Nizami rayon Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin "Rəsm"
studiyasında məşğul olan xüsusi qayğıya ehtiyacı olan 6
nəfər dərnək üzvünün - Nərmin Hümbətzadə, Lalə Həsənova,
Nigar Məmmədova, Əli İsgəndərli, Vüsal Salmanlı və Nihad
Vəliyevin "Abşeron" rəsm qalereyasında "Rənglərin dili
ilə" adlı rəsm sərgisi keçirilib.
Sərgidə "Rəsm" studiyasının rəhbəri Nərmin
Abdullayevanın rəhbərlik etdiyi dərnək üzvlərinin 60-a
yaxın rəsm işi - milli və müasir üslubda işlənmiş
kompozisiyalar, portretlər, təbiət rəsmləri, dekorativ
kompozisiyalar nümayiş olunub. Bütün işlər rəngkarlıq
və qrafika janrlarında işlənib.
Sərgidə Rəssamlar İttifaqının sədr müavini, professor,
xalq rəssamı Ağaəli İbrahimov, "Abşeron" Rəsm
Qalereyasının direktoru Eldəniz İbrahimov, Uluslararası
Aktivist Sanatçılar Birliyinin Azərbaycan üzrə başkanı
Nevai Metin və valideynlər, dərnək üzvləri iştirak
ediblər. Mərkəzin direktoru Lalə Qəti gənc rəssamlara
nümunəvi əl işlərinə görə fəxri fərman və hədiyyələr
təqdim edib.
Sifai SƏFƏROVA,
"Azərbaycan müəllimi" |