Aprelin
22-də Azərbaycan Memarlıq və İnşaat Universitetində (AMİU)
Çanaqqala zəfərinin 100-cü ildönümünə həsr olunmuş
tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə AMİU-nun rektoru,
professor Gülçöhrə Məmmədova 1915-ci il martın 18-də
Çanaqqalada gedən ağır döyüşlərdən və türk ordusunun
göstərdiyi qəhrəmanlıqlardan söhbət açıb. Bildirib ki,
bu savaşda türk əsgəri öz canından, qanından keçmiş,
lakin Vətənin düşmən tapdağı altında qalmasına yol
verməmişdir. Rektor diqqətə çatdırıb ki, 250 min türk
əsgərinin şəhid olduğu bu döyüşlərdə düşmən qoşunu ağır
itkilər verərək geri çəkilib, türk əsgərlərinin böyük
qəhrəmanlığı nəticəsində tarixi qələbəyə imza atılıb. Bu
savaşda, həmçinin türk qardaşları ilə birlikdə
çiyin-çiyinə düşmənə qarşı vuruşan 3 mindən çox
Azərbaycan oğlu da şəhid olub. Çanaqqala zəfəri bütün
türk xalqlarının qəhrəmanlıq tarixində əbədi yaşayacaq.
Türkiyənin Azərbaycandakı səfirliyinin təhsil müşaviri
Abdulqafur Büyükfırat çıxışına ulu öndər Heydər Əliyevin
"Biz bir millət, iki dövlətik" kəlamı ilə başlayaraq,
xalqlarımızın dostluq və qardaşlığının çox dərin tarixi
kökləri olduğunu vurğulayıb.
Milli
Məclisin deputatları Jalə Əliyeva və İlham Məmmədov
Çanaqqalada gedən ağır döyüşlərdən, Mustafa Kamal
Atatürkün başçılığı ilə türk ordusunun göstərdiyi
misilsiz şücaətlərdən söhbət açıblar.
Vurğulanıb ki, bu tarixi hadisələr Azərbaycan ilə
Türkiyə arasında dostluğun və qardaşlıq əlaqələrinin
daha da möhkəmlənməsində müstəsna rol oynayıb. Həmin
dövrdə baş verənlər bir daha təsdiq edir ki, eyni etnik
kökə, dilə, dinə malik olan iki qardaş xalqın sevinci
də, kədəri də birdir.
Sonra türkiyəli tələbələr şanlı Çanaqqala zəfərinə həsr
olunmuş şeir və mahnılar ifa ediblər. |