis dillərində 8000-nə
qədər kitab daxildir. Kitabxana gündəlik mətbuatla
yanaşı, incəsənət və mədəniyyət sahəsi üzrə də bır sıra
qəzet və jurnallara abunədir. Kitabxanada oxu zalı
fəaliyyət göstərir ki, burada kompüterlər quraşdırılaraq
internetə çıxış təmin olunub və tələbələr istədikləri
vaxt dərslə bağlı informasiyaları internet vasitəsilə
əldə edə bilərlər. Oxu zalında monitor quraşdırılıb və
onun vasitəsilə xarici universitetlərin müəllimləri ilə
"açıq dərs"lər keçirilir. Bundan başqa, ustad dərsləri
və təlimlər də təşkil olunur.
Digər
korpusun kitabxanasında Azərbaycan və rus dillərində 59
min 400 adda kitab saxlanılır. 1525 nəfər oxucu
qeydiyyatdan keçib ki, onlardan da 1213-ü tələbədir.
Kitabxana müxtəlif qəzet və elmi jurnallara abunədir.
Burada 4 kompüter olan 40 nəfərlik oxu zalı fəaliyyət
göstərir. Müxtəlif fakültələrin tələbələrinin diplom
işləri kitabxanaya təqdim olunur. Hər dəfə yeni gələn
kitabların kitabxanada açıq sərgisi keçirilir. 2014-cü
ildə 2470 adda kitab alınıb.
Universitetin müxtəlif kafedralarının nəzdində də
kitabxanalar yaradılıb və həmin kitabxanaların fondunda
latın qrafikası ilə nəşr olunan bütün kitablar toplanıb.
Kinoşünaslıq kafedrasında dünya və Azərbaycan kino
nümunələrindən ibarət zəngin film fondu da vardır.
Elmi-tədqiqat
işləri
Universitetdə sənətşünaslığın 8 elmi istiqaməti üzrə,
ümumilikdə isə 11 istiqamət üzrə tədqiqatlar aparılır.
Dərslik, dərs vəsaiti, elmi-metodiki materiallar, elmi
tövsiyələr, məcmuələr üzərində işlənilir. Tədqiqat işi
hazırlanarkən keçirilən elmi konfranslar, seminarlar,
müşavirələr və nəşr olunan elmi məcmuələr
elmi-tədqiqat işi aparan professor-müəllimlərin elmi
potensialının inkişafına kömək edir, işlərinin
keyfiyyətinə müsbət təsir göstərir. Universitetin
professor-müəllim heyətinin aparmış olduğu
araşdırmalar müasir tələblər səviyyəsində qurulur və
günün vacib məsələlərini özündə əks etdirir.
2014-cü
ildə 20 kafedrada 118 nəfər professor-müəllim heyəti
tədqiqat işinə cəlb edilib və 116 adda elmi-tədqiqat
işi planlaşdırılıb. Onlardan 8-i dərslik, 3-ü dərs
vəsaiti, 2-si tədris vəsaiti və 103-ü elmi-tədqiqat
işidir. Qeyd edək ki, 2014-cü ilə planlaşdırılan 116
elmi-tədqiqat işindən 114-ü təhvil verilib. Bundan başqa,
ADMİU-da 2014-cü ildə 10 dərslik, 10 dərs vəsaiti, 5
metodik vəsait, 61 fənn proqramı, 9 monoqrafiya, 261
məqalə, 31 tezis dərc olunub.
Artıq 14 ildir ki, universitetin "Musiqi sənəti"
fakültəsi "Türksoylu xalqların musiqi mədəniyyətinin
tədqiqi problemləri"nə həsr olunan beynəlxalq
elmi-praktik konfrans keçirir. Konfrans
iştirakçılarının tezisləri də məcmuə şəklində dərc
olunur.
Universitetdə bu tədris ilindən Magistrantlar Şurası
yaradılmış və onun təşkil etdiyi "Disput klub"
fəaliyyətə başlamışdır. Klub doktorant, magistrant və
gənc tədqiqatçıların iştirakı ilə elmi tədqiqat işləri,
onların məqsəd və vəzifələri, ortaya qoyulan problem,
elmi tədqiqat işləri ilə bağlı müxtəlif mövzularda
seminarlar keçirilir. "Disput klub"un hər seminarına
fəxri qonaq qismində Ali Attestasiya Komissiyasından,
Azərbaycan Milli Elmlər Akademiyasından elm
nümayəndələri dəvət olunur.
Universitet Bolonya prosesinə qoşulmuş ali təhsil
müəssisələrində tyutorlara ciddi ehtiyac olduğunu
nəzərə alaraq 2014-2015-ci tədris ilində ilk dəfə tyutor
kursları təşkil edib. Təlim keçən 7 tyutor təhsilini
müvəffəqiyyətlə başa vurmuş və universitetdə işlə təmin
olunmuşlar.
Elmi
jurnalların nəşri
Universitetdə
"Mədəniyyət dünyası", "Azərbaycan Dövlət Mədəniyyət və
İncəsənət Universitetinin elmi əsərləri" adlı
elmi-nəzəri məcmuələr və "Mədəniyyət: problemlər və
perspektivlər" adlı doktorant və gənc tədqiqatçıların
respublika elmi konfransının materialları nəşr olunur.
Elmi topluların redaksiya heyətini
n tərkibinə yerli və xarici ölkələrin tanınmış elm və
incəsənət xadimləri daxildir.
1996-cı ildə ADMİU tərəfindən təsis edilən "Mədəniyyət
dünyası" elmi jurnalı və 2007-ci ildən nəşr olunan
"Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət
Universitetinin elmi əsərləri" "Azərbaycan
Respublikasında dissertasiyaların əsas nəticələrinin
dərc olunması tövsiyə edilən elmi nəşrlərin siyahısı"na
daxil edilib.
Tələbə
Elmi Cəmiyyəti
Tələbələrin elmi-tədqiqat işi mütəxəssis hazırlığı
keyfiyyətinin artırılmasına xidmət edir və tədris
prosesi ilə əlaqəli şəkildə aparılır. Universitetin
bakalavr və magistr pilləsi tələbələrinin, həmçinin
doktorant və dissertantların müasir metodologiyalara
əsaslanan müxtəlif elmi-tədqiqat işinin formaları
reallaşdırılır.
Tədris
ilində Tələbə Elmi Cəmiyyətinin əsas fəaliyyət
istiqaməti konfrans, seminar və "dəyirmi masa"ların
təşkilindən və respublikanın digər ali məktəblərində
təşkil olunan elmi tədbirlərdə iştirakdan ibarətdir.
Elmi-tədqiqat və yaradıcılıq-ifa işinin müxtəlif
sahələrinə universitetin bütün magistr tələbələri və bu
sahəyə həvəs göstərən bakalavr tələbələrin böyük bir
qismi cəlb olunur. Tələbələr elmi-tədqiqat və
yaradıcılıq-ifa işləri ilə universitet, respublika və
beynəlxalq səviyyədə təşkil olunan elmi konfrans,
seminar, fənn olimpiadaları, müsabiqə və yaradıcı
layihələrdə iştirak edirlər. Bu tədbirlər sırasına gənc
tədqiqatçı və tələbələrin konfranslarda uğurlu
çıxışlarını, məruzə və tezislərinin nüfuzlu elmi
nəşrlərdə dərc olunmasını, təhsildə və elmi-yaradıcılıq
sahəsində fərqlənən tələbələrə adlı təqaüdlərin
verilməsini və s. aid etmək mümkündür.
Ötən ilin noyabr ayında Rusiya İnformasiya Mədəniyyət
Mərkəzində "Azərbaycan və Rusiyanın mədəni əlaqələri"
mövzusunda elmi-praktik konfrans keçirilib. Dekabr
ayında isə kulturologiya fakültəsi üzrə "Mədəniyyət
sahəsində sosioloji tədqiqatların təşkili" fənni üzrə
tələbə tədqiqatlarının nəticələrinə dair elmi konfrans
təşkil olunub. Bundan başqa, ötən ilin dekabrında
ADMİU-nun professor - müəllim heyəti, Tələbə Elmi
Cəmiyyəti və "Azərbaycan Respublikası Dağlıq Qarabağ
bölgəsinin Azərbaycanlı İcması" İctimai Birliyinin
dəstəyi ilə "İşğal olunmuş mədəniyyətimiz" adlı
elmi-nəzəri-praktik konfrans keçirilib. Ötən il həmçinin
Bakı Slavyan Universitetində keçirilmiş "Müasir
tərcüməşünaslığın və mədəniyyətşünaslığın aktual
problemləri" adlı tələbə elmi-praktik konfransında
ADMİU-nun kulturologiya fakültəsinin tələbələri iştirak
ediblər.
2015-ci ilin yanvarında İnformasiya Mədəniyyət
Mərkəzinin təşkilatçılığı ilə kulturologiya fakültəsinin
III kurs tələbələri Salina Məmmədhüseynova və Ülviyyə
Hüseynova Mərkəzdə "Unudulmaz adlar" başlığı altında
Anton Pavloviç Çexovun anadan olmasının 155 illiyinə
həsr edilmiş ədəbi görüşdə çıxış ediblər.
Fevral ayında isə "MİRAS" Mədəni İrsin Öyrənilməsinə
Kömək İctimai Birliyi Gənclərin I Beynəlxalq Mədəni İrs
və Turizm Forumunu keçirib. Forumda ADMİU-nun tələbələri
sertifikatlarla təltif olunublar.
ADMİU 26 fevralda - Xocalı soyqırımının 23-cü ildönümünə
həsr edilmiş "Unutma. Unutdurma!" adlı elmi-praktik
konfrans keçirib. Universitetimiz 27 fevralda isə Bakı
Rusiya İnformasiya və Mədəniyyət Mərkəzində
"Azərbaycan-Rusiya tarixi-mədəni əlaqələri" mövzusunda
elmi-praktik konfrans təşkil edib.
Beynəlxalq əlaqələr
90 illik tarixə malik ADMİU Azərbaycanda incəsənət
təmayüllü universitetlər arasında ilk ali məktəbdir.
Bu ali təhsil ocağı Avropa İncəsənət Universitetlər
Liqasının (ELİA) üzvüdür. Bundan əlavə, universitet
2008-ci ildən Beynəlxalq Universitetlər Birliyinin,
2013-cü ildən isə Qafqaz Universitetlər Birliyinin
(KUNİB) üzvü seçilib.
Bu gün ADMİU ilə 23 xarici ölkənin 55 ali məktəbi
arasında sıx əlaqələr yaradılmış və onlardan 27-si ilə
müqavilə bağlanılmışdır.
Bu yaxınlarda ADMİU Türkiyənin İzzət Baysal
Universiteti, Gaziantep Universiteti arasında "Mövlanə"
mübadilə proqramına əsasən müqavilə imzalayıb.
Bu il universitetin kulturologiya fakültəsinin III
kurs sənətşünaslıq ixtisasında təhsil alan Ülviyyə
Hüseynova Azərbaycan və Vyetnam dövlətləri arasında
bağlanmış müqaviləyə əsasən Vyetnamın Hanoy şəhərində
"Azərbaycan və Vyetnam mədəniyyətlərinin paralelləri"
mövzusunda məruzə ilə çıxış etmiş və uğur qazanmışdır.
Bundan başqa, ADMİU-nun 10 tələbəsi, xalq rəssamı
Xanlar Əhmədov başda olmaqla Hindistanda "29 th
Surajkund İnternational Craft Mela" Beynəlxalq
festivalda Azərbaycanı təmsil ediblər. Festival 1-15
fevral tarixində Hindistanın Haryana ştatının Faridabad
şəhərində keçirilib. 15 gün davam edən sərgidə
tələbələrimiz xalça və qobelin nümunələrini nümayiş
etdiriblər və diplomlarla təltif olunublar.
Bu tədris ilinin uğurlarından biri də ADMİU-nun Bakı
Avropa Liseyi və "Tokyo Cinema" kinostudiyası ilə birgə
"Tokyo-Bakı-Cinema" Beynəlxalq Uşaq Məktəbinin
yaradılması olub. Bu məktəbin əsas məqsədi uşaqlarda
yeni düşüncə tərzini formalaşdırmaq, kino sənətinə
peşəkar marağın oyadılması, yüksək səviyyədə gələcək
kino kadrlarının yetişdirilməsidir ki, bu məktəbdə
uşaqlara dərslərin ADMİU-nun kino sahəsində böyük
təcrübəsi olan müəllimlər, eləcə də xarici mütəxəssislər
tərəfindən keçirilməsi nəzərdə tutulub.
"Səda" Tədris Teatrı
1962-ci ildə institutun nəzdində "Səda" Tədris Teatrı
yaradılıb. 1991-ci il fevral ayının 5-də tədris teatrını
yeni ünvana köçürmək barədə dövlət tərəfindən sərəncam
imzalanıb. Bu gün "Səda" Tədris Teatrının ikimərtəbəli
binası, 200 nəfərlik tamaşaçı zalı, geniş səhnəsi,
müxtəlif məşq otaqları vardır.
Bu illər ərzində Tədris Teatrının səhnəsində
M.F.Axundzadənin "Xırs quldurbasan", "Molla İbrahimxəlil
kimyagər", Ə.Haqverdiyevin "Dağılan tifaq",
Ü.Hacıbəylinin "O olmasın, bu olsun", "Arşın mal alan",
C.Cabbarlının "Od gəlini", "Aydın", "1905-ci ildə",
"Solğun çiçəklər", C.Məmmədquluzadənin "Ölülər",
S.Vurğunun "Vaqif", S.Rüstəmin "Qaçaq Nəbi", "Çimnaz
xanım yuxudadır", İ.Əfəndiyevin "Mahnı dağlarda qaldı",
"Büllur sarayda", J.B.Molyerin "Meşşanın zadəganlığı",
"Kəndçi adaxlı", "Mizantrop", V.Şeksprin "Otello", "On
ikinci gecə", N.Dumbadzenin "Unutma, ana" əsərləri,
eləcə də onlarca digər müəlliflərin pyesləri uğurla
tamaşaya qoyulub.
Tədris Teatrının spesifik xüsusiyyəti ondan ibarətdir
ki, o yarandığı gündən indiyədək sənət laboratoriyası
funksiyasını yerinə yetirir. Hər bir sənət müəllimi il
ərzində Tədris Teatrında diplom tamaşaları hazırlayır. O
cümlədən, tələbələr də I, II, III kurslarda kurs işləri
olan tamaşalar hazırlasalar da, sonda Tədris Teatrında
diplom tamaşaları ilə çıxış edirlər.
Son illər ərzində Tədris Teatrı bir çox tamaşalarla
müxtəlif xarici ölkələrin keçirdiyi beynəlxalq
festivallarda uğurla çıxış edərək, mükafat və
sertifikatlar almış, laureat adına, hətta incəsənət
sferasında ən böyük mükafat sayılan "Qran-pri"
mükafatına layiq görülmüşlər. Onlardan Cənnət Səlimova
və Fikrət Məlikovun hazırladığı Anton Pavloviç Çexovun "Üç
bacı" (İran İslam Respublikasının 20-ci Beynəlxalq
tələbə teatr festivalında), Ağakişi Kazımov və Hacı
İsmayılovun hazırladığı İlyas Əfəndiyevin "Unuda
bilmirəm" (Türkiyə Respublikasında İstanbul Kültür
Universitetində keçirilən 2-ci Uluslararası tələbə
festivalı), Vidadi Həsənovun hazırladığı "Təmas"
Gürcüstan Respublikasında Beynəlxalq Etüd festivalında
və "Adi əhvalat" adlı (Qazaxıstan Respublikası 1-ci
beynəlxalq tələbə festivalında) tamaşaları misal çəkmək
olar.
Tədris Teatrının bir xüsusiyyəti də ondan ibarətdir ki,
burada tez-tez tədbirlər, tələbə festivalları keçirilir,
gənc kinorejissorların, operatorların hazırladığı,
çəkdiyi işlər nümayiş olunur, diskussiyalar təşkil
edilir. Yaradıcılıq axtarışlarının təkmilləşməsi prosesi
də məhz burada həyata keçirilir.
Tədris Teatrının ənənələrindən biri də burada mütəmadi
olaraq tanınmış sənət adamlarının yaradıcılıq
gecələrinin keçirilməsidir. Xaricdən gələn sənətkarların
iştirakı ilə tələbələr üçün ustad dərsləri təşkil edilir.
Belə tədbirlərdə müxtəlif teatr rəhbərləri tələbələrin
diplom tamaşalarına baxıb perspektivli, istedadlı
tələbələri teatrlara cəlb edirlər.
Bundan başqa, teatr müxtəlif tədris ocaqlarının qonağı
olur. Ötən il dekabrın 28-də Lökbatan qəsəbəsi Ə. Əmirov
adına Mədəniyyət Sarayında "Elm çırağı" İctimai
Birliyinin təşkilatçılığı, Azərbaycan Dövlət Mədəniyyət
və İncəsənət Universiteti və "Səda" Tədris Teatrının
dəstəyi ilə Lökbatan qəsəbəsi 39 saylı Kardiorevmatoloji
Uşaq Sanatoriyasında müalicə və tərbiyə alan uşaqlar,
eləcə də Hemofiliyalı Xəstələrin Respublika
Assosiasiyasına üzv olan uşaqlar üçün bədii-əyləncəli
Yeni il şənliyi təşkil edilib.
ADMİU-nun "Səda" Tədris Teatrının repertuarında yer
alan, tələbələr tərəfindən yüksək sənətkarlıqla ifa
olunan V.Qoqolun "Evlənmə" tamaşası Respublika fizika,
riyaziyyat və informatika təmayüllü liseyin, M.Müşfiq
adına 18 nömrəli tam orta məktəbin, Azərbaycan Dövlət
Pedaqoji Kollecinin şagird və tələbələri, həmçinin 53
nömrəli tam orta məktəbin şagirdləri üçün
göstərilmişdir.
Martın 5-də isə Bilgəh qəsəbəsi 11 nömrəli inteqrasiya
təlimli internat məktəbinin şagirdləri üçün tamaşa
nümayiş etdirilib. Şagirdlərlə universitet
tələbələrinin bayram əhvali-ruhiyyəli görüşü
Azərbaycan Dövlət "Yuğ" Teatrında keçirilib.
Respublikanın əməkdar artisti Yaqut Paşayevanın
rəhbərlik etdiyi III kursun tələbələri J.B.Molyerin
"Skapenin kələyi" tamaşasını təqdim ediblər.
IV kurs tələbələrinin ifasında N.B.Vəzirovun "Ev
tərbiyəsinin bir şəkli" tamaşası aprelin 21-də
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət
İdarəçilik Akademiyasında nümayiş etdirilib və tamaşadan
əvvəl gənc müəllim, teatrşünas Elçin Cəfərov maraqlı
məruzə ilə çıxış edib.
Ustad
dərsləri
2014-2015-ci dərs ili çərçivəsində ADMİU-da tədris
olunan ixtisasların yeni metodologiyalarla
zənginləşdirilməsi məqsədi ilə "ustad dərsləri"
silsiləsinə start verilibdir.
İlk ustad dərsini Londonda yaşayıb fəaliyyət göstərən
caz-vokal ifaçısı Səbinə Hacıyeva verib. Bundan başqa,
30 oktyabr-3 noyabr tarixlərində "Bolonya sisteminin
incəsənət ixtisaslarının tədrisində tətbiqi" mövzusunda
universitetin professor-müəllim heyəti və idarəetmə
strukturunda çalışanlar üçün təlim məşğələləri təşkil
olunub.
Məşğələlərdə universitet rəhbərliyi tərəfindən dəvət
edilən, incəsənət yönümlü mütəxəssis hazırlığı ilə
məşğul olan, ali təhsil sahəsində Bolonya sisteminin
tətbiqi üzrə tanınmış ekspert, Gürcüstan Dövlət İlia
Universitetinin professoru, elmlər doktoru, İncəsənət
üzrə Tədqiqatlar İnstitutunun direktoru Levan Xetaquri
çıxış edib.
Noyabr ayında da ADMİU-da "Ustad dərsləri" layihəsi
çərçivəsində məşğələlər keçirilib. Bu məşğələlərdən
birini Barselona Teatr İnstitutunun teatr nəzəriyyəsi və
tarixi üzrə professoru Boris Daussa-Paster keçirib.
Hindistanda Kerala Kalamandalam Mədəniyyət və İncəsənət
Universitetində elmi tədqiqatlar aparan Boris Daussa
ustad dərsini cənubi Hindistanın ştatı olan Keralada
XVII əsrdə yaranan ənənəvi dramatik-rəqs sənəti
Katxakali ilə nəzəri tanışlığa və bu sənətin praktiki
tətbiqinə ayırmışdır.
ABŞ Beynəlxalq Teatr İnstitutunun və Təhsil Komitəsinin
vitse-prezidenti və Kolorado Universitetinin professoru
Piter Qoldfarb müasir aktyorun yetişməsi, yaratdığı
obraz, ona münasibəti, hazırlığı mövzusunda nəzəri və
praktiki məşğələlər aparıb. Teatr rejissoru, yazıçı
və bəstəkar, "Tumult İn the Clouds" teatr
şirkətinin bədii rəhbəri və "Cheek By Jow"
şirkətinin direktor müavini Patrik Kunen də
treninqlərini oyun şəklində apararaq tələbələrlə kiçik
tamaşa hazırlayaraq maraqlı ustad dərsləri keçiblər.
2014-cü il noyabr ayının 18-də ADMİU-da Belarus Dövlət
Mədəniyyət və İncəsənət Universitetinin Sosiomədəni
fəaliyyətin menecmenti kafedrasının professoru Yelena
Makarovanın iştirakı ilə "Mədəniyyət müəssisələri
əməkdaşlarının peşəkarlıq meyarları: müasir tələblər və
formalaşmış ənənələr" adlı seminar keçirilib. Seminarda
mütəxəssis sosial-mədəni sahələrin inkişafında fəaliyyət
mexanizminin yeni texnologiyalarının işlənməsi və kütlə
tərəfindən yeni mədəniyyətin yüksək mənimsəmə
səviyyəsini təmin edən kulturoloji maarifin effektiv
təşkili məsələlərindən danışılıb.
2014-cü ilin dekabr ayında ADMİU-nun "Ustad dərsləri"
layihəsi çərçivəsində Gürcüstan İncəsənət Akademiyasının
qrim üzrə mütəxəssisi, bir çox tanınmış beynəlxalq
layihələrin qrim ustası olan Anuka Murvanidze 4 gün
ərzində nəzəri və praktiki məşğələlər keçirib.
Xarici mütəxəssislərlə yanaşı, ADMİU-da 25 ildir ki
Türkiyədə yaşayıb fəaliyyət göstərən, Azərbaycan milli
xalq çalğı aləti olan balabanı dünyaya tanıdan, virtuoz
ifaçı Əlixan Səmədov ifaçılar üçün, Dövlət Pantomim
teatrının aktyoru və rejissoru Ceyhun Dadaşov isə
universitetin aktyor sənəti fakültəsində təhsil alan
tələbələr üçün V.E.Meyerxoldun "Biomexanika təlimi
əsasında aktyor tərbiyəsi" mövzusunda iki gün ustad
dərsləri keçmişlər.
ADMİU-da həmçinin onlayn ustad dərsləri də keçirilir.
Onlayn vasitəsi ilə Ümumrusiya Dövlət Kinematoqrafiya
Universitetinin professoru Leonid Vasilyeviç Konovalov
ilə əlaqə yaradılaraq qarşılıqlı fikir və təcrübə
mübadiləsi aparılmışdır. Ardıcıl olaraq bir neçə həftə
keçən onlayn dərslər - kino-foto işində materiallar,
rəngşünaslıq, nəzəri və təcrübi montaj, kinolent və
rəqəmsal informasiya daşıyıcıları ilə bağlı konkret
mövzular əsasında proqramlı şəkildə təşkil olunmuşdur.
İdman, Kino və Televiziya Filmləri Beynəlxalq
Federasiyasının (FICTS) Avropa və Asiya üzrə,
Türkiyədə İdman Filmləri festivalının rəhbəri,
200-dən artıq idman filminin rejissoru olan Can
Saraçoğlu da onlayn ustad dərsi verərək tələbələrlə
idman filmlərinin çəkiliş prosesi, düzgün,
professional çəkiliş heyətinin təşkili barədə
fikir mübadiləsi aparılmışdır.
Xaricdən universitetə ustad dərsləri və mühazirələrlə
çıxış etmək üçün dəvət olunmuş mütəxəssislərdən tanınmış
teatrşünas, Almaniyanın Teatr İnstitutu Mərkəzinin
direktoru, professor Yuri Alşitsi də qeyd etmək olar. O,
aktyor sənəti, rejissor sənəti və sənətşünaslıq
fakültələrinin tələbələrinə ustad dərsləri verərək
təlimlər keçirmişdir.
Böyük Britaniyanın tanınmış muzey eksperti, York
şəhərinin incəsənət departamentinin üzvü və York
İncəsənət Kollecinin direktoru Şirli Kollinin də 2015-ci
il 8-12 mart tarixləri arasında ADMİU-da ustad dərsləri
keçirilmişdir. "Ustad dərsləri" layihəsi çərçivəsində
muzey mütəxəssisi "Müasir muzey mütəxəssislərinin
hazırlanması: tədrisdə yeni məzmun və formalar", "Təhsil
və muzey işçilərinin akkreditasiyası: məqsəd və
vəzifələr (Böyük Britaniya təcrübəsi)" mövzularında
seminarlar, ustad dərsləri, nəzəri məşğələlər
keçirilmişdir.
Tələbə
Həmkarlar İttifaqı Komitəsi (THİK)
Təşkilat öz tərkibində 6 fakültəni təmsil edən 980
tələbəni birləşdirir. THİK-də 21 nəfərdən ibarət daimi
idarə heyəti fəaliyyət göstərir.
Komitə imkansız tələbələrin, eləcə də bir sıra
yarışlarda, bilik müsabiqələrində fərqlənən tələbələrin
gündəlik pulsuz nahar yeməyi ilə təmin edilməsi, onlara
birdəfəlik maddi yardımların göstərilməsi məsələləri ilə
məşğul olur, bununla da həm tələbələrin sıxıntılarının
aradan qaldırılmasına, həm də onların psixoloji
gərginliklərinin qarşısının alınmasına xidmət edir.
İmtahanlardan əla qiymətlər alan, ictimai işlərdə fəal
iştirak edən 3 tələbəyə Azərbaycan Təhsil İşçiləri Azad
Həmkarlar İttifaqı Respublika Komitəsinin adlı
təqaüdləri verilir. Komitə 2007-ci ildən etibarən Novruz
bayramı və Silahlı Qüvvələr Gününü mütəmadi olaraq
müxtəlif regionlarda yerləşən hərbi hissələrdə konsert
proqramı ilə qeyd edir. Hər il THİK və idman
kafedrasının birgə təşkilatçılığı ilə start götürən
"Fakültələrarası futbol çempionatı" keçirilir.
Muzey
Muzeydə müəllim və tələbələrin yaradıcılıq işlərindən
ibarət kolleksiyalar yer alıb. Rəngkarlıq, qrafika,
xalçaçılıq, zərgərlik, heykəltəraşlıq və keramika işləri
də fondda qorunub saxlanılır. Hazırda muzeyin fondunda
250-yə yaxın eksponat var.
ADMİU-da yeni dərs ilindən (2014-2015) etibarən
tələbələrin işlərindən ibarət sərgilər təşkil olunur.
Bura rəsm əsərləri, fotolar və müxtəlif əl işlərindən
ibarət sərgilər aiddir. Sərgilər ayrı-ayrı tələbələrin
olmaqla yanaşı, konkret bir kursun da işlərindən ibarət
olur. Sərgilərdə Azərbaycanın tanınmış rəssamları,
incəsənət nümayəndələri iştirak edir.
Bundan başqa, universitetin Təsviri sənət kafedrasının
müəllimləri, Azərbaycan Dövlət Rəssamlar İttifaqının
üzvləri Fəxrəddin Qəhrəmanlı, Tamilla Abdullayeva, Mətin
Şərifovun fərdi rəngkarlıq işlərindən ibarət sərgiləri
də təşkil olunmuşdur.
Tələbə işi
2014-cü ilin sentyabr ayında Azərbaycan Dövlət
Mədəniyyət və İncəsənət Universitetinin kulturologiya
fakültəsinin tələbələri Tural Ağayev və Tərlan
Dadaşzadə Rusiyanın Tomsk şəhərində keçirilən "Enaktus"
beynəxalq liderlik məktəbində iştirak ediblər. Maraqlı
məşğələ, treninq, mühazirələrlə keçən məktəbdə Rusiya,
Qazaxıstan, Azərbaycan, Qırğızıstan, Tacikistandan,
İspaniya, Çili, Niderland və Hindistandan nümayəndələr
iştirak edib. Tələbələr bundan əvvəl də "Enaktus"
yarışlarında iştirak edərək diplom və kuboka layiq
görülüblər. Tomsk Universitetində keçirilən liderlik
məktəbində də çox maraqlı və faydalı layihələri ilə
çıxış edən tələbələr hər kəsin diqqətini cəlb etməyi
bacararaq sertifikat alıblar.
Universitetin "Musiqi sənəti" fakültəsinin
İnstrumental ifaçılıq kafedrasının I kurs tələbəsi
Natəvan Dinikayeva "RENAISSANCE FESTIVALS"
yaradıcılıq mərkəzinin təşkil etdiyi "Christmas
Lights" ("Milad işıqları") adlanan XIV Beynəlxalq
festivalın çərçivəsində keçirilən müsabiqədə "İnstrumental
musiqi" nominasiyası üzrə qalib olub. Macarıstan,
Ukrayna, İsrail, Çin, Belarus, Rusiya və başqa
ölkələrin nümayəndələrinin iştirak etdiyi müsabiqə
Macarıstanın Balatonfüred şəhərində baş tutub.
İfaçının çıxışı münsiflər heyəti tərəfindən
ifaçılıq texnikası, repertuar seçimi və artistizm
meyarları üzrə dəyərləndirilib.
Yeni il ərəfəsində Azərbaycan Dövlət Mədəniyyət və
İncəsənət Universitetinin "Səda" Tədris Teatrında
tələbələrin ifasında dahi Azərbaycan şairi Nizami
Gəncəvinin "Leyli və Məcnun" poeması əsasında
hazırlanmış müzikl nümayiş olunub. Layihədə poemanın
süjet xəttinin çağdaş dövrümüzə uyğun olaraq təsvir
olunması diqqət çəkir. Belə ki, müzikl hip-hop, muğam,
meyxana və rep janrlarını özündə uğurla birləşdirə
bilmişdir.
Ötən ilin dekabrında ilk dəfə olaraq Azərbaycan Dövlət
Mədəniyyət və İncəsənət Universitetində dünya
dramaturgiyasının parlaq nümayəndələrindən olan
Uilyam Şekspirin 450 illik yubileyinə həsr olunmuş
beynəlxalq videofestival keçirilib. Festivalda tanınmış
dünya rejissorları ilə yanaşı, Azərbaycanın novator
teatr rejissoru Vaqif İbrahimoğlunun quruluş
verdiyi "Otello" tamaşası da nümayiş etdirilib.
Dekabr ayının 14-nə qədər davam edən videofestivalda
dünya kino və teatrının parlaq nümunələri tələbələrə
təqdim edilib.
ADMİU-nun "Aktyor sənəti ifaçılığının tarix və
nəzəriyyəsi" ixtisası üzrə təhsil alan I kurs magistr
tələbəsi Pərvanə Rzayeva ATV kanalında keçirilən "Aydın
səs" qiraətçilər müsabiqəsinin qalibi olub. Münsiflər
heyəti Azərbaycanın tanınmış incəsənət xadimlərindən
ibarət olan müsabiqəyə 500 nəfər qatılıb və onlardan 18
nəfəri 5 turda iştirak edib. Sonda 4 nəfər final
mərhələsinə keçərək birincilik uğrunda mübarizə
aparıb. İştirakçılar əruz, heca vəznlərində, sərbəst
şeirdə qabiliyyətlərini göstərərək, məşhur bədii
əsərlərdən monoloqlar söyləyib, dublyajda müxtəlif
obrazları canlandıraraq aktyorluq məharətlərini
sərgiləyiblər. Universitetin tələbəsi Pərvanə Rzayeva
final mərhələsində münsiflər heyəti tərəfindən 770
balla qiymətləndirilərək müsabiqənin qalibi elan
olunub.
2014-2015-ci dərs ilində universitetdə də tələbələr
arasında ilk dəfə olaraq "Bədii qiraət" və "Etüd"
müsabiqəsi keçirilib. Tələbələrin fəallıqla qatıldığı
hər iki müsabiqə 3 turda keçərək qaliblər münsiflər
heyəti tərəfindən müəyyən olunub. Qaliblər "Səda" Tədris
Teatrında keçirilən Qala gecədə mükafat və diplomlarla
təltif edilərək onlara qalibiyyət gətirən etüd və bədii
qiraət nümunələrini nümayiş etdiriblər.
ADMİU-da tələbələrin qrafik işləri və əl işindən
ibarət sərgi keçirilib ki, sərgidə I Avropa Oyunlarında
təmsil olunacaq idman növləri və Avropa Oyunlarına aid
30-a yaxın iş sərgilənmiş və bu sərgi Bakıda fəaliyyət
göstərən bir çox qurumlarda, eləcə də Yasamal Rayon
İcra Hakimiyyətində, orta ixtisas məktəblərində,
kolleclərdə, Azərbaycan Dövlət Pedaqoji Universiteti,
"Təfəkkür" Universiteti, Bakı Ali Neft Məktəbi və başqa
təhsil müəssisələrində nümayiş olunmuşdur.
ADMİU-da yeni dərs ilindən "Nə? Harada? Nə zaman?"
klubu da fəaliyyət göstərir. Universitetin iki komandası
2014-cü il oktyabr ayının 18-19-u Azərbaycan
İntellektual Klublar Assosiasiyası tərəfindən keçirilən
"Nə? Harada? Nə zaman?" yarışında iştirak edən
ümumilikdə 52 komandadan ilk 10-luqda yer almışdır.
Noyabr ayının 29-30-u isə 6 fakültənin komandasının
iştirakı ilə ADMİU-da fakültələrarası "Nə? Harada? Nə
zaman?" oyunu keçirilmişdir.
2015-ci il Gənclər günü ilə bağlı ADMİU-nun "Aktyor
sənəti" fakültəsinin II kurs tələbəsi Xədicə Novruzova
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
tərəfindən mükafata layiq görülmüşdür.
İdman
2013-2014-cü illərdə keçirilən kütləvi idman
tədbirlərində Tələbə Gənclik İdman Cəmiyyətinin təqvim
planında göstərilən 17 idman növünün 12-sində ADMİU-nun
tələbələri iştirak ediblər.
Universitetin müəllimlərdən ibarət idman komandası
Təhsil Nazirliyi və Təhsil İşçiləri Azad Həmkarlar
İttifaqı Respublika Komitəsinin birgə keçirdiyi ali
məktəblər arasında ulu öndər Heydər Əliyevin 90 illik
yubileyinə həsr olunmuş spartakiadasında 5 idman növü
üzrə iştirak edib.
Bundan başqa, ADMİU-da ulu öndər Heydər Əliyevin 90
illik yubileyinə həsr olunmuş fakültələrarası
spartakiada qol güləşi üzrə ADMİU-nun yığma komandası
Texniki Universitetin yığma komandası ilə yoldaşlıq
görüşü keçirib.
2015-ci il fevralın 20-də tələbələrin idman növlərinə
olan həvəsi və Bakıda keçirilən müxtəlif idman
tədbirlərində iştirak etmək üçün müraciətləri nəzərə
alınaraq ADMİU-da "Səda" idman klubu yaradılıb. Klubun
müdiri əməkdar məşqçi, professor Ağayusif Qurmanov təyin
olunub. Klub artıq ali məktəblər arasında nərd yarışı
təşkil edib.
ADMİU-nun "Səda" idman klubu universitetin Musiqi
sənəti fakültəsinin dosenti, respublikanın əməkdar
artisti, Azərbaycan Milli İdman Növləri Assosiasiyasının
və respublikanın "Nərd" Federasiyasının idarə heyətinin
üzvü, dəfələrlə universitetdə keçirilən nərd
yarışlarının qalibi Vamiq Məmmədəliyevin mükafatı
uğrunda professor-müəllim heyəti arasında açıq
birincilik keçirilib. 9 ali məktəbdən 82
professor-müəllimin qatıldığı yarışlarda I yerə
Azərbaycan İnşaat və Memarlıq İnstitutunun baş müəllimi
Minayə Xəlilova, II yerə ADMİU-nun dosenti, tanınmış
aşıq Əhliman Rəhimov (aşıq Əhliman) və III yerə Bakı
Slavyan Universitetinin baş müəllimi Şirinbər Əliyev
layiq görülüblər. Qaliblər kubok, medal və qiymətli
hədiyyələrlə mükafatlandırılıblar. Klubun təşkil etdiyi
bütün yarış və tədbirlər Azərbaycanın tanınmış və
qabaqcıl idmançıları, Avropa, dünya çempionlarının da
iştirakı ilə keçir.
Universitetdə "İlin müəllimi" müsabiqəsi keçirilir.
Müsabiqədə müəllimin ümumi fəaliyyəti və həmin ildə
etdiyi hər hansı bir yenilik nəzərə alınır. |