Bakı Dövlət Universitetində mayın 18-19-da Bakıda
keçiriləcək III Ümumdünya Mədəniyyətlərarası Dialoq
Forumunun elmi təqdimatı keçirilib. Ölkəmizin
mədəniyyətlərarası dialoq, multikulturalizm və
tolerantlıq diyarı kimi tanınması, bununla əlaqədar
müvafiq beynəlxalq imicinin formalaşmasına yönəldilmiş
işlərin miqyasının genişləndirilməsi və bu sahəyə
respublika elmi ictimaiyyətinin səfərbər olunması
məqsədilə keçirilən tədbiri universitetin elm və
innovasiyalar üzrə prorektoru, professor Aydın Kazımzadə
açıb. Azərbaycan hökumətinin sözügedən istiqamətdə
gördüyü işlərin təqdirəlayiq olduğunu bildirən Aydın
Kazımzadə universitetin pedaqoji kollektivinin, bütün
elmi potensialının Azərbaycanın tanıdılması və nüfuzunun
artırılmasına xidmət edən forumun uğurla həyata
keçirilməsində yaxından iştirak etməyə hazır olduğunu
vurğulayıb.
Mədəniyyət və Turizm Nazirliyinin Beynəlxalq əməkdaşlıq
şöbəsinin müdiri Vasif Eyvazzadə, Elm, təhsil və
gənclərlə iş şöbəsinin elm sektorunun müdiri Asif
Usubəliyev qarşıda duran strateji hədəflər haqqında
məlumat veriblər. Qeyd edilib ki, Prezident İlham
Əliyevin təşəbbüsü ilə 2008-ci ildən həyata keçirilən
Bakı Prosesi və 2011-ci ildən ev sahibliyi etdiyimiz
Ümumdünya Mədəniyyətlərarası Dialoq forumları ölkəmizi
dünya mədəniyyətləri və xalqları arasında multikultural
ənənələrə sahib olan ölkə kimi təsdiq edib. Belə
tədbirlər Azərbaycan həqiqətlərinin dünyaya
çatdırılmasında misilsiz əhəmiyyətə malikdir və
ölkəmizlə bağlı ikili standartlar münasibətinə qarşı
effektiv silahdır. |