Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami
adına Ədəbiyyat İnstitutu 2014-cü ilin növbəti elmi
nəşrinin təqdimatını keçirib. Bu yeni elmi nəşr AMEA
Nizami adına Ədəbiyyat İnstitutunun elmi katibi,
ədəbiyyatşünas alim, filologiya elmləri doktoru,
professor Bədirxan Əhmədovun Elm və təhsil nəşriyyatında
yenicə çapdan çıxmış XX yüzil Azərbaycan ədəbiyyatı:
mərhələlər, istiqamətlər, problemlər monoqrafiyasıdır.
Nəşrin elmi redaktoru AMEA-nın vitse-prezidenti,
Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa
Həbibbəyli, elmi rəyçiləri isə AMEA-nın müxbir üzvü
Muxtar İmanov və filologiya elmləri doktoru, professor
Tehran Mustafayevdir.
Nizami adına Ədəbiyyat İnstitutunun Elektron akt zalında
keçirilən təqdimat mərasimini giriş sözü ilə açan
akademik İsa Həbibbəyli ədəbiyyatın dövrləşdirilməsi
baxımından XX əsrin əvvəlləri Azərbaycan ədəbiyyatı
mərhələsinin hüdudlarının müəyyənləşdirilməsi
məsələsinin əhəmiyyətini və bu mərhələyə yenidən diqqət
yetirilməsinin zəruriliyini diqqətə çatdırıb.
Qeyd edilib ki, monoqrafiyada dövrün ictimai-siyasi,
tarixi, ədəbi şəraiti obyektiv olaraq araşdırılır,
ayrı-ayrı mərhələlərin xüsusiyyətləri aydınlaşdırılır və
bu dövrün ədəbi məhsullarına yeni baxış ifadə edilir.
Bir tərəfdən ədəbi prosesdə baş verən hadisələr
müqayisəli faktlar müstəvisində təhlil edilərək
tədqiqatçı münasibəti bildirlir. Digər tərəfdən
ədəbiyyat tariximizdə özünəməxsus mövqeyi olan yazıçı,
şair və dramaturqların ədəbi prosesə təsir qüvvəsini,
dərəcəsini əks etdirən əsərlər geniş təhlil edilir.
Kitab müəllifi problemə kompleks yanaşaraq ədəbi
şəxsiyyətlərin tərcümeyi-hal materiallarını da diqqət
mərkəzinə çəkir.
Filologiya elmləri doktoru, professor Şirindil Alışanlı
çıxışında professor Bədirxan Əhmədovun XX əsrin
ədəbi-elmi mənzərəsini yaratmağa nail olduğunu
vurğulayıb.
Təqdimat mərasimində Milli Məclisin deputatı, AMEA-nın
müxbir üzvü, professor Nizami Cəfərov, AMEA Humanitar
Elmlər Bölməsinin akademik-katibi, akademik Teymur
Kərimli, Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad
Məcid, Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov,
filologiya elmləri doktorları, professorlar Cahangir
Məmmədli, Məmməd Əliyev, Məhərrəm Qasımlı, Himalay
Qasımov, Qəzənfər Paşayev, Kamran Əliyev, Alxan
Məmmədov, Nizami Məmmədov, Tahirə Məmməd, Vaqif Yusifli
və başqaları çıxış ediblər.
Sona İBRAHİMOVA,
AMEA Nizami adına Ədəbiyyat İnstitutu
"Elmi informasiya və tərcümə" şöbəsinin əməkdaşı |