Aprelin
22-də Azərbaycan Müəllimlər İnstitutunda (AMİ) Dini
Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə
"Qeyri-ənənəvi dini cərəyanların təbliğat metodları və
onların qarşısının alınması yolları" mövzusunda konfrans
keçirilib.
Konfrans iştirakçıları əvvəlcə institutun nəzdində
fəaliyyət göstərən Heydər Əliyev Mərkəzini ziyarət edib,
ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətini əks
etdirən sərgi ilə tanış olub, büstü önünə əklil qoyublar.
Azərbaycan Müəllimlər İnstitutunun rektoru, professor
Aqiyə Naxçıvanlı iştirakçıları salamlayaraq bildirib
ki,Vətənimiz Azərbaycan zəngin mədəni-mənəvi irsə,
çoxəsrlik tolerantlıq ənənələrinə, nümunəvi dövlət-din
münasibətləri modelinə malikdir. Sivilizasiyaların
qovuşuğunda yerləşən ölkəmiz həmişə İslam dünyasının
tarixi-mədəni mərkəzlərindən biri olmuşdur. Azərbaycan
Respublikası dünyəvi dövlətdir və dini-mənəvi dəyərlərə,
ayrı-ayrı millətlərin dinlərinə hörmətlə yanaşılır.
Təəssüflər olsun ki, sözdə dini və milli tolerantlıqdan
bəhs edən bir sıra dövlətlər və beynəlxalq təşkilatlar
erməni vandalizminə heç bir münasibət bildirmirlər. Bəzi
dövlətlər islamı terrorçu din obrazında təqdim etməyə
çalışırlar.
Tarixən
Azərbaycanda heç zaman milli və dini zəmində
ayrı-seçkiliyin baş vermədiyini deyən rektor hətta
Azərbaycan xalqına və bütün türk dünyasına düşmən olan
ermənilərin belə Bakı şəhərində mövcud olan kilsəsinin
tarixi abidə kimi qorunduğunu və ehtiyac olduqda bərpa
edildiyini, ermənilər isə işğal etdikləri ərazilərimizdə
demək olar ki, bütün abidələrimizi, o cümlədən yüzlərlə
məscidimizi və qəbiristanlıqlarımızı dağıdaraq yer
üzündən sildiklərini diqqətə çatdırıb.
A.Naxçıvanlı vurğulayıb ki, Azərbaycan bir sivil dövlət
kimi dünyaya nümunədir, bəzi dövlətlər dinlərə,
millətlərə necə münasibət göstərməyi, multikulturalizmi,
tolerantlığı ölkəmizdən öyrənməlidirlər. Ölkəmizdə hər
hansı bir dinə qarşı radikal yanaşmalar yoxdur və əminik
ki, gələcəkdə də olmayacaqdır.
Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədri, tarix
elmləri üzrə fəlsəfə doktoru Mübariz Qurbanlı çıxışında
ölkədəki dini durum, dini icmaların fəaliyyəti,
dövlət-din münasibətləri barədə danışıb, ölkədə
qeyri-ənənəvi dini cərəyanların yayılmasının qarşısının
alınması üçün mühüm konfransların həyata keçirildiyini
vurğulayıb. Tələbələrin bu istiqamətdə
maarifləndirilməsinin ölkənin təhlükəsizliyi naminə
vacib olduğunu deyən komitə sədri bildirib ki, bəzi
dövlətlər əslində "İslamafobiya" adı altında qorxu
yaradaraq nəinki ayrı-ayrı dinləri, eyni zamanda dinlər
daxilindəki cərəyan və təriqətləri üz-üzə qoymaqla bütün
bəşəri sivilizasiyaları bir-birinə qarşı
radikallaşdırırlar. Bəziləri hətta çox sürətlə inkişaf
edən ölkəmizdə də təriqətlərarası radikallaşdırma
təbliğatı aparmağa belə çalışırlar. Lakin Azərbaycan
dövləti həmişə bütün dinlərə və mədəniyyətlərə qarşı
tolerantlıq nümayiş etdirir, ehtimal olunan hər hansı
xarici təxribatların qarşısını vaxtında alır. Dinindən,
irqindən, milliyyətindən asılı olmayaraq bütün
Azərbaycan vətəndaşlarının hüquqları qorunur.
Konfrans qarşılıqlı fikir mübadiləsi şəraitində davam
edib və təkliflər səsləndirilib.
Mətbuat və informasiya şöbəsi |