Azərbaycan
Respublikasının təhsil naziri Mikayıl Cabbarovun müvafiq
əmri ilə təhsilin təşkili, idarəolunması və kadr
hazırlığı sahəsində uzun müddət səmərəli fəaliyyətlərinə
görə Ağdaş Dövlət Humanitar Kollecinin direktoru Tənzilə
Şıxıyeva və Şuşa Musiqi Kollecinin direktoru Eldar
Əliyev "Azərbaycan Respublikası Təhsil Nazirliyinin
Fəxri Fərmanı" ilə təltif olunublar.
Aprelin 23-də Təhsil Nazirliyində Tənzilə Şıxıyeva və
Eldar Əliyevə "Azərbaycan Respublikası Təhsil
Nazirliyinin Fəxri Fərmanı" təqdim olunub.
Azərbaycan Respublikası təhsil nazirinin müavini Firudin
Qurbanov təltifləri təqdim edərək hər iki orta ixtisas
təhsili müəssisəsinin zəngin inkişaf yolu keçdiyini
bildirib və müvafiq sahələr üzrə kadr hazırlığı
baxımından mühüm uğurlar qazandığını vurğulayıb,
tədrisin təşkilində əldə etdikləri nailiyyətlərə və
səmərəli fəaliyyətlərinə görə müəssisə rəhbərlərinə
təşəkkürünü bildirib. Tənzilə Şıxıyeva və Eldar Əliyev
onlara göstərilən diqqət və qayğıdan razı qaldıqlarını
söyləyib, Təhsil Nazirliyinin rəhbərliyinə
minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, Tənzilə Şıxıyeva və Eldar Əliyev
çalışmanın yaş həddi ilə bağlı öz ərizələrinə əsasən
tutduqları vəzifədən azad ediliblər.
Tənzilə Şıxıyeva və Eldar Əliyev kollec direktoru
vəzifəsində 35 ilə yaxın səmərəli fəaliyyət göstəribər.
Onların əməyi dövlət səviyyəsində layiqincə
qiymətləndirilib. Təhsilin inkişafındakı xidmətlərinə
görə Azərbaycan Respublikası Prezidentinin Sərəncamları
ilə Tənzilə Şıxıyeva 2005-ci ildə "Tərəqqi" medalı ilə
təltif edilib, 2011-ci ildə "Əməkdar müəllim" fəxri adı
alıb. Eldar Əliyev isə 2008-ci ildə "Azərbaycan
Respublikasının əməkdar incəsənət xadimi" fəxri adına
layiq görülüb. |