Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

25 Aprel 2015 - №14

 

Gənc tədqiqatçıların III beynəlxalq konfransı

 

Aprelin 17-18-də Qafqaz Universitetində ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş gənc tədqiqatçıların III beynəlxalq elmi konfransı keçirilib. Konfransın ilk iş günündəki açılış mərasimində ulu öndərin  xatirəsi bir dəqiqəlik sükutla anılıb, Azərbaycanın Dövlət himni səsləndirilib. Konfrans iştirakçıları  ümummilli liderin  həyat və fəaliyyətindən bəhs edən filmi izləyiblər.

Mərasimdə çıxış edən Qafqaz Universitetinin rektoru, professor Ahmet Saniç konfrans iştirakçılarını salamlayaraq  rəhbərlik etdiyi ali məktəbin elmin inkişafına və bu inkişafa xidmət edən dünya alimlərinin apardıqları tədqiqatlardan əldə etdikləri nəticələrin yüksək səviyyədə müzakirəsinə böyük önəm verdiyi üçün  hər il beynəlxalq  konfranslar keçirdiyini bildirib. Qeyd olunub ki,  həmin  konfranslar içərisində  ümummilli lider Heydər Əliyevin əziz xatirəsinə həsr olunan və onun doğum günü ərəfəsində üç ildir ki, ənənəvi davam edən gənc tədqiqatçıların beynəlxalq elmi konfransı xüsusi əhəmiyyət kəsb edir. Rektor diqqətə çatdırıb ki, bunun bir səbəbi müasir Azərbaycan dövlətinin memarı və qurucusu olan  ulu öndər Heydər Əliyevin və onun layiqli davamçısı Prezident İlham Əliyevin gənclərə və onların hərtərəfli inkişafına verdikləri xüsusi önəmdirsə, digər mühüm səbəb  günü-gündən çiçəklənən, öz stabilliyi və sürətli inkişafı ilə təkcə Qafqaz regionunda deyil, bütün dünya miqyasında önəmli yer  tutan Azərbaycan dövlətinin əldə etdiyi böyük nailiyyətləri gənclərin dilindən eşitmək və onları dünya ictimaiyyətinin nəzərinə məhz gənclərin dili ilə çatdırmaqdır. Çıxışının sonunda  konfransın təkcə Azərbaycan gənclərinin deyil, xarici ölkələrin gənc tədqiqatçılarının da böyük  marağına səbəb oldugunu deyən rektor onun işinə uğurlar arzulayıb.

BDU-nun elm və innovasiyalar üzrə prorektoru, AMEA-nın müxbir üzvü, professor Aydın Kazımzadə də konfrans iştirakçılarına səmərəli iş arzulayıb. Çıxışında konfransın əhəmiyyətini yüksək dəyərləndirən prorektor ulu öndər Heydər Əliyevin hələ ölkəmizdə hakimiyyətdə olduğu ötən əsrin 70-ci illərində elmin, təhsilin inkişafına böyük diqqət yetirdiyini, son illər yüksək inkişaf və tərəqqiyə çatmağımızda məhz o illərdə atılmış addımların mühüm rolu olduğunu vurğulayıb.

Təşkilat Komitəsinin adından çıxış edən dosent Babək Abbasov bildirib ki,   məqsədi dünyanın müxtəlif universitet, akademiya və elmi-tədqiqat institutlarında fəaliyyət göstərən gənc tədqiqatçıları bir araya gətirmək, əldə olunan elmi nailiyyət və təcrübələri paylaşmaq, problemləri təhlil etmək olan konfransa Azərbaycan, ABŞ, Böyük Britaniya, Çin kimi ölkələrdən 1300 məruzə tezisi daxil olub. Müvafiq  qiymətləndirmədən sonra onlardan 966-sı seçilərək konfransın proqramına daxil edilib və iki cilddən ibarət kitab şəklində çap olunub.

Sonra konfrans  21 istiqamət üzrə yaradılmış 5 bölmədə işini davam etdirib. 

Yusif ƏLİYEV,
"Azərbaycan müəllimi"

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov